PDF Oxu

Siyasət

  • 726

Bakı Enerji Həftəsi ölkəmizə yeni tərəfdaşlar qazandırır - ŞƏRH

image

İyunun 1-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirildi. Tədbir çərçivəsində aparılan müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb etdi. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.

Son üç onillikdə “Bakı Enerji Həftəsi” regionun aparıcı beynəlxalq enerji platformalarından birinə çevrilərək dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini, investorları və sənaye mütəxəssislərini enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün bir araya gətirmişdir. Bu il keçirilən tədbirə gəldikdə, regional enerji əməkdaşlığına, enerji təhlükəsizliyinə və beynəlxalq bazarlara enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfələr verən əlamətdar bir inkişaf olan “Şahdəniz” layihəsinin 30-cu ildönümünü qeyd etdiyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bu kimi mühüm məqamları bir daha iştirakçıların diqqətinə çatdırdı. Bildirdi ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın son otuz ildən artıq dövrdə enerji sektorunda keçdiyi inkişaf yolunun, beynəlxalq aləmdə qazandığı nüfuzun aydın mənzərəsini təqdim etdi. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Çıxışında “Hörmətli iştirakçı və təşkilatçı tərəfindən qeyd edildi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Yeri gəlmişkən, təşkilatçılara da öz dərin təşəkkürümüzü bildiririk. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adambaşına düşən ən yüksək qaçqın sayı idi” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu. Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.

Azərbaycan uğurlu enerji siyasəti nəticəsində dünyanın aparıcı enerji layihələrinin təşəbbüskarı və iştirakçısına çevrilib. Regional çərçivədə başlayan əməkdaşlıq hazırda beynəlxalq səviyyədə uğurla inkişaf etdirilir, yeni əməkdaşlıq formatları yaradılır, dövrün çağırışlarına uyğun olaraq yaşıl enerjiyə keçid prosesi uğurla həyata keçirilir. Azərbaycan artıq ənənəvi enerji istehsalçısı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində də mühüm layihələr həyata keçirir. Günəş, külək və hidroenerji potensialının inkişaf etdirilməsi gələcək enerji strategiyasının əsas istiqamətlərindən biridir.

Dövlətimizin başçısı İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, Azərbaycanın uğurlu enerji siyasəti iqtisadi və siyasi müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun artırılmasında, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Hər il ənənəvi keçirilən Bakı Enerji Həftəsi bu imkanların təqdimatında öz sözünü deyir, Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırır.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Digər xəbərlər