PDF Oxu

Siyasət

  • 1 966

İrəvanda maarifçilik TƏHLİL

image

Qədim tarixi olan İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulub boya-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, din xadimlərinin adları Azərbaycan tarixində yer alıb. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir qismi şəhəri tərk etmişdir. XIX əsrin sonlarında bir müddət İrəvanda işləyən görkəmli Azərbaycan ədəbiyyatşünası və maarif xadimi Firudin bəy Köçərli İrəvanı üləmalar, fazillər və şairlər şəhəri adlandırmışdı. İrəvanda maarifçilik tarixi dövrü əhatə edir. Tarixi qədim olan İrəvada 1881-ci il noyabrın 3-də tərkibində iki sinif olmaqla İrəvan Müəllimlər Seminariyasının I sinfinin açılışı olmuşdur. Seminariyanın ilk direktoru Yakob Suşevskinin səyi nəticəsində birinci il seminariyaya 9 müəllim, 42 şagird cəlb edilib. 1882-ci ildə seminariyanın II sinfi, 1883-cü ildə III sinfi açılmışdır. Beləliklə, Qafqazda olan bütün müəllimlər seminariyası kimi, İrəvan müəllimlər seminariyası da 4 sinifdən ibarət olmuşdur. Sənədlərdə qeyd olunur ki, İrəvan Müəllimlər Seminariyasının pedaqoji kontingentinin formalaşmasında əsasən, Qori Müəllimlər Seminariyasının məzunlarından istifadə edilmişdir. Seminariyada müxtəlif fənlər tədris edilməklə yanaşı, bir sıra peşələr – xarratlıq, cildçilik işi, tərəvəzçilik və ipəkçilik fənləri də könüllü olaraq tədris olunurdu. İrəvan Müəllimlər seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur. Həmin il məktəbin 5 nəfər məzunu olmuşdu. Tanınmış simalardan Haşım bəy Vəzirov, Həmid ağa Şahtaxtinski, Tağı bəy Səfiyev, İbadulla Muğanlinski, Şamil Mahmudbəyov, Cabbar Məmmədov və başqaları İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşlar.

XALQ MƏKTƏBİ VƏ MAARİFİNİN İNKİŞAFI

1918-ci ilin mayında İrəvan quberniyasının ərazisində ilk erməni dövləti - Ermənistan Respublikası qurulduqdan sonra İrəvan Müəllimlər Seminariyasının fəaliyyətinə son qoyulmuşdur. İrəvan Müəllimlər Seminariyasının direktoru V.Dobrıninin 1918-ci ildə yazdığı hesabatda göstərilir ki, 1915-16-cı tədris ilində seminariyanı 19 nəfər, 1916-17-ci tədris ilində 22 nəfər, sonuncu – 1917-18-ci tədris ilində isə 23 nəfər azərbaycanlı bitirmişdir. Belə bir elm, təhsil və mədəniyyət mərkəzi olan İrəvan tarixi dövründə bir çox ziyalılar nəsli yetirmişdir. Bu nəslin yetişməsində İrəvan Müəllimlər Seminariyasının rolu müstəsnadır. 37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət alır. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir. 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır. Bu tədris ocağının Azərbaycanda xalq məktəbi və maarifinin inkişafında müstəsna xidməti olub. Bu seminariyanı bitirmiş məzunların böyük əksəriyyəti Azərbaycanın ucqar qəza və kəndlərinə gedərək orada pedaqoji fəaliyyət göstərmişlər. İrəvan Müəllimlər Seminariyası pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır.

İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASININ MƏZUNU

Tarixdən də məlumdur ki, İrəvan, Göyçə, Zəngəzurda min illərlə yaşayan ata-babalarımızın zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaranmışdır. İrəvan şəhəri yarandığı zamandan Azərbaycan xalqının mənəviyyat və mədəniyyət mərkəzinə çevrilmiş və Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmuşdur. Soydaşlarımız Qərbi Azərbaycan ərazisində maddi və mənəvi dəyərlərin, təlim-tərbiyə, dövlətçilik ənənələrini yaratmışdılar.
İrəvanda doğulan və İrəvan Müəllimlər Seminariyasının məzunlarından olan Rəşid İsmayılov haqqında söz açacağıq. Tanınmış publisist, tarixşünas-alim və pedaqoq Rəşid bəy Əsəd oğlu İsmayılov 1877-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan Müəllimlər Seminariyasını bitirmişdir. O, 1903-cü ildə "Şərqi-rus" qəzetində fəaliyyətə başlamışdır. Bununla yanaşı, Qafqazda və Rusiyada çap olunan rusdilli mətbuatda – "Sankt-Peterburqskiye vedomosti" və s. məqalələr dərc etdirmişdir. Rəşid bəy İsmayılov bir il "Tiflisskiy listok" qəzetində çalışmışdır. Dövrün görkəmli şəxsiyyətləri Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev (Ağaoğlu), Əlimərdan bəy Topçubaşov və başqaları ilə sıx əlaqələri olmuş, onlarla birlikdə fəaliyyət göstərmişdir. "Şərqi-rus" qəzetinin nəşri dayandırıldıqdan sonra "Novoye obozreniye" qəzetinin müsəlman həyatı və Yaxın Şərq şöbələrinə rəhbərlik etmişdir. Onu da bildirək ki, Rəşid bəyin böyük qardaşı Kərim bəy İsmayılov da 1892-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, "Molla Nəsrəddin" jurnalının əməkdaşı olmuşdu.
Rəşid bəy İsmayılov "Təzə zaman" adlı qəzet nəşr etdirmək üçün Qafqaz canişininə ərizə ilə müraciət etsə də, onun panislamist olmasını bəhanə gərirərək qəzetin nəşrinə icazə verilməmişdi. Onun "Müxtəsər Qafqaz tarixi və Zaqafqasiyada zühur edən məşhur türk ədib və şairlərinin müxtəsərən tərcümeyi-halları" kitabı 1904-cü ildə Tiflisdə "Şərqi-rus" mətbəəsində Azərbaycan türkcəsində çap olunmuşdur. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır. Rəşid bəy İsmayılov Zurab Antonovun "Koroğlu" pyesini gürcü dilindən azərbaycancaya çevirmiş və həmin əsər Tiflis teatrında tamaşaya qoyulmuşdu.

AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ, VƏTƏNƏ MƏHƏBBƏT

Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasında məsul vəzifədə çalışmışdır. 1919-cu il yanvarın 15-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlıların fövqəladə iclası keçirilmiş və İrəvan quberniyası müsəlmanlarının həmyerlilər Cəmiyyəti təsis edilmişdir. Rəşid bəy İsmayılov bu cəmiyyətin məsul katibi kimi səmərəli fəaliyyət göstərmişdir. Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıdakı 18 nömrəli məktəbdə tarix müəllimi işləmişdir. Azərbaycan tarixinin elmi mənbələr əsasında araşdırılması sahəsində A.A.Bakıxanovdan sonra ikinci təşəbbüsü Rəşid bəy İsmayılov göstərmişdir. Onun Azərbaycanın tarixinin qədim dövrlərdən başlayaraq 1920-ci ilin aprelində sovet hakimiyyətinin qurulmasınadək olan dövrünü işıqlandıran "Azərbaycan tarixi" adlı kitabı 1923 ildə Bakıda çap olunmuşdur. Əsərdə "Mavərayi-Qafqazın elani-istiqlalı" bölməsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyətə, "Azərbaycan Cümhuriyyəti" bölməsi isə bilavasitə onun qurulmasına və fəaliyyətinə həsr edilmişdir. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır.
Rəşid bəy İsmayılov1941-ci ildə Bakıda vəfat etmişdir.
Rəşid bəy İsmayılovun "Azərbaycan tarixi" əsəri 1993-cü ildə "Azərnəşr" tərəfindən kiril əlifbası ilə yenidən çap edilmişdir. Onun keçdiyi şərəfli yolda azərbaycançılıq məfkurəsi, vətənə məhəbbəti açıq-aydın görünür.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər