PDF Oxu

Siyasət

  • 1 107

"TRİPP Azərbaycanın coğrafi üstünlüyünü böyük iqtisadi və diplomatik təsirə çevirmək imkanını gücləndirəcək" - DEPUTAT

"TRİPP Azərbaycanın coğrafi üstünlüyünü böyük iqtisadi və diplomatik təsirə çevirmək imkanını gücləndirəcək" - DEPUTAT

“TRIPP layihəsinin reallaşması Azərbaycanın Cənubi Qafqazda geosiyasi çəkisini artırmaq üçün mühüm imkan yaradır. Məncə, bunun əsas səbəbi Azərbaycanın həm regional nəqliyyat əlaqələrində, həm də bu əlaqələr ətrafında formalaşan iqtisadi əməkdaşlıqda rolunun güclənməsidir".Bu fikirlər Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili SİA-ya açıqlmasında bildirib.T.Mirkişili qeyd edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz bağlantının yaradılması layihənin başlıca məqsədlərindən biridir:"Bu, ölkəmiz üçün uzunmüddətli strateji əhəmiyyət daşıyır. İqtisadi baxımdan belə bir bağlantı Naxçıvanın bazarlara çıxışını genişləndirə, daşımaları asanlaşdıra və Avropa, Türkiyə istiqamətində əlavə nəqliyyat imkanları yaradır. Orta Dəhlizlə əlaqəli yeni marşrutların açılması isə Azərbaycanın liman, dəmir yolu və logistika infrastrukturunun əhəmiyyətini yüksəldir. Burada qazanc yalnız tranzit haqqından ibarət deyil. Anbar təsərrüfatı, emal, ticarət və xidmətlər üçün də yeni imkanlar yarana bilər. Təbii ki, bu imkanların real gəlirə çevrilməsi tariflərin rəqabətqabiliyyətli, sərhəd prosedurlarının sürətli və daşımaların etibarlı olmasından asılı olacaq.Geosiyasi baxımdan əsas nəticə odur ki, Azərbaycan üzərindən keçən bağlantılara ehtiyac artdıqca, ölkəmizlə sabit və uzunmüddətli tərəfdaşlığa maraq da artacaq. Bu, Bakının regional danışıqlarda mövqeyini möhkəmləndirə və xarici siyasət imkanlarını genişləndirə bilər. Eyni zamanda, Azərbaycan və Ermənistanın işlək iqtisadi əlaqələrdən faydalanması sülhün qorunması üçün əlavə maraq yaradır. Yolun fəaliyyətindən gəlir əldə edən tərəflər üçün münasibətlərin yenidən gərginləşməsinin iqtisadi qiyməti də yüksəlir.ABŞ-ın 74 faizlik iştirakına gəldikdə, bunu Vaşinqtonun regiondakı strateji maraqlarının genişlənməsi kimi qiymətləndirmək olar. Ancaq rəqəmin nəyi ifadə etdiyini dəqiq demək vacibdir: söhbət TRIPP-in inkişaf şirkətində ABŞ tərəfi üçün nəzərdə tutulan 74 faizlik nəzarət payından gedir. Sazişdə Ermənistanın öz ərazisi, sərhəd və gömrük əməliyyatları üzərində suveren səlahiyyətləri saxlanılır.Mənim qiymətləndirməmə görə, bu iştirak dünya ticarətində mühüm paya malik ABŞ-ın diplomatik marağını uzunmüddətli iqtisadi maraqla birləşdirir. Vaşinqton layihənin uğurunda birbaşa maraqlı tərəfə çevrilir. Transxəzər ticarətinə, yeni bazarlara və təchizat zəncirlərinə çıxışın genişləndirilməsi də ABŞ-ın açıqlanmış məqsədləri sırasındadır. Bu baxımdan TRIPP-in əhəmiyyəti Cənubi Qafqazın hüdudlarından kənara çıxır.Artıq nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə sı Azərbaycan–ABŞ–Ermənistan texniki planlaşdırma qruplarının yaradılması konkret məsələlərin müzakirəsinə keçildiyini göstərir. Azərbaycanın əsas marağı bu prosesin işlək infrastruktura, yeni iqtisadi imkanlara və davamlı sülhə çevrilməsidir. TRIPP uğurla həyata keçirilərsə, Azərbaycanın coğrafi üstünlüyünü daha böyük iqtisadi və diplomatik təsirə çevirmək imkanını gücləndirəcək".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər