PDF Oxu

Siyasət

  • 319

Nizami rayonunda 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR

Nizami rayonunda 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR

Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, o cümlədən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada çıxış edən “91-lər”in üzvü, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov Dövlət Bayrağının yaranma tarixi, milli dövlətçilik ənənələrimizdə yeri, müstəqilliyimizin rəmzi kimi əhəmiyyəti və Ümummilli Lider Heydər Əliyevin dövlət rəmzlərimizin bərpası istiqamətində tarixi xidmətləri barədə fikirlərini bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da qəbul edilib. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra dövlət bayrağı statusunu itirən üçrəngli bayrağımız xalqımızın milli yaddaşında, azadlıq və istiqlal mübarizəsində yaşamağa davam edib.
Qeyd olunub ki, üçrəngli bayrağımızın yenidən dövlətçilik tariximizdə öz layiqli yerini tutması Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Belə ki, 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Eyni zamanda, həmin sessiyada üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırılıb. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın yenidən Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.
Bildirilib ki, bu tarixi qərar Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yolda mühüm siyasi və mənəvi əhəmiyyət daşıyıb. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin mühüm istiqamətlərindən biri olan milli atributlarımıza ehtiram və onların qorunması siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Həmçinin diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı sərəncamla Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla isə noyabrın 9-nun Dövlət Bayrağı Günü elan edilməsi dövlət rəmzlərimizə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası üçrəngli bayrağımızın mənəvi və tarixi əhəmiyyətini daha da artırıb. Bu gün Azərbaycan Bayrağının ölkəmizin bütün suveren ərazilərində qürurla dalğalanması xalqımızın milli birliyinin, dövlətimizin gücünün və müstəqilliyimizin təntənəsidir.
Tədbirdə Vətən müharibəsi iştirakçısı, Suqovuşanda ilk dəfə üçrəngli Dövlət Bayrağımızı ucaldan İlkin Fərzəliyev də çıxış edib. O, Vətən müharibəsində keçdiyi döyüş yolundan, Azərbaycan əsgərinin qəhrəmanlığından, torpaqlarımızın azadlığı uğrunda göstərilən fədakarlıqdan danışıb. Bayrağımızın azad edilmiş torpaqlarımızda dalğalandırılmasının hər bir azərbaycanlı üçün qürur və şərəf mənbəyi olduğunu vurğulayıb.
Dəyirmi masa çərçivəsində Dövlət Bayrağının milli kimliyimizin, müstəqilliyimizin və dövlət suverenliyimizin əsas rəmzi kimi qorunmasının, gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasının və dövlətçilik ənənələrimizin yaşadılmasının vacibliyi xüsusi qeyd olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndiriləsi ilə başa çatıb.

Digər xəbərlər