PDF Oxu

Siyasət

  • 955

"Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir" - Zaur Şükürov

"Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir" - Zaur Şükürov

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və parlament diplomatiyasının fəallaşması ölkəmizin müxtəlif regionlarla əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradır.SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Zaur Şükürov bugünkü plenar iclasda çıxışı zamanı deyib.Deputat əvvəlcə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, forum çərçivəsində aparılan müzakirələr və Milli Məclislə Özbəkistan Ali Məclisi arasında 2027–2028-ci illər üçün imzalanmış parlamentlərarası əməkdaşlığın inkişafına dair Yol Xəritəsi iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək.Zaur Şükürov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində ölkənin beynəlxalq nüfuzu və etibarlı tərəfdaş kimi mövqeyi güclənir. Onun sözlərinə görə, son aylarda Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, dövlət başçısının xarici səfərləri və müxtəlif ölkələrin xarici işlər nazirlərinin Azərbaycana səfərləri bu marağın göstəricisidir.Deputat Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin inkişafına da diqqət çəkib. O xatırladıb ki, 2022-ci il noyabrın 23-də Kambocada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasında Azərbaycan Milli Məclisinə müşahidəçi statusu verilib.Zaur Şükürov bildirib ki, AİPA-nın daxili prosedurlarına əsasən, bu statusla bağlı müraciətlər adətən iki-üç il ərzində araşdırılsa da, Azərbaycanın müraciətinə prioritet qaydada baxılaraq dəstək verilib. Deputat bu qərarı Azərbaycanın xarici siyasətinin və parlament diplomatiyasının nəticəsi kimi qiymətləndirib.O, həmçinin noyabrın 17-20-də AİPA-nın 47-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Filippinə səfər etdiyini bildirib. Deputatın sözlərinə görə, səfər çərçivəsində keçirilən görüşlərdə və AİPA-Azərbaycan dialoqunda təşkilata üzv parlamentlərin nümayəndələri Azərbaycanda gedən inkişaf proseslərinə və ölkənin qlobal miqyasda artan roluna müsbət münasibət ifadə edərək, ikitərəfli əlaqələrin inkişafına maraq göstəriblər.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər