PDF Oxu

Siyasət

  • 223

Naxçıvandan başlayan müstəqillik yolu: Azərbaycan Bayrağının yenidən rəsmi yüksəlişi - ŞƏRH

Naxçıvandan başlayan müstəqillik yolu: Azərbaycan Bayrağının yenidən rəsmi yüksəlişi - ŞƏRH

Azərbaycanın XX əsrin sonlarında yenidən müstəqilliyə qovuşması ölkə tarixinin ən şərəfli və eyni zamanda mürəkkəb səhifələrindən biridir. 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dərin siyasi-iqtisadi böhran keçirdiyi, imperiyanın dayaqlarının sarsıldığı bir şəraitdə, Azərbaycan xalqının azadlıq və suverenlik əzmi qarşısıalınmaz bir mərhələyə qədəm qoymuşdu. Bu tarixi dönüş nöqtəsinin siyasi və hüquqi bünövrəsi məhz Naxçıvanda qoyulmuşdur.

Ulu Öndər Heydər Əliyev çıxışlarından birində deyir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır.”

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən həmin tarixi sessiya müasir Azərbaycan dövlətçiliyinin dirçəlişinin və hüquqi suverenliyinin reallaşmasının ilk cəsarətli qədəmi idi. Hələ SSRİ-nin mövcud olduğu, Kommunist Partiyasının hakimiyyətini sürdürdüyü bir dövrdə atılan bu addımlar yüksək siyasi iradənin və uzaqgörən dövlətçilik təfəkkürünün nəticəsi idi. 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasında yaranmış vəziyyət fövqəladə mürəkkəb idi. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü və blokadası, digər tərəfdən Sovet rejiminin təzyiqləri Naxçıvanı ciddi sınaq qarşısında qoymuşdu. Məhz belə bir zamanda Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə deputat seçilən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə noyabrın 17-də Ali Sovetin birinci sessiyası işə başladı. Sessiyada qəbul edilən qərarlar təkcə muxtar respublika üçün deyil, bütövlükdə Azərbaycanın gələcək müstəqillik taleyi üçün həlledici oldu. Kommunist rejiminin hələ də kəsərli olduğu bir vaxtda üçrəngli bayrağın dövlət atributu kimi qəbul edilməsi və respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması imperiya rejiminə vurulmuş ən ağır hüquqi-siyasi zərbələrdən biri kimi tarixdə qaldı.

1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağının 70 ildən sonra ilk dəfə məhz dövlət hakimiyyəti orqanı səviyyəsində – Naxçıvan Muxtar Respublikası Ali Sovetinin binasında qaldırılması sıradan bir rəmzi addım deyildi. Bu addım müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu hüquqi müstəvidə təsbit edən birinci addım idi. 17 noyabr sessiyasında tarixi qərarlar verilərək muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və qurum “Naxçıvan Muxtar Respublikası” adlandırıldı. Bu, Sovet ideologiyasından dövlət səviyyəsində imtinanın ilk hüquqi forması idi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olundu. Eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın bütün Azərbaycanın dövlət rəmzi kimi qəbul edilməsi barədə vəsatət qaldırıldı. Naxçıvan Muxtar Respublikasının Ali Soveti (həmçinin Rəyasət Heyəti) yenidən formalaşdırıldı və imperiya strukturlarının təsirindən azad edilmiş milli idarəçilik mexanizmi quruldu. Bu qərarlar göstərdi ki, milli dövlətçilik ideologiyası küçə və meydanların emosional çərçivəsindən çıxarılaraq rəsmi dövlət institutları səviyyəsinə qaldırılmış, hüquqi status qazanmışdır. Naxçıvanda qəbul edilən bu qərarlar bütün Azərbaycanda müstəqillik hərəkatına yeni nəfəs və hüquqi istiqamət verdi.

1990-cı illərin başında Naxçıvanın üzləşdiyi ən böyük təhlükələrdən biri Ermənistan tərəfindən həyata keçirilən tam nəqliyyat, energetika və iqtisadi blokada idi. Kommunal infrastrukturun tamamilə sıradan çıxdığı, elektrik enerjisi və yanacaq təchizatının kəsildiyi bir şəraitdə muxtar respublikanın iqtisadi davamlılığını təmin etmək fövqəladə idarəçilik bacarığı tələb edirdi. Siyasi müstəqillik qərarları ilə yanaşı, Naxçıvan Ali Soveti tərəfindən həyata keçirilən iqtisadi və maliyyə tədbirləri muxtar respublikanı aclıq və fəlakətdən xilas etdi. İqtisadi müstəqillik olmadan siyasi suverenliyin yaşaya bilməyəcəyini uzaqgörənliklə dərk edən Ümummilli Lider Heydər Əliyev, Naxçıvanı həm də iqtisadi müqavimət və özünütəminat modelinə çevirməyi bacardı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qəbul olunmuş qərarlar müasir müstəqil Azərbaycan Respublikasının dövlətçilik xəritəsində silinməz iz qoymuşdur. Naxçıvanda ucaladılan üçrəngli bayraq 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti tərəfindən bütün ölkənin Dövlət Bayrağı kimi rəsmən qəbul edildi. Bu, Naxçıvanda başlanan milli azadlıq ideyasının bütün Azərbaycanda qələbə çalmasının bariz göstəricisi idi.

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu dövlətçilik və hüquqi müstəqillik xətti, 1993-cü ildə onun xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün ölkə miqyasında əsas dövlət siyasətinə çevrildi. Bu siyasi kurs ölkədə hüquqi dövlət quruculuğunu, konstitusion sabitliyi və dinamik iqtisadi inkişafı təmin etdi. 1990-cı ilin 17 noyabrında Naxçıvanda qalanılan müstəqillik məşəli, ötən onilliklər ərzində Azərbaycan dövlətçiliyinin ideoloji və siyasi kompasını müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə atdığı addımlar zamanın sınağından uğurla keçərək, Azərbaycanı təkcə Cənubi Qafqazın deyil, Avrasiya məkanının aparıcı siyasi, iqtisadi və strateji aktyorlarından birinə çevirdi.

Bu gün Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və suverenliyimizin tam bərpası məhz 1990-cı il 17 noyabr tarixində Naxçıvanda ucaldılan üçrəngli bayrağın və idealların təntənəsidir. Şuşada, Xankəndidə və işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanan Dövlət Bayrağımız öz gücünü və hüquqi köklərini Naxçıvan sessiyasında atılan o cəsarətli addımlardan alır.

Sevinc Səmədova

YAP Naxçıvan şəhər təşkilatı “Cəlil Məmmədquluzadə 42” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı

Digər xəbərlər