PDF Oxu

Siyasət

  • 301

8 noyabr – Zəfər Gününə gedən yol: milli qürur və müstəqillik tariximiz - ŞƏRH

8 noyabr – Zəfər Gününə gedən yol: milli qürur və müstəqillik tariximiz - ŞƏRH

Azərbaycanın tarixinə mühüm əhəmiyyətli dönüş nöqtəsi olaraq yazılan 8 Noyabr Zəfərinin qazanılmasından keçən 6 il bu qələbənin əldə edilməsində göstərilən qəhrəmanlıqların yeni-yeni səhifələrinin açılması ilə zənginləşdirilmiş, azad olunmuş torpaqların sağlam iqtisadi fəaliyyətə reinteqrasiyası və illərlə doğma yurda dönməyin həsrətini çəkən insanların arzusu reallaşmışdır. Lakin bütün bunlar qısa zamanda və asan başa gəlməmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu prosesin mahiyyətinə, əhəmiyyətinə diqqət çəkərək qeyd etmişdir: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” Bu qələbə ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi, sosial-ictimai, hərbi-vətənpərvərlik siyasətinin birlik və həmrəyliklə günbəgün, ilbəil yaxınlaşdırılması nəticəsində qazanılmışdır. Bu amili nəzərə alaraq, bu tarixi günü birlik və həmrəyliyimizin tarixi zəfəri olaraq xarakterizə etmək olar.

Qazanılan qələbəni təmin edən başlıca yollardan biri də baş verənləri unutmamaqdan keçirdi. Tarix heç zaman unudulmur. 1988-ci ildən başlayan Qarabağ hadisələri, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal edərək bir milyondan çox azərbaycanlını 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur qoyması, eləcə də ölkəmizin iqtisadiyyatına, təsərrüfatına, sosial-ictimai həyatına və mədəni irsinə ağır zərbə vurulması heç vaxt unudulmamışdır. Bəzi beynəlxalq qurumların bu məsələdə “dondurulmuş münaqişələr” variantını tətbiq etməsinə, ikili standartlarla işləmə üslubuna baxmayaraq Azərbaycan dövləti məqsədyönlü və prinsipial mövqeyindən geri çəkilməmiş, öz torpaqlarını azad etmək üçün qətiyyətli addımlar atmışdır.

Ordu quruculuğunun möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi bu sahədə prioritet məsələlərdən olmuşdur. Azərbaycanda yaradılmış hərbi sənaye kompleksinin inkişafının intensivləşdirilməsi onu bu sahə üzrə məhsulların istehlakçısından istehsalçısına çevirmişdir. Təsadüfi deyil ki, ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir və onlara beynəlxalq miqyasda tələbatın arealı genişlənir. Bu və digər sahələrdə əldə edilən üstünlüklər iqtisadi qüdrətin də artmasını stimullaşdırmışdır.

Beynəlxalq iqtisadi layihələrin reallaşdırılmasında Azərbaycanın təkcə coğrafi mövqeyi deyil, həyata keçirdiyi çoxşaxəli xarici siyasət, ölkədəki siyasi təhlükəsizlik, multikultural yanaşma, qarşılıqlı hörmət prinsipi də mühüm rol oynamış, etibarlı tərəfdaş kimi regional və qlobal nüfuz qazandırmışdır.

Torpaqlarımızın danışıqlar yolu ilə azad olunması uğrunda cəhdlərə cavab olaraq Ermənistanın 2020-ci il 27 sentyabrdan başlayan növbəti təxribatları artıq döyüş cəbhəsində əməliyyatlar mərhələsinin başlanması zərurətini yaratmışdı. Bu proses təqribən otuz ilə yaxın bir dövrdə Ali Baş Komandanın “İrəli” əmrini gözləyən xalqımızın səbir kasasını daşıran som damla oldu. Ordunun milli mübarizə əzmi, insanların vətənpərvərlik ruhu da bu əmrə hazır idi.

Azərbaycan dövləti, xalqı və ordusunu birləşdirən “Dəmir yumruq” əməliyyatı 44 gün ərzində doğma torpaqların azad edilməsi ilə başa çatdı. Müharibənin hər günü vətənin fədakar övladlarının çoxsaylı qəhrəmanlıqlarına şahid olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın əmrini yetirərkən yüksək döyüş əzmi, igidlik göstərməklə yanaşı, xalqımızın milli-mənəvi keyfiyyətlərindən olan döyüş yoldaşına qarşı vəfa göstərmək, aman diləyənə mərhəmət etmək, yaralandığı halda yoldaşlarını tək buraxmamaq üçün israrla döyüş bölgəsini tərk etməmək, atəş altında olarkən belə çiynində yaralı yoldaşını daşıyaraq sıldırım qayaları aşmaqla tək xalqın məhəbbətini deyil, bütövlükdə inlanlığın heyrət və ehtiramını qazanmışdır.

Zəfərimizin şəhid qəhrəmanlarının ailələri, döyüş qazilərinin özlərindən çox döyüş yoldaşlarının fədakarlığından söz açması da məhz bu mənəvi dəyərlərin və milli birliyin göstəricisidir. Onların fədakarlığının qiymətləndirilməsi, rəşadətlərinin əbədiləşdirilməsi Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qələbə münasibətilə 2020-ci il 26 noyabr tarixli Qanunu ilə “Zəfər” və “Qarabağ” ordenlərinin, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medallarının təsis olunmasında əks olunmuşdur. Zəfər parkı və muzeyinin yaradılması, Hərbi Qənimətlər parkının yaradılması, Zəfər tağları Azərbaycanın igid övladlarının, birgə mübarizənin və milli birliyinin qələbəsinin abidələşmiş təcəssümüdür.

Ölkə başçısının “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” fikri Vətən müharibəsi və ondan sonrakı dövrdə də öz təsdiqini ölkəmizdə və sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız tərəfindən nümayiş etdirilən siyasi-ictimai həmrəylik dalğasının gündən günə artmasında tapmışdır. Bunun nəticəsi olaraq 2023-cü ildə suverenliyini təmin edən Azərbaycan dövlətinin mövqeyi regional və qlobal miqyasda güclənir.

Azad edilmiş torpaqlara təhlükəsiz qayıdış həyata keiçrilməsi Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq təmin edilir. Mərhələlər üzrə həyata keçirilən bu prosesin uğurlu nəticəsi 2026-cı il oktyabrın 23-ə qədər işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 40922 nəfərdən ibarət 10114 ailənin qayıdışında, onların məşğulluğunun təmin edilməsində, Qarabağ iqtisadi rayonunun, Şərqi Zəngəzurun inkişafında təzahür etmişdir.

Beləliklə, bir vaxtlar düşmənlərin barbarcasına günahsız insanların qanını axıtdığı torpaqlarda bu gün yeni infrastrukturlar yaradılır, körpə səsləri eşidilir. Budur humanizmin Azərbaycan modeli. Azad etdiyi tarixi torpaqlarına qarşı ekosid, urbosid, xalqına qarşı genosidin qarşısını aldıqdan sonra qısa müddətdə həmin ərazilərə yeni həyat bəxş edir.

Zeynəb Quliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

YAP Naxçıvan şəhər təşkilatının

AMEA Naxçıvan Bölməsi üzrə ƏPT sədri

Digər xəbərlər