PDF Oxu

Siyasət

  • 752

20 Yanvar... 20 Sentyabr: başlanğıc və son -TƏHLİL

image

1990-cı il... Nə azad idik, nə müstəqil. Lakin azad ruhlu idik, müstəqil olmaq ən ümdə arzumuz idi. Çünki azadlığı çox arzulayıb, ancaq cəmi 23 ay dadmışdıq. Bu müstəqilliyin əlimizdən alınması üçün başımıza olmazın oyunları gətirilsə də, lakin qanımızda coşan azadlıq eşqi nə 18-də, nə də 90-da sönmək bilmirdi. Odur ki, 70 illik sovet quruluşunun təməli laxlamağa başlayanda, artıq biz azad olmaq, müstəqil respublika qurmaq üçün ayağa qalmış, Azadlıq meydanına axışmış, gecəli-gündüzlü müstəqillik uğrunda mübarizəyə başlamışdıq.

Lakin bu mübariz qanadımızı qırıb 1918-1920-ci illərdəki kimi yanımıza salmaq xülyasında olanlar yenə var idi. Yenidən sovet maşınının sürətini artırmaq, bu quruluşu bərpa etmək istəyənlər Azərbaycandakı bu mücadiləni boğmaq, insanların müstəqillik arzuları üzərində sovet quruluşunun dağınıqlığını bir yerə yığmaq, onu əbədiləşdirmək istəyirdi.

Elə 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə Bakıya sovet qoşunlarının yeridilməsi, mübarizə meydanındaca günahsız insanların qanına qəltan edilməsi, onlara qarşı amansız qətliam törədilməsi ona xidmət edirdi. Lakin xalq azadlıq meydanından çəkilmədi. “Öldü var, döndü yoxdur”,- deyərək mübarizəsini sonadək davam etdirdi. Və bu qətliamı törədənlərə necə mübariz xalq olduğunu sübut etdirdi.

Bəs qarşıda bizi nələr gözləyirdi?.. Bütün bunlardan xəbərsizdik. Elə həmin gündən üzərimizə qoşun göndərənlərin məkrli planları bir-birinin ardınca həyata keçirilməyə başlandı. Bu gündən düz 35 il əvvələ saldığımız nəzər keşməkeşli yollarla haradan haraya gəlib çıxan bir xalqın tarixinin qəhrəmanlıq səhifələrini vərəqləyir, bizi aradan bir qərinəyədək ötən dövrə yenidən aparır...

Biz müstəqilliyi necə bərpa etdik?

90-cı illəri xatırlayanlar bunu çox yaxşı bilirlər ki, biz müstəqilliyi həqiqətən də damla-damla, qətrə-qətrə bərpa edə bildik. Bu müstəqilliyin də taleyi 1918-ci ildəkinin eynisi idi. Yenə hər kəs bir tərəfdən onun bərpa olunmasına qarşı çıxır, əsrlərin arzusu olan azadlıq istəyini xalqımızın əlindən almaq üçün bütün yollardan istifadə edirdilər. O zaman Azərbaycanda hakimiyyətdə olanlar da təəssüf ki, bu cür qüvvələrə havadar çıxır, vəzifələrini itirməmək naminə qara qüvvələrin istəklərinə boyun əyirdilər.

Belə çətin bir dövrdə Ümummilli Liderimiz Heydər Əliyev 20 Yanvar faciəsinə etiraz edib Moskvadan Vətənə qayıtmasaydı, xalqın təkidi ilə hakimiyyətə gəlməsəydi, müstəqilliyimiz odövrkü hadisələr girdabında qurban gedəcəkdi. Lakin Ulu Öndər həmin hadisələrin axarını dəyişdi. Belə ki, ilkin olaraq səriştəsiz vəzifəli şəxslər tutduqları vəzifələrdən azad edildi, ölkədaxili ixtişaşlara son qoyuldu, sabitlik bərqərar olundu. Daha sonra isə müstəqilliyin özülü möhkəmləndirilməyə başlandı. Ulu Öndər Azərbaycanı dünya miqyasına çıxardı, tanıtdı.

Lakin böyük Heydər Əliyev hakimiyyətə gələnədək artıq həmin ünsürlər Azərbaycanın ərazi bütövlüyünə xəyanət etmiş, torpaqlarımızın bir qismini düşmənə satmışdı. Düşmən isə həmin ərazilərin sərhədlərində mövqelərini elə gücləndirmişdi ki, artıq həmin torpaqları yenicə müstəqilliyini bərpa etmiş ölkənin xilas etməsi mümkün olmayacaqdı. 90-cı illərin ictimai-siyasi mənzərəsinə bu gündən baxanda aydın görünür ki, xalq öz ərazilərinin mübarizəsinə qalxsa da, müdafiə üçün hakimiyyətdən kömək tələb etsə də, lakin onun səsinə səs verən olmadı. Beləliklə, Qarabağı və Şərqi Zəngəzurun müəyyən ərazilərini itirməli olduq. Minlərlə övladımız şəhid oldu, itkin düşdü, sağlamlığını itirdi.

Bütün bu hadisələrin fonunda müstəqilliyi qoruyub saxlamağın nə qədər çətin olduğunu düşündükcə, yenə də o qənaətə gəlmək olur ki, bəli, Ulu Öndər həmin dövrdə hakimiyyətə gəlməsəydi, Naxçıvan da Qarabağ kimi işğal olunacaqdı, üstəlik də müstəqilliyimizi də yenidən itirəcəkdik. Çünki Bakıda 20 Yanvar faciəsi törədilən gecə ermənilər Naxçıvan sərhədlərinə də hücum etmişdi. Ölkə daxilində bu iki böyük hadisənin bir gecədə baş verməsi isə bütün bunların əvvəldən hazırlanmış plan olduğunu təsdiqləyən amildir.

90-cı illərdən ötən 30 il

1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbil olundu. İlk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada üçrəngli bayrağımız müstəqil Azərbaycanın rəmzi olaraq dövlət bayrağı kimi qaldırıldı. Başımız üzərində 70 il dalğalandırılan bayrağın yerini azadlığımızın və arzularımızın rəmzi olan bayrağımız aldı.

Ulu Öndər ölkənin dağıdılmış iqtisadiyyatı üzərində yeni bir Azərbaycan qurdu. 70 il sovet quruluşunun tərkibində müstəmləkə ölkə yavaş-yavaş müstəqilliyə uyğunlaşdırıldı, dirçəldilməyə başlandı. Dövlət və dövlətçilik bərqərar olundu. Sovet ordusunun töküntüləri ölkədən tamamilə təmizləndi. Və milli ordunun yaradılmasına başlandı.

Qarabağda vəziyyət isə dəyişilməz qalırdı. Nankor ermənilər sərhədlərimizdə hər saat, hər dəqiqə, gecəli-gündüzlü münaqişələr törədir, yeni ərazilər işğal etməyi planlaşdırırdı. Lakin bütün bunların qarşısı Ulu Öndər tərəfindən qısa zamanda alındı. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandı. Və həmin müqavilənin əsas məqsədi Azərbaycanın dinclik şəraitində vaxt əldə etməsi, ölkənin iqtisadi gücünün nizamlaması, ordunun təkmilləşdirilməsi idi. Çünki bunlar olmasaydı, arxasında böyük qüvvələr dayanan Ermənistandan bir qarış torpaq da geri almaq mümkün olmayacaqdı. Əksinə, yeni qırğınlar baş verəcək, yeni torpaqlar zəbt olunacaqdı.

Ümummilli Liderimizin uzaqgörən siyasəti bütün bu məsələlərin həlli yolu oldu. Torpaqlarımızın son qarışınadək azad ediləcəyini bütün çıxışlarında bildirən Ulu Öndər Heydər Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayır, bunun bir gün reallaşacağına əmin olduğunu söyləyirdi.

Həqiqətən də Azərbaycana zaman lazım idi. Müharibə başlamaq, torpaq azad etmək üçün böyük gücə ehtiyac vardı. Lakin ömür buna maneçilik törətdi. Ulu Öndəri itirdik, lakin onun ideyaları, gələcəyə hesablanmış inkişaf strategiyası 2004-cü ildə Prezident seçilən cənab İlham Əliyev tərəfindən eyni ideologiyaya istinadən davam etdirilməyə başlandı.

Torpaqlarımızın 2020-ci ildə azad edilməsinədək artıq ölkəmiz dünyanın tanıdığı güclü dövlətlərdən birinə çevrilmişdi. Prezident İlham Əliyev fəaliyyəti dövründə ölkənin ümumi inkişafını ordu quruculuğu ilə birlikdə həyata keçirmişdi. Hər dəfə torpaqlarımızın azad edilməsinin sülh yolu ilə mümkün olmadığı təqdirdə hərb yolu ilə olacağını bildirən ölkə başçısı dövləti hər iki variant üçün hazırlamışdı.

Uzun illər Qarabağın sülh yolu ilə alınmasına çalışdıq. Çünki biz müharibə görmüş xalq idik. Birinci Vətən müharibəsində minlərlə soydaşımız şəhid olmuşdu, minlərlə övladımız sağlamlığını itirmişdi. Bu hadisələrin bir daha təkrar olmaması üçün dövlətimizin başçısı beynəlxalq kürsülərdən dünyanı ədalətə səsləyirdi, haqqın kimin tərəfində olduğunu görməyə çağırırdı. Lakin səsimizə səs verən, haqqı görmək fikrində olan yox idi.

Beləliklə, biz hərbi yolu seçməli olduq. Çünki Qarabağın və Şərqi Zəngəzurun işğal olunmuş əraziləri bizin tarixi torpaqlarımız idi və ölkəmizin sahib olduğu güc artıq onların düşməndən geri alınması günü gətirmişdi. Həmin gün 2020-ci ilin 27 sentyabrından başlayıb 10 noyabrında bitən 44 gün oldu. Azərbaycan xalqı Ali Baş Komandanın sərkərdəliyi və milli ordumuzun qəhrəman əsgər və zabitlərinin birgə səyi ilə Qarabağı düşməndən geri aldı. Yenə də minlərlə şəhid verdik, qazi qazandıq, lakin alnımızın qara ləkəsini şəhid qanı yuyub apardı.

Qarabağa 30 il həsrət qalan üçrəngli bayrağımız əzəli yurdumuzu qarış-qarış gəzdi, zirvələrə qalxdı, müstəqillik nəğməsini o yurdlarda el-el səsləndirdi.

Bakıda başladıq, Xankəndidə bitirdik

Biz Bakıda müstəqil olmaq üçün bir yola çıxmışdıq. Müstəqil olduq da. Lakin zaman elə gətirdi ki, bu müstəqilliyi 30 il bütöv olmayan Vətənimizdə yaşamalı olduq. Bəli, müstəqil olduq, lakin bütöv ola bilmədik. Sanki üzərimizdə bir nəfs qalmışdı, istəklərimizi tam olmağa qoymurdu. Bir tərəfdən hökmən çəkəcəyimiz acılar vardı: 30 il məcburi köçkünlərin acısı kimi, şəhid, qazilərimizin nakam taleləri, bir daha qayıtmayacaq sağlamlıq durumları kimi... Bir də bəxtimizə yazılan nadan erməni ilə qonşuluğumuz kimi...

Baxmayaraq ki, 44 günlük Vətən müharibəsində bu nadan qonşu ağ bayraq qaldırıb təslim olmuşdu, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda üzərinə düşən öhdəlikləri həyata keçirməyə razılıq vermişdi, lakin gəlin görək, xisləti bunları etməyə imkan verdimi? Xeyr, vermədi. Düşmən nə minalanmış ərazilərin xəritəsini ortaya çıxardı, nə də bəyanatın 9-cu bəndinə müvafiq olaraq Naxçıvanı ölkə ilə birləşdirəcək dəhlizin reallaşmasına imkan verdi. Hələ üstəlik o ağırlıqda müharibədən sonra Xankəndidə yeni terrorçu qruplaşma meydana çıxdı. Burada münaqişələr törətməyə, dünyaya isə özlərini yenə məsum xalq kimi təqdim etməyə başladılar.

Lakin 2020-dən ötən 3 il ərzində bunlar hələ də anlamamışdı ki, qarşılarındakı 90-ların Azərbaycanı deyil. Qarşılarında güclü siyasəti, ordusu, hadisələrə yanaşma və həlletmə bacarığı olan dövlət var. Onlar bu dövlətin tarixi ərazilərində istədikləri hərəkəti edə bilməzlər. Və bu dövlətin sərhədləri daxilində qanuna müvafiq şəkildə yaşaya bilərlər.

20 sentyabr 2023-cü ildə Xankəndidə aparılan lokal xarakterli anti-terror tədbirləri ilə bu ərazimiz də düşməndən tamamilə təmizləndi. Beləliklə də Şərqi Zəngəzurun işğal altında olan əraziləri düşməndən azad edildi. Məhz bundan sonra Azərbaycan bütövləşdi, ərazilərimiz tamlaşdı, müstəqillik dalğası sərhədlərimizin bu başından o başınadək yayıldı.

***

20 Yanvardan yola çıxıb gəlib 20 Sentyabrda dayandıq. Biri bizim xalq kimi müstəqilliyə başladığımız tarix, digəri isə dövlətimizi bütövləşdirdiyimiz tarix oldu. Bir başlanğıcla bir son arasında isə 33 il-bir qərinə yaşandı.

Beləliklə, biz bir qərinə içərisində 270- üç yüzilliyə yaxın dövrdən sonra bir salnamə yaratdıq. Həm dövlətimizi müstəqil etdik, həm də üç əsrə yaxın bir dövrdən sonra bütövlüyünü təmin etdik. Və bir qərinəlik zaman kəsiyində belə qənaətə də gəldik ki, bəli, dövlətin başında layiqli və güclü başçı olmayanadək, orduya ağıllı və uzaqgörən sərkərdə rəhbərlik etməyənədək bir xalq nə bütöv, nə də müstəqil ola bilər. Nə yaxşı ki, bu xalqın taleyində Ümummilli Liderimiz Heydər Əliyev və onun siyasi və mənəvi varisi cənab İlham Əliyev varmış. Yoxsa, biz hələ də 90-lardakı kimi mübarizə və mücadilə girdabında çabalamaqda, çıxış yolunu haradasa, kimdəsə axtarmaqdaydıq...

Mətanət Məmmədova

Digər xəbərlər