PDF Oxu

Siyasət

  • 480

“Altı il əvvəl qazanılan Qələbə Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi” -MİLLƏT VƏKİLİ

“Altı il əvvəl qazanılan Qələbə Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi” -MİLLƏT VƏKİLİ

"Azərbaycan xalqı tariximizin ən şanlı səhifələrindən biri olan Zəfər Gününün altıncı ildönümünü qeyd edir. Altı il əvvəl 44 gün davam edən Vətən müharibəsində qazandığımız böyük Qələbə 30 ilə yaxın davam edən işğala son qoydu. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfər güclü dövlətin, qüdrətli Ordunun, xalq-iqtidar birliyinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi idi".

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

Onun sözlərinə görə, Azərbaycanın böyük Zəfəri öz gücü, hərbi-iqtisadi potensialı, siyasi iradəsi və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyi hesabına əldə edildi:

"Prezident İlham Əliyev müharibədən əvvəlki dövrü xarakterizə edərkən söylədiyi kimi, "Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq".
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. "Dəmir yumruq" əməliyyatı 44 gün davam etdi və bu müddət ərzində Azərbaycan Ordusu böyük hərbi uğurlara imza atdı. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Müharibənin taleyini həll edən əsas hadisə isə noyabrın 8-də Şuşanın azad olunması oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, tarixi və mənəvi yaddaşımızın ayrılmaz parçası olan Şuşanın azad edilməsi hərbi baxımdan son dərəcə mürəkkəb əməliyyat idi. Prezident İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətini hələ müharibə dövründə belə ifadə etmişdi: "Şuşasız bizim işimiz yarımçıq olar".
Şuşanın azad edilməsi Azərbaycan əsgərinin qəhrəmanlığının, fiziki gücünün, peşəkarlığının və yüksək milli ruhunun göstəricisi idi. Şəhərin mürəkkəb relyefi, dağlıq ərazisi və düşmənin müdafiə mövqeləri ciddi çətinliklər yaratsa da, Azərbaycan Ordusu misilsiz şücaət göstərərək tarixi missiyanı yerinə yetirdilər. Dövlət başçımızın da vurğuladığı kimi, "Şuşa mədəniyyət ocağı kimi tanınsa da, eyni zamanda, qəhrəmanlıq, zəfər və sülh rəmzidir".
Şuşanın azad edilməsi ilə Ermənistanın hərbi-siyasi müqaviməti faktiki olaraq qırıldı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan Vətən müharibəsində tarixi Qələbə qazandı.
44 günlük Vətən müharibəsində Azərbaycan hərbi əməliyyatlarla yanaşı, informasiya və diplomatiya cəbhəsində də uğur əldə etdi. Prezident İlham Əliyev müharibə dövründə dünyanın nüfuzlu media qurumlarına 30-dan çox müsahibə verərək Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçımız da müsahibələrində Ermənistanın təcavüzkar siyasətini, işğal faktlarını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmadığını və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini konkret faktlarla bəyan edirdi. Bu müsahibələr Azərbaycanın informasiya müharibəsində üstünlüyünün təmin edilməsində mühüm rol oynadı.
Digər tərəfdən, Vətən müharibəsi Azərbaycan cəmiyyətində misilsiz milli birlik və siyasi həmrəylik yaratdı. Müxtəlif siyasi partiyaların, ictimai təşkilatların və vətəndaş cəmiyyəti nümayəndələrinin milli məsələdə vahid mövqedən çıxış etməsi xalqımızın ümummilli məqsəd ətrafında birləşdiyini göstərdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamdan xəbər verirdi. Cənab Prezidentin də söylədiyi kimi, "qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq."
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin illərlə yaratdığı hərbi mifləri dağıtdı. Müasir döyüş texnologiyalarından, pilotsuz uçuş aparatlarından və çevik hərbi taktikalardan istifadə edərək XXI əsrin müharibə modelini nümayiş etdirdi. Bu gün Vətən müharibəsinin hərbi təcrübəsi beynəlxalq hərbi-analitik dairələrdə də öyrənilən nümunələr sırasındadır.
2020-ci il Zəfərindən sonra qarşıda dövlət suverenliyinin bərpası kimi növbəti ali missiya dayanırdı. Beləliklə, böyük Zəfərdən sonra Azərbaycan öz ərazilərində dövlət nəzarətini və sərhəd təhlükəsizliyini gücləndirmək istiqamətində ardıcıl addımlar atdı. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. 2023-cü il aprelin 23-də Həkəri çayı üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması dövlət sərhədinə nəzarətin təmin olunması baxımından mühüm hadisə oldu. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror əməliyyatı isə Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. 24 saatdan az davam edən əməliyyat nəticəsində separatçıların silahlı müqavimətinə son qoyuldu, ölkəmizin bütün ərazilərində konstitusiya quruluşu bərpa edildi.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdı. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasını formalaşdırır. Azərbaycanın hərbi-siyasi gücü, artan beynəlxalq nüfuzu və regional təşəbbüsləri ölkəmizi bölgənin aparıcı dövlətinə çevirib. Son 6 ilin geosiyasi mənzərəsi də onu deməyə əsas verir ki, böyük Qələbə regionda təhlükəsizlik və sabitlik üçün yeni strateji nəticələr yaradıb.
Azərbaycanın tarixi Qələbədən sonrakı əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri davam etdirilir. Azad edilmiş ərazilərdə yaşayan, çalışan və təhsil alan insanların ümumi sayı 96 mini ötüb.
Altı il əvvəl qazanılan tarixi Qələbə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini də əhəmiyyətli dərəcədə gücləndirdi. Ölkəmiz regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasında əsas söz sahibinə çevrildi. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması və Birgə Bəyannamənin imzalanması da müharibədən sonrakı mərhələdə Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin əsas nəticələrindən oldu. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, əldə olunmuş yeni reallıqlar beynəlxalq hüquqa, qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında möhkəmləndirilməlidir".

Digər xəbərlər