Siyasət

  • 1 210

Ermənistan mina terroru ilə müharibə cinayətlərini davam etdirir TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: «Qarabağda əsas maneə basdırılmış minalardır»

Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşmənin işğalçı qüvvələrini qısa müddətdə darmadağın etdi və ölkəmizi ərazi bütövlüyünə qovuşdurdu. Lakin xislətsiz ermənilər məğlubiyyətlərindən iki il yarım keçməsinə baxmayaraq minalanmış ərazilərin xəritələrinin olmadığını iddia etməkdə davam edirlər. Nəticə isə budur ki, müharibə bitib, lakin onun bəlaları bitməyib.

Bəli, bu gün Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarından təmihlənməsindən keçir. İşğaldan azad olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bunlarda məqsəd daha çox insanı qətlə yetirmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan yerləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir.

«QARABAĞDA ƏSAS MANEƏ BASDIRILMIŞ MİNALARDIR. BUNDAN BAŞQA, BİZİM ÜÇÜN HƏR HANSI BİR MANEƏ YOXDUR»

Prezident İlham Əliyevin dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib ki, müharibədən sonra ermənilər yüzlərlə minanı məhz təmas xətti olacaq yerlərdə basdırıblar, yəni, separatçı qüvvələrlə Azərbaycanın Silahı Qüvvələri arasında olan yerlərdə: «O minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. Biz Rusiya sülhməramlılarını və Türkiyə monitorinq missiyasının üzvlərini dəvət etdik, həmin minaları onlara göstərdik. Bu onu göstərir ki, erməni terroru davam edir».

Həmin minaların İkinci Qarabağ müharibəsindən sonra Qarabağa necə daşınması ilə bağlı sualın açıq qaldığını bildirən dövlətimizin başçısı qeyd edib: “Minaların təxminən bir milyona yaxın olduğunu zənn edirik. Onlar bizə təxminən 400 min mina ilə bağlı xəritələr veriblər. Lakin o xəritələrin dəqiqliyi tam deyil”.

Azərbaycan Prezidenti onu da bildirib ki, Qarabağda əsas maneə basdırılmış minalardır. Bundan başqa, bizim üçün hər hansı bir maneə yoxdur: «Qarabağın yenidən qurulması bizim sərmayə proqramımızın əsas hissəsini təşkil edəcək. Qarabağ bizim üçün ən yüksək prioritetdir. Çünki insanlar da öz yerlərinə qayıdacaqları vaxtı gözləyirlər», - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

«BİZİM RƏQİBİMİZ ZAMANDIR, ÇÜNKİ BİZ BU İŞLƏRİ ƏN QISA MÜDDƏTDƏ HƏYATA KEÇİRMƏK NİYYƏTİNDƏYİK»

Dövlət başçısı Qarabağın yenidən qurulmasında əsas maneə olan minalarla bərabər zaman olduğunu söyləyib: «Qarabağın yenidən qurulmasına gəldikdə, təbii ki, əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik».

Qeyd edək ki, Azərbaycan dövləti də, xalqı da bu məsələdən maddi və mənəvi cəhətdən ziyan çəkir. Müvafiq qurumlarımız minaların aşkar edilərək zərərsizləşdirilməsi işində bütün bilik və bacarıqlarını ortaya qoyurlar. Dövlətimiz bununla əlaqədar əlavə vəsait də xərcləyir, xarici ekspertləri dəvət edir və ya onların təcrübəsindən yararlanır. Yerli və xarici mütəxəssislər məsələnin ciddiliyi ilə bağlı mütəmadi çıxışlar etsələr də, dünya ictimaiyyəti hələ də susur.

Bu yerdə vurğulamaq yerinə düşər ki, üç il əvvəl, müharibə bitəndən dərhal sonra dövlət başçısı İlham Əliyev “Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” çağırışını etdi. İndi bu, həyata keçirilir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Şəhər və kəndlərimiz “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında bərpa edilir. Artıq Zəngilan rayonunun Ağalı kəndi ilk “ağıllı kənd”dir. Cənab İlham Əliyev ilk gündən soydaşlarımız üçün ən yüksək səviyyədə şəraitin yaradılmasının vacibliyini bildirdi. O da qeyd olundu ki, bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı onu söyləyib ki, bundan əlavə Qarabağın yenidən qurulması üçün maliyyə vəsadati toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək: «Müqayisə üçün deyim ki, Qarabağın yenidən qurulmasına daha çox vəsait xərcləyəcəyik, - mən dövlət investisiyalarını nəzərdə tuturam, - ölkənin qalan hissəsinə nisbətən daha çox. Bu, ölkənin qalan hissəsini diqqətdən kənar qoyduğumuz anlamına gəlmir. Uzun illər ərzində biz ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırmış və əksər infrastruktur layihələrini başa çatdırmışıq. Lakin hazırda Qarabağ bizim əsas prioritetimizdir. Bölgənin özü və ən əhəmiyyətlisi, evlərinə dönməyi gözləyən insanlardır».

Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında da vurğuladı ki, biz istəyirik proses mümkün qədər tez getsin: «Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq».

O da məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilən zaman idarəçilik sistemində təkmilləşmə prioritet məsələ kimi öndə dayandı. İlk olaraq Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada Prezidentin şəxsi nümayəndəliyi fəaliyyətə başladı. Bu, prosesin səmərəliliyinin artırılmasında, nəzarətin gücləndirilməsində əhəmiyyətli rola malikdir. Prezident İlham Əliyev azad edilmiş rayonların Baş planlarının hazırlanması prosesinə şəxsən nəzarət etməklə, bütün detalların nəzərə alınmasına, prosesin müasir şəhərsalma trendlərinə uyğunlaşdırılmasına çalışır. Bu ərazilərin Ümumi Planı artıq təsdiqlənib. Azad edilmiş torpaqlarda qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir.

Artıq Qarabağın, Şərqi Zəngəzurun həyatında yeni dövr zənginliyi ilə diqqət çəkir. Bu baxımdan ki, həm minalardan təmizlənmə işləri həyata keçirilir, həm avtomobil, dəmir və hava yollarının tikintisi və istifadəyə verilməsi həyata keçirilir, həm də bu torpaqların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Milli Prioritetlər təsdiqlənərək uğurla icra edilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, tezliklə bu ərazilərimizdə 30 ilin işğalını özündə əks etdirən dağıntıları deyil, müasir tələblər səviyyəsində qurulan, bərpa edilən şəhərləri, kənd və qəsəbələri görəcəyik. Lakin Ermənistan və havadarları azərbaycana qarşı təxribatları davam etdirərlərsə, başlarında növbəti “dəmir yumruğu” görə bilərlər.

Bəli, bu gün Ermənistandakı kriminal durum onu bir daha göstərir ki, Azərbaycanın xəbərdarlığına məhəl qoymayaraq tərəfimizdən bundan sonra da çox böyük zərbə alacaq və Ermənistan və havadarları Azərbaycana qarşı bu cür təxribatçı gedişatlar edərlərsə, başlarında “Dəmir yumruğu” yenidən görə bilərlər. Və Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdışa dair I Dövlət Proqramı"nda Azərbaycanda 2026-cı ilə qədər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri uğurla həyata keçiriləcək, 2026-cı ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq.

Bəli, bu gün ölkəmizin kifayət qədər gücü var ki, işğaldan azad olunan ərazilərdə quruculuq bərpa işləri həyata keçirərək Böyük Qayıdışı davam etdirəcək, Ermənistanın 30 il müddətində dağıdaraq viranəyə çevirdiyi bu yerlər Prezident İlham Əliyevin diplomatik məharəti və məqsədyönlü siyasəti nəticəsində qısa zaman çərçivəsində Azərbaycan cənnət-məkana çevriləcək!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər