PDF Oxu

Siyasət

  • 2 892

BOYKOT: AXCP-nin çıxış yolu... -ANALİZ

image

Gələn il fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri AXCP-nin qanını necə qaraltdısa, təcili seçkiləri boykot etmək qərarına gəldi. AXCP nə üçün bu qərara gəldi? Seçkiyə hazır deyilmiş, buna görəmi? Yoxsa daha ciddi məsələlər var?

Maraqlıdır, 30 il əvvəldən bu günə qədər məqsəd və məramı yalnız ölkədə hakimiyyətə gəlmək olan, bu yolda illərdir, mübarizə aparan, hətta bunun üçün xaricdən də özünə havadar tapan bir partiya necə ola bilər ki, yaranmış belə əlverişli şəraitdən imtina edər? Növbədənkənar seçkiyə hazır deyilmiş guya, ona görəmi? Görəsən seçkiyə hazırlıq necə olur? Bunun üçün AXCP nə edə bilərdi ki, hazır vəziyyətə gələrdi? Namizədliyini irəli sürürsən, qeydiyyata alınırsan, qalan tərəf isə düşür seçicilərin üzərinə, vəssalam. Bu, bizə görə belədir. Bəlkə AXCP bizim kimi düşünmür. Seçkiyə hazırlıq seçici məhəbbəti, rəğbəti qazanmaqdırsa, bu, onlar üçün gecdir. Qaldı məsələnin digər tərəfinə, yəni seçki öz vaxtında keçirilərdisə, bunlar hazır olardılar məsələsinə, vallah, bu da alınan məsələ deyildi. Çünki kənardan min bir əl işləsə də, bülleteni qutuya salan azərbaycanlı əlidir və burada hər hansı bir kənar müdaxilə AXCP xeyrinə ola bilməz.

AXCP seçkilərdən imtina etməsi ilə ən doğru qərarı verdi. Deyərdim ki, son illərdə bu partiyanın verdiyi ən dəyərli qərarlardan birincisidir. Çünki bu qərar həm ağıllı, ətraflı düşünülmüş bir qərar, həm də bəri başdan çıxış yoludur. Bu qərar nəticəni görərəkdən verilən bir qərardır. AXCP əmindir ki, namizədi seçilə bilməz, ona görə də haray bu başdan deyiminə əsasən hərəkət etdi.

Prezident seçkilərinin nə üçün növbədənkənar elan edildiyi hələlik rəsmi şəkildə açıqlanmasa da, onun öz vaxtında deyil, gələn il keçirilməsi nəzərdə tutulsa da, əsas məsələ seçkinin nə zaman keçiriləcəyi deyil, başqa məqamlardır. Yəni, hər zaman seçkiyə hazır olmaq məsələsidir ki, AXCP uzun illərdir ki, buna nail ola bilmədi. Beləliklə də boykot bu partiyanın çıxış yolu oldu.

90-cı illərdən üzübəri yaşanan illər və bu illərə AXCP-Müsavat cütlüyünün “töhfələri” , bütün bunlardan xəbərsiz kimi davranmaları, yeri gələndə günahı özlərində deyil, başqalarında axtarmaları və üstəlik qarayaxmalarla məşğul olmaq, kimlərinsə mənafeyini ölkənin, xalqın mənafeyindən üstün tutmaları hər bir azərbaycanlıya gün kimi aydın olduğundan AXCP arxayın olsun ki, nə gələn il fevralın 7-də, nə də seçkilər öz vaxtında keçirilərdisə, qazana bilməyəcəkdilər.

Xalq 2020-2023-cü illərdə ölkədə iki böyük Zəfəri qeyd etdi. 30 il əvvəl AXCP-Müsavat nümayəndələri ölkədə hakimiyyətdə olduqları illərdə ermənilər tərəfindən işğal olunan torpaqlarımız tamamilə azad edildi. Xalq bu sevinci yaşayarkən o partiyaların heç birini yanında görmədi. Əksinə, onlar bu qələbəyə də özlərinin yeni biçdikləri donu geyindirdilər. Bu isə qələbəni həzm edə bilmədiklərinin göstəricisi idi. Maraqlıdır, onlar torpaqların azad olunmasını istəmirdilərmi? İstəyirdilərsə, nə üçün bu qələbədə əməyi olanların, qaliblərin hər birinə eyni gözlə baxmır, eyni dərəcədə qiymətləndirmirlər? Şəhidləri, qaziləri, milli ordunun əsgərlərini təqdir etdikləri halda, ordunun sərkərdəsini- dövlətimizin başçısını ayrı-ayrı məsələlərdə ittiham edirlər.

Bildiyimiz kimi, hər hansı bir Zəfər sərkərdəsiz əldə oluna bilməz. Hər bir Zəfərə gedən yolda bir sərkərdə, onun rəhbərliyi ilə qazanılan qələbə var. Lakin AXCP ya bu Zəfərlə barışa bilmirdi, ya da havadarlarının, “qranddaşlarının” çaldığı havaya oynayırdı. Nəticədə isə xalq onu gördü ki, AXCP qələbəni onunla birgə yaşamadı, birgə sevinmədi, gülmədi. Əksinə, insanlar Zəfər təntənəsi içərisində olduqları vaxtda AXCP sədri yeni bir mövzu atdı ortaya: torpaqlar nə üçün 20 il əvvəl deyil, 20 il sonra azad edildi. Bu söhbəti gündəmə gətirməyə üz lazım idi ki, onu partiyanın rəhbəri Əli Kərimlidə gördük. O özü başda olmaqla partiya üzvlərindən heç biri torpaqların nə üçün işğal olunduğu məsələsini illərlə müzakirə mövzusuna çevirmədi. Çünki bu, onlara sərf edən tərəf deyildi.

Qaldı 20 il əvvəl və 20 il sonra məsələsinə, bunun səbəblərini Əli Kərimli hamıdan gözəl bilir. Lakin nə etməli ki, o, müzakirə mövzusu olaraq bunu seçmişdi. 20 il əvvələ gəlincə, həmin vaxt dövlət hansı iqtisadi vəziyyətlə müharibə edə bilərdi? Hansı ordu ilə düşmən qarşısına çıxara bilərdi? 90-cı illərdə olanları yenidən yaşamaq idimi bunu iddia edənlərin məqsədi? Yoxsa onlar müharibə haqqında ən elementar biliklərə belə malik deyillər?

AXCP seçkiləri boykot etməklə, yenə də yuxarıdakı fikrimizə qayıtmaqla demək istəyirik ki, bunu özünə çıxış yolu seçdi. Yəni AXCP-nin seçkidən çəkilməsi o demək deyil ki, bu, seçkiyə mənfi bir təsir göstərə bilər. Onsuz da xalq öz seçimini edib və bunu Vətən müharibəsindən sonra dəfələrlə bəyan edib ki, cənab İlham Əliyev xalqın əbədi prezidentidir. Yəni xalqın bu iradəsi qarşısında Əli Kərimli və partiyası və ya digər AXCP-yə bənzər partiyalar nə edə bilər ki?

Prezidenti xalq seçir. Xalqın da istəyi məlumdur. Baxmayaraq ki, Əli Kərimli və həmkarları yenə də ağızlarını qoyub Allah yoluna, danışırlar. Lakin ataların belə bir deyimi də var: pişiyin əli ətə çatmayanda, murdardır, deyər.

Beləliklə, bu qənaətə gəlmək olar ki, Əli Kərimli artıq hakimiyyətdən əl götürdü. Ən sonda papağını qarşısına qoyub fikirləşə bildi ki, hakimiyyətə gəlmək onun alın yazısı deyil. Qarabağ Zəfərindən sonra, konstitusiya quruluşumuzun, ərazi bütövlüyümüzün bərpasından sonra isə bu, əsla düşünüləcək bir məsələ deyil. Odur ki, seçkidən çəkildi. Və özü çəkiləndən sonra isə başlayıb başqalarını bunu etmək üçün çağırışa. Lakin xalq öz seçimini edib. O, öz müzəffər Liderinin yanındadır. 30 illik həsrətə son qoyan, qaçqın-köçkününün üzünü güldürən, soydaşlarımıza ata-baba torpaqlarını yenidən bəxş edən, xalqa torpağını-şərəfini qaytaran Liderinin yanındadır və növbəti seçkidə də səsvermə məntəqələrində öz fikirlərini ifadə edəcəklər. Bunu AXCP və “qranddaşları” kənardan ürək yanğısı ilə seyr etsələr də...

Mətanət Məmmədova

Digər xəbərlər