Bayraq hər bir xalqın yalnız dövlətçilik atributu deyil, həm də onun milli kimliyinin, azadlıq mübarizəsinin və gələcəyə olan inamının ifadəsidir. Azərbaycan xalqı üçün üçrəngli bayrağımız əsrlərdən süzülüb gələn milli ideallarımızın və müstəqillik arzularımızın rəmzidir.
Şanlı tariximizə nəzər saldıqda görürük ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli bayrağımız müstəqil dövlətçilik ideyamızın parlaq təcəssümünə çevrilmişdir. Lakin 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra bu müqəddəs rəmz uzun illər dövlətçilik tariximizdən uzaqlaşdırılsa da, xalqımızın yaddaşından və müstəqillik arzusundan silinmədi. Onun yenidən dövlətçilik tariximizə qaytarılması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Azərbaycan dövlətçilik tarixində 1990-cı il noyabrın 17-si məhz bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Həmin gün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tarixi sessiyasında üçrəngli bayrağımız ilk dəfə rəsmi şəkildə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi. Eyni zamanda, onun Azərbaycan Respublikasının dövlət rəmzi kimi tanınması barədə respublika rəhbərliyi qarşısında vəsatət qaldırıldı. Bu qərar sadəcə bir dövlət atributunun bərpası deyil, həm də milli dövlətçilik düşüncəsinin, müstəqillik iradəsinin və tarixi ədalətin yenidən təntənəsi idi. Ulu Öndər Heydər Əliyevin bu cəsarətli və uzaqgörən siyasi addımı Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm dönüş nöqtəsi oldu. Həmin tarixi qərardan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağımızı dövlət bayrağı kimi təsdiq etdi. Beləliklə, xalqımızın milli kimliyini və azadlıq ideallarını özündə yaşadan bayraq yenidən müstəqil dövlətimizin rəsmi rəmzinə çevrildi.
Ümummilli Lider Heydər Əliyev dövlət bayrağını Azərbaycanın suverenliyinin, xalqımızın milli mənliyinin və dövlətçilik şüurunun ən ali ifadəsi kimi qiymətləndirirdi. Onun dövlətçilik fəlsəfəsində bayrağa ehtiram həm də Vətənə, xalqa və müstəqilliyə sədaqətin göstəricisi idi. Bu zəngin irs və siyasi ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd edilməsi təsis olundu. Bununla da üçrəngli bayrağımıza olan ümumxalq ehtiramı dövlət səviyyəsində daha da möhkəmləndirildi.
Bu gün bayrağımızın mənəvi dəyəri və siyasi əhəmiyyəti Vətən müharibəsində qazandığımız tarixi Zəfərlə daha da ucalıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə əldə etdiyi möhtəşəm Qələbə nəticəsində üçrəngli bayrağımız uzun illər işğal altında qalan torpaqlarımızda yenidən dalğalanmağa başladı. Bu gün Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə və digər azad edilmiş ərazilərimizdə qürurla dalğalanan bayrağımız milli iradəmizin, hərbi qüdrətimizin və bərpa olunmuş dövlət suverenliyimizin canlı təcəssümüdür. Bir zamanlar Naxçıvanda yenidən ucaldılan bayraq bu gün bütün Azərbaycan torpaqlarında əbədi varlığını nümayiş etdirir.
Yeni Azərbaycan Partiyasının fəaliyyətində də Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin yaşadılması, Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursun dəstəklənməsi, milli-mənəvi dəyərlərimizin və dövlət rəmzlərimizin qorunması mühüm ideoloji prinsiplərdəndir. Çünki bayrağa hörmət, ilk növbədə, dövlətə sədaqət, milli birliyə bağlılıq və müstəqilliyimizin qorunmasına məsuliyyət deməkdir.
Əminliklə deyə bilərik ki, üçrəngli bayrağımızın hər dalğalanışı xalqımızın keçdiyi şərəfli tarixi yolun, Ulu Öndər Heydər Əliyevin dövlətçilik qətiyyətinin, Prezident İlham Əliyevin siyasi iradəsinin və Azərbaycan xalqının sarsılmaz birliyinin ifadəsidir. Bu bayraq daim müstəqil Azərbaycanın səmasında dalğalansın!
Ülkər Əliyeva
Naxçıvan MR Turist Diyarşünaslıq mərkəzinin əməkdaşı,
YAP Naxçıvan şəhər təşkilatının fəalı