Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər uzun illərdir torpaq sahələrinin sənədləşdirilməsində çətinliklərlə üzləşən vətəndaşların mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə imkan yaradacaq.SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli açıqlamasında deyib.Deputat bildirib ki, təklif olunan dəyişikliklər xüsusilə 2006-cı ildən sonra əldə edilmiş torpaq sahələri ilə bağlı sənədləşmə problemlərinin aradan qaldırılması baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, həmin dövrdən sonra müvafiq dövlət qurumları və bələdiyyələr tərəfindən verilmiş plan-ölçü sənədlərinin ilkin baza sənədləri kimi qəbul edilməməsi bir sıra vətəndaşlar üçün çətinliklər yaradırdı.Müşfiq Məmmədli qeyd edib ki, bu vəziyyət həm uzun illər mövcud olan tikililərin sənədləşdirilməsinə, həm də vətəndaşların torpaq sahələri üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməsinə mane olurdu. Yeni dəyişikliklərə əsasən, vətəndaşlar müvafiq sənədlərlə dövlət orqanına müraciət etdikdən və sənədlər qiymətləndirildikdən sonra torpaq üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarış əldə edə biləcəklər.Deputatın sözlərinə görə, bu dəyişikliklərin əhəmiyyəti yalnız torpaq sahəsinə çıxarış verilməsi ilə məhdudlaşmır. Belə ki, mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi həmin ərazilərdəki digər daşınmaz əmlakın sənədləşdirilməsinə, kredit əldə etmək üçün əmlakın girov qoyulmasına və vərəsəlik hüququnun həyata keçirilməsinə də şərait yaradacaq.O bildirib ki, xüsusilə Xızı, Siyəzən və Quba rayonlarında bu problemlərlə bağlı vətəndaşların çoxsaylı müraciətləri qeydə alınır. Mülkiyyət hüququnun rəsmiləşdirilməməsi yeni və mövcud tikililərin sənədləşdirilməsi, eləcə də elektrik, qaz və digər kommunal xidmətlərə qoşulma zamanı çətinliklər yaradır.Müşfiq Məmmədli vurğulayıb ki, qanunvericiliyə təklif olunan dəyişikliklər bu maneələrin aradan qaldırılmasına, vətəndaşların iqtisadi imkanlarının genişlənməsinə və dövlət-vətəndaş etimadının güclənməsinə töhfə verəcək.
Müəllif: Günel Fərzəliyeva