8 Noyabr – Şuşa şəhəri günü xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış şanlı Qələbə günüdür. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərini işğaldan azad etdi. Bu, yalnız hərbi zəfər deyil, həm də milli qürur, azadlıq və ədalətin bərpası idi. Şuşa, əsrlər boyu Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin beşiyi kimi tanınmış, Vətənimizin mənəvi paytaxtı olmuşdur.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu tarixi hadisə barədə demişdir:
“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik.”
Şuşanın azad olunmasından sonra şəhərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılmışdır. 2021-ci ildə Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının “2022-ci il üçün turizm paytaxtı” elan edilmişdir. Bu qərar Şuşanın zəngin tarixi, mədəni irsi, təbiət gözəllikləri və turizm potensialının beynəlxalq miqyasda təsdiqi oldu.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” şəhərin bərpası və müasir şəhər kimi inkişafını nəzərdə tutur. Bu plan çərçivəsində infrastruktur layihələri, yaşayış və sosial obyektlər, turizm və mədəniyyət ocaqlarının bərpası və yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Şuşa öz tarixi simasını qorumaqla bərpa olunur və gələcəyə inamla addımlayır.
Tarixən Şuşa Azərbaycanın ictimai, siyasi və mədəni həyatının aparıcı mərkəzlərindən biri olub. Burada böyük şairlər, bəstəkarlar, alimlər yetişmiş, milli ruhun, musiqinin və poeziyanın səsi dünyaya yayılmışdır. Şuşa həm də Azərbaycan musiqisinin rəmzi, muğam sənətinin beşiyidir.
Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyev dəfələrlə Şuşa şəhərinə səfər etmiş, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə şəxsən tanış olmuşdur. Bu səfərlər Şuşanın dirçəliş tarixində mühüm mərhələlər təşkil edir.
14.01.2021 – Dövlət Bayrağının ucaldılması, hərbiçilərlə görüş, dağıdılmış mədəniyyət ocaqlarına baxış, Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün büstlərinin qoyulması, Aşağı və Yuxarı Gövhərağa məscidlərinin ziyarəti, Cıdır düzünə və digər tarixi yerlərə baxış.
15.01.2021 – Cıdır düzünə baxış.
16.03.2021 – Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində bərpa işləri ilə tanışlıq, Pənahəli xanın Sarayına baxış, Karvansaray kompleksində bərpa işləri, “Qarabağ” mehmanxanasında və digər mədəniyyət obyektlərində aparılan yenidənqurma işləri ilə tanışlıq.
20.03.2021 – Şuşada Novruz tonqalının alovlandırılması mərasimi.
12–13.05.2021 – “Xarıbülbül” hotelinin və 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışı, yeni məscidin təməlqoyması, 1 saylı məktəbin təməlqoyma mərasimi, “Xarıbülbül” musiqi festivalının keçirilməsi.
14.06.2021 – Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun Daşaltı hissəsində tunelin təməlqoyma mərasimi.
15.06.2021 – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya rəsmi səfəri, “Şuşa Bəyannaməsi”nin imzalanması, iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin yeni mərhələyə yüksəlməsi.
29–30.08.2021 – “Qarabağ” hotelinin və Vaqifin muzey-məqbərə kompleksinin açılışı, Üzeyir Hacıbəylinin heykəlinin və ev-muzeyinin bərpası, Şuşa şəhərinin Baş planının təqdimatı, Vaqif Poeziya Günlərinin açılışı.
Bu səfərlər və həyata keçirilən layihələr Şuşanın təkcə bərpası deyil, onun mədəni, iqtisadi və turizm mərkəzi kimi yenidən doğulmasını təmin edir. Şuşa artıq regionun mühüm mədəniyyət paytaxtına çevrilir. Burada keçirilən “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri”, beynəlxalq tədbirlər şəhərin yeni həyatının göstəricisidir.
8 Noyabr – Şuşa şəhəri günü Azərbaycanın ərazi bütövlüyünün bərpasının, xalqımızın milli həmrəyliyinin, qəhrəman ordumuzun şücaətinin rəmzidir. Şuşa azad olunmaqla yalnız bir şəhər deyil, xalqın qüruru, kimliyi və ruhu azad olundu.
Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi