PDF Oxu

Siyasət

  • 374

I Qurultaydan VIII Qurultaya Ulu Öndərin dövlətçilik irsindən tarixi Zəfərə uzanan yol

I Qurultaydan VIII Qurultaya Ulu Öndərin dövlətçilik irsindən tarixi Zəfərə uzanan yol

Siyasi təşkilatların tarixi yalnız keçirdikləri qurultayların sayı ilə deyil, həmin qurultaylarda müəyyənləşdirilən məqsədlərin zaman keçdikcə hansı siyasi və tarixi nəticələrə çevrilməsi ilə də səciyyələnir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının qurultayları partiyanın inkişaf mərhələlərini, qarşıya qoyduğu strateji vəzifələri, eyni zamanda Azərbaycanın dövlətçilik tarixində baş verən mühüm dəyişiklikləri izləmək üçün əhəmiyyətli mənbədir.

1999-2026-cı illər ərzində keçirilmiş səkkiz qurultay Azərbaycanın müxtəlif dövrlərdə üzləşdiyi siyasi, iqtisadi və geosiyasi çağırışlara uyğun olaraq partiyanın fəaliyyət istiqamətlərini və strateji prioritetlərini müəyyənləşdirib. Bu qurultaylara vahid siyasi xəttin ardıcıl mərhələləri kimi nəzər saldıqda Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsindən ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasına, həmçinin yeni inkişaf mərhələsinin vəzifələrinə doğru keçilən yolu aydın görmək mümkündür.

Yeni Azərbaycan Partiyasının təsis edilməsi müstəqil Azərbaycan dövlətinin olduqca mürəkkəb sınaqlarla üzləşdiyi bir dövrə təsadüf edirdi. Ölkədə siyasi qeyri-sabitlik, iqtisadi böhran, idarəetmə problemləri, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı dövlət müstəqilliyinin gələcəyini ciddi təhlükə altına almışdı. Məhz belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası milli maraqların qorunması, cəmiyyətdə siyasi həmrəyliyin gücləndirilməsi və müstəqil dövlətçilik prinsiplərinin möhkəmləndirilməsində mühüm rol oynadı.

Həmin dövrün mürəkkəb siyasi mənzərəsini və qarşıda duran vəzifələrin miqyasını Ulu Öndər Heydər Əliyev YAP-ın I Qurultayındakı çıxışında da xüsusi vurğulamışdır. O, 1992–1993-cü illərdə ölkənin üzləşdiyi ağır vəziyyəti xatırlayaraq demişdir: “1992-1993-cü illərdə isə bu vəziyyət daha gərgin və ağır idi. Həm torpaqların böyük bir qismi işğal olunmuş, həm də Azərbaycanın daxilində parçalama qüvvələri peyda olmuş və Azərbaycan artıq parçalanmışdı. Demək, sonrakı dövrdə biz bir tərəfdən iqtisadiyyatı normal vəziyyətə gətirməli idik, ikinci tərəfdən isə ictimai-siyasi sabitliyi təmin etməli idik. Eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın mövqelərini yaratmalı idik. Bunlar hamısı çox böyük enerji və zəka tələb edirdi. Biz bunların hamısına nail olduq.”

Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının davam etdirilməsi sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və miqyas qazandı. 2003-cü ildən etibarən iqtisadi potensialın daha da artırılması, enerji strategiyasının genişləndirilməsi, beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsi və regional əməkdaşlığın inkişafı Azərbaycanın siyasi və iqtisadi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Bu proseslə paralel olaraq müstəqil xarici siyasətin möhkəmləndirilməsi və güclü müdafiə sisteminin formalaşdırılması Azərbaycanın qarşısında duran başlıca strateji vəzifənin – ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının reallaşdırılması üçün zəruri imkanlar yaratdı.

Bu strateji kursun həlledici mərhələsi 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatlara əl ataraq Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini atəşə tutmasına cavab olaraq başlandı. 44 gün davam edən müharibə Azərbaycan dövlətinin illər ərzində formalaşdırdığı siyasi, iqtisadi və hərbi potensialın real nəticələrini nümayiş etdirdi. Döyüş əməliyyatları nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, eləcə də Xocavənd, Xocalı, Tərtər və digər rayonların bir sıra yaşayış məntəqələri işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini müəyyənləşdirən mühüm hərbi və siyasi hadisəyə çevrildi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları müəyyən edilmiş təqvim üzrə Azərbaycana qaytarıldı. Bununla da Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici dönüş nöqtəsi oldu.

Beləliklə, əldə edilən tarixi Qələbə Azərbaycanın qarşısında yalnız ərazi bütövlüyünün bərpası istiqamətində yeni imkanlar açmadı, həm də regionda siyasi və geosiyasi vəziyyətin dəyişməsinə, yeni əməkdaşlıq perspektivlərinin yaranmasına səbəb oldu. Prezident İlham Əliyev YAP-ın VII Qurultayındakı çıxışında müharibənin nəticələrinin yaratdığı bu yeni reallıqları və Azərbaycanın qarşısında açılan imkanları xüsusi vurğulayaraq bildirmişdir: “İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.”

Bununla belə, yaranmış yeni reallıqlar şəraitində Azərbaycanın qarşısında dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin edilməsi kimi mühüm vəzifə hələ də qalmaqda idi. Bu istiqamətdə növbəti mühüm mərhələ 2022-ci ilin avqustunda Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində Azərbaycanın nəzarətinin bərpa edilməsi oldu. 2023-cü il sentyabrın 19–20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra isə ölkənin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi.

Beləliklə, Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafında yeni mərhələyə keçid üçün zəmin yarandı. Bu mərhələ ölkənin siyasi həyatında, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyətində də yeni hədəf və prioritetlərin müəyyənləşdirilməsini zəruri etdi. Məhz bu baxımdan YAP-ın VIII Qurultayı partiyanın siyasi tarixində mühüm mərhələ kimi çıxış edərək qarşıdakı dövrün strateji vəzifələrinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət qazandı.

Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında ötən dövrün nəticələrini dəyərləndirərək qarşıya qoyulmuş əsas vəzifələrin yerinə yetirildiyini vurğulamış və demişdir: “Bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi. İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası. 2003-cü ildə mən ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu, əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik.”

Müzəffər Ali Baş Komandanın qeyd etdiyi bu tarixi nəticələrə aparan yolun başlanğıcı isə, heç şübhəsiz ki, müstəqil Azərbaycanın siyasi həyatında mühüm dönüş nöqtəsi olan Yeni Azərbaycan Partiyasının təsis konfransıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında partiyanın yaranmasını Azərbaycanın sonrakı tarixi Qələbələrinin siyasi başlanğıcı kimi səciyyələndirərək bildirmişdir: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır.”

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası bu siyasi varisliyin konkret tarixi nəticələrini ortaya qoymuşdur. Ulu Öndərin Azərbaycan xalqına tarixi müraciətində ifadə etdiyi əminlik də məhz bu davamlılığı və gələcəyə hesablanmış siyasi kursu ehtiva edirdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.”

Beləliklə, Yeni Azərbaycan Partiyasının Birinci Qurultayından Səkkizinci Qurultayına qədər keçilən yol yalnız siyasi təşkilatın inkişaf mərhələlərinin xronologiyası deyil, həm də müstəqil Azərbaycan dövlətinin formalaşması, möhkəmlənməsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə səciyyələnən tarixi inkişaf yoludur. Bu mərhələlərdə müəyyənləşdirilən strateji məqsədlərin bir qismi artıq tarixi Zəfərlə reallığa çevrilmiş, digər qismi isə müstəqil Azərbaycanın gələcək inkişafını, dövlətçilik qüdrətinin daha da möhkəmləndirilməsini və xalqımızın rifahını hədəfləyən prioritetlər kimi öz aktuallığını qoruyub saxlamışdır.

Əliheydər Qurbanlı

YAP Naxçıvan şəhər təşkilatı “Heydər Əliyev prospekti 50” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşı

Digər xəbərlər