Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində iki gün davam edən QHT-lərin IV Əməkdaşlıq Forumu ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və dövlət-QHT münasibətlərinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm hadisə kimi yadda qaldı.
Forumun Zəfər Günü ərəfəsində, Vətən müharibəsində Ermənistanın raket hücumlarından ən çox zərər çəkmiş şəhərlərimizdən biri olan Gəncədə keçirilməsi xüsusi rəmzi məna daşıyırdı. Müharibənin ağrılarını yaşamış, lakin heç vaxt öz iradəsini və mübarizə ruhunu itirməmiş Gəncə şəhərində vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi həm də Azərbaycanın milli birliyinin, həmrəyliyinin və dövlətçilik əzminin nümayişi idi.
Bu forum bir daha göstərdi ki, Azərbaycanda qeyri-hökumət təşkilatları artıq yalnız ayrı-ayrı sosial layihələrin icraçısı deyil, ölkənin ictimai-siyasi, sosial, humanitar və strateji inkişaf proseslərində iştirak edən mühüm vətəndaş cəmiyyəti institutlarıdır.
Son illərdə QHT sektorunun inkişafında müşahidə olunan müsbət dəyişikliklər dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının real nəticəsidir. Qeyri-hökumət təşkilatlarının institusional inkişafının dəstəklənməsi, maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi, bir pəncərə sisteminin tətbiqi, müxtəlif dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və QHT-lər arasında tərəfdaşlıq münasibətlərinin təşviqi bu siyasətin mühüm istiqamətləridir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş institusional qərarlar QHT sektorunun fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün dövlətin QHT-lərin potensialının gücləndirilməsində, onların təşəbbüslərinin dəstəklənməsində və maliyyə imkanlarının artırılmasında maraqlı olması ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına verilən önəmin göstəricisidir.
Digər tərəfdən, indiki həssas geosiyasi şəraitdə qeyri-hökumət təşkilatlarının üzərinə düşən məsuliyyət də artmaqdadır. Azərbaycanın milli maraqlarının müdafiəsi, dövlətçilik ideyalarının təbliği, informasiya mübarizəsində fəallıq, beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, sosial həmrəyliyin möhkəmləndirilməsi və cəmiyyətin maarifləndirilməsi istiqamətində QHT-lərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Bu baxımdan, qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanladıqları müraciətdə dövlət başçısının həyata keçirdiyi siyasi kursu prinsipial şəkildə dəstəklədiklərini bəyan etmələri də mühüm ictimai mesajdır. Bu, sadəcə siyasi mövqenin ifadəsi deyil, həm də ölkənin taleyüklü məsələlərində vətəndaş cəmiyyətinin dövlətçilik maraqları ətrafında birləşməsinin göstəricisidir.
Əlbəttə, dövlət-vətəndaş cəmiyyəti münasibətləri qarşılıqlı etimad, məsuliyyət və əməkdaşlıq prinsipləri üzərində daha da möhkəmlənməlidir. QHT-lərin təşəbbüslərinə geniş meydan verilməsi, onların ictimai nəzarət, ictimai iştirakçılıq və sosial problemlərin həllində rolunun artırılması bu inkişafın davamlılığını təmin edəcək.
Gəncədə keçirilən IV Əməkdaşlıq Forumu da məhz bu baxımdan yeni əməkdaşlıq imkanlarının müzakirəsi, təcrübə mübadiləsi və ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm platforma oldu.
İnanırıq ki, bu forumda səsləndirilən fikirlər, irəli sürülən təşəbbüslər və qurulan əməkdaşlıq əlaqələri gələcəkdə konkret layihələrə, real nəticələrə çevriləcək. Çünki güclü dövlət yalnız güclü institutlarla deyil, həm də fəal, məsuliyyətli və milli maraqlara bağlı vətəndaş cəmiyyəti ilə tamamlanır.
Bu gün Azərbaycanın qarşısında duran vəzifə dövlətin gücü ilə cəmiyyətin potensialını birləşdirməkdir. Gəncədə keçirilən forum isə bir daha təsdiqlədi ki, bu birliyin möhkəmləndirilməsi üçün həm siyasi iradə, həm də vətəndaş cəmiyyətində kifayət qədər təşəbbüs və potensial mövcuddur.
Turanə Orucova
İncəsənətin Tərəqqisinə Dəstək İB sədri