Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. Artıq 2010-cu ildən etibarən hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənə ilə qeyd olunur.
Bu əlamətdar günün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixi ilə sıx bağlıdır. Belə ki, Cümhuriyyətin üçrəngli Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Bakıda keçirilən hökumət iclasında qəbul edilmiş və həmin gün Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılmışdır. Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən tarixi sessiyada yenidən zala gətirilərək ucaldıldı. Beləliklə, dahi dövlət xadimi Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş bayrağını gələcək müstəqil Azərbaycanın Dövlət Bayrağına çevirdi. Qısa müddət sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə həmin üçrəngli bayraq müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiqləndi.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin və dövlətçilik rəmzinin ən ali göstəricisinə çevrildi. Üçrəngli, ay-ulduzlu bayrağımızın hər bir yüksəklikdə dalğalanması xalqımızın çətin, lakin şanlı mübarizə yolu ilə qazanılmış qürur simvoludur. Bu müqəddəs bayraq minlərlə Vətən övladının canı, qanı bahasına ucaldılmış şərəf və qürur abidəsidir.
Ümummilli Lider Heydər Əliyev bu müqəddəs rəmzə verdiyi dəyəri öz sözlərində belə ifadə etmişdir:
“Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü arzulayırsa, o, bu bayraq altında birləşməlidir.”
Məhz bu ali çağırış 44 günlük Vətən müharibəsində xalqımızın birliyinin rəmzinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz torpaqlarımızı işğaldan azad edərkən üçrəngli bayrağımız Cəbrayıldan Şuşayadək hər bir yüksəklikdə, hər bir azad edilən kənd və şəhərdə ucaldıldı. Əsgər və zabitlərimiz “Təki Vətən sağ olsun!” deyərək hər bir zəfər anını bayrağımızla möhürlədilər.
Bu gün Müqəddəs bayrağımız artıq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Hadrut, Suqovuşan, Şuşa, Xankəndi, Xocalı, Xocavənd və digər azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Prezident İlham Əliyevin dediyi kimi,
“Bizim bayrağımız Azərbaycanın hər bir guşəsində, hər bir şəhər və rayonunda, o cümlədən Şuşada dalğalanacaqdır.”
Bu gün biz qürurla deyə bilərik ki, həmin vəd artıq tam gerçəkləşib – üçrəngli bayrağımız 180-dən çox dövlətin bayraqları ilə bir sırada beynəlxalq arenalarda və azad Qarabağ səmasında əzəmətlə dalğalanır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu tarixi missiyanı yerinə yetirməklə Ulu Öndər Heydər Əliyevin vəsiyyətini layiqincə həyata keçirdi, onun azad, bütöv və güclü Azərbaycan arzularını reallığa çevirdi.
Bu gün 2025-ci ildə, müstəqilliyini daha da möhkəmləndirən, qələbə və quruculuq dövrünü yaşayan Azərbaycan Respublikası Dövlət Bayrağı Gününü Zəfər ruhu və ifti xar hissi ilə qarşılayır.
Ümummilli liderimiz tərəfindən 1990-cı ildə Naxçıvanda ucaldılan üçrəngli bayrağımız bu gün bütöv Azərbaycanın hər bir bölgəsində əbədi dalğalanır və əbədiyyətin simvoluna çevrilmişdir.