Bakıxanov qəsəbəsi, “R.Qəmbərov küçəsi 2” ünvanı üzrə (ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kolleci) ərazi partiya təşkilatında 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu Rayon Təşkilatı aparatının məsləhətçisi Altun İbrahimov bildirib ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərərək düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamları qısa müddətdə darmadağın etdi. Müzəffər ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Vurğulanıb ki, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan öz hərbi, siyasi və diplomatik gücünü nümayiş etdirməklə yanaşı, yeni bir Azərbaycan modeli təqdim edib.
Çıxış edən kollecin direktoru Zümrüd Vəliyeva qeyd edib ki, 2020-ci ildə əldə olunan tarixi Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmadı, eyni zamanda, Cənubi Qafqazın siyasi xəritəsində yeni reallıqlar yaratdı. Azərbaycan sübut etdi ki, güclü dövlət yalnız iqtisadi və hərbi imkanlarla deyil, xalqın birliyi, milli iradə və ardıcıl siyasi strategiya ilə formalaşır.
Tədbir daha sonra tələbələrin hazırladığı bədii kompozisiyalarla davam edib.