Məlum olduğu kimi, Bakı AŞPA-da formalaşan dözülməz irqçilik, Azərbaycanafobiya və islamofobiya mühiti qarşısında bu strukturda əməkdaşlığı dondurdu. Öz növbəsində, AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməkdən imtina edib.
Bunun Azərbaycan üçün hansı nəticələri ola bilər? AŞPA niyə ölkəmizə qarşı silahlanıb? Sonra nə olacaq? Bu sualları xarici ekspertlər “Caliber” analitik mərkəzinə cavablandırıblar. Ekspert rəylərini oxucularımıza təqdim edirik.
Rusiya Federasiyasının Siyasi və Sosial Texnologiyalar Laboratoriyasının rəhbəri Aleksey Nejivoy hesab edir ki, Azərbaycan AŞPA ilə əməkdaşlığı dondurmaq qərarına gəlməklə tamamilə düzgün iş görüb.
“Bu struktur indiki formada artıq nüfuzunu itirib, Avropa xalqlarının maraqlarına cavab vermir. Orada əsas hegemonluq etməyə çalışan qlobalist şər qüvvələrin marağıdır. Azərbaycan iqtisadiyyatı ilə yaxşı gedir, inkişaf vektoru və müttəfiqləri ilə hər şey yaxşıdır. Yaxın Şərqdəki münaqişə fonunda Qərb dünyasında çaxnaşma güclənir, dünyanın qalan hissəsinə qarət oluna və əsarət altına alına bilən “barbarlar” kimi yanaşmaq artıq mümkün deyil və bundan sonra da mümkün olmayacaq. Rusiya və Afrika ilə birlikdə İslam dünyası əlcəyi Qərbin üzünə atıb.
Amma Ermənistanı fəlakətə sürükləyən zəif erməni elitası dünya gücünü itirməkdə olan Qərb elitasının əlində oyuncağa və ümumiyyətlə, Ukraynanın taleyini erməni xalqına hazırlayan reallıq ipinə çevrilir- ” A. Nejivoy deyib.
Öz növbəsində, Rusiya Müasir Dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikov Azərbaycanın AŞPA ilə əməkdaşlıqla bağlı qərarını balanslaşdırılmış hesab edir.
“Hesab edirəm ki, Azərbaycanın qərarı düzgündür. Yeri gəlmişkən, Rusiyanın AŞPA ilə bağlı mövqeyi də oxşardır. Biz üçüncü tərəf oyunçularının- beynəlxalq təşkilatların suveren dövlətləri və onların nümayəndələrinin ləyaqətini alçaltmasına imkan verməməliyik. Müvafiq olaraq, bu halda AŞPA uduzur, çünki Azərbaycandan fərqli olaraq öz imkanlarını azaldır, imic və reputasiya itkilərinə məruz qalır. İslamofobiyanın təzahür edən amili isə AŞPA-nın beynəlxalq imkanlarının azalmasına töhfə verməkdə davam edəcək”,- D.Solonnikov bildirib.
Bu fikri Rusiya Etnomilli Strategiyalar Agentliyinin direktoru, tarix elmləri doktoru Aleksandr Kobrinski də bölüşür.
“Azərbaycanın qərarı indiki vəziyyətə adekvatdır. Bakı burada uduzmayacaq. AŞPA boş bir təşkilatdır və daim qurbana ehtiyacı olan elit avropalı avaralar üçün sığınacaqdır. Əgər kimsə çaqqalların qurbanı olmaqdan həzz alırsa, bu, Azərbaycan üçün deyil. Təqib hədəfi olmasa, AŞPA uzun müddət mövcud olmayacaq.
Azad və qürurlu millətlərə nəzarət etmək və onları sıxışdırmaq üçün yaradılmış bu təşkilatda Rusiya çoxdan fəaliyyətini dayandırıb”,- deyə A.Kobrinski bildirib.
Ukrayna analitik mərkəzinin prezidenti Aleksandr Oxrimenkonun sözlərinə görə, AŞPA nümunəsi beynəlxalq təşkilatların ayrı-ayrı ölkələrin maraqları üçün lobbiçiyə çevrilməsinin yolverilməzliyini göstərir.
“Azərbaycan sərt mövqe tutmaqla düzgün iş gördü. İndi AŞPA dəyişmək və bütün dünyada nəzərə alınacaq həqiqi beynəlxalq təşkilata çevrilmək barədə düşünməlidir. AŞPA-nın iş metodlarını və üslubunu dəyişmək lazımdır. Dünya dəyişib, buna uyğun olaraq bizə yeni beynəlxalq təşkilatlar və yeni yanaşma lazımdır”,- A.Oxrimenko əmindir.
Qazaxıstanlı ekonometriya professoru, Nyu-York Elmlər Akademiyasının üzvü Nurlan Munbayev hesab edir ki, AŞPA Azərbaycan və ya digər üzv dövlətlər tərəfindən etimadın itirilməsi səbəbindən siyasi itkilərlə üzləşə bilər.
“Etiraf edirəm ki, Azərbaycan gələcəkdə AŞPA və onun hərəkətləri ilə razılaşmayan digər ölkələrin beynəlxalq tənqidi və sanksiyaları ilə üzləşə bilər. Lakin yekun nəticələr gələcək diplomatik işlərdən və beynəlxalq ictimaiyyətin reaksiyasından asılı olacaq. Azərbaycanla AŞPA arasında münasibətlər həmişə kifayət qədər gərgin olub.
Bir tərəfdən, AŞPA Avropa Şurası çərçivəsində əməkdaşlığa və dialoqa töhfə vermiş üzvlərindən birini itirir. Digər tərəfdən, Azərbaycan AŞPA-da öz maraqlarını və mövqelərini müdafiə etmək imkanından məhrumdur. Mən istisna etməzdim ki, hər iki tərəf dialoqa və kompromislərə hazır olsalar, gələcəkdə etimadı və əməkdaşlığı bərpa etmək yollarını tapa bilərlər. Amma hələlik vəziyyət gərgin və qeyri-müəyyən görünür. Və daha çox ona görə ki, Azərbaycan həqiqətən də bəzi insan haqları məsələlərində dəstək əvəzinə AŞPA-dan ancaq tənqid aldı.
Hesab edirəm ki, AŞPA Azərbaycan və Qazaxıstan kimi təkcə Avropa təşkilatları ilə fəal əməkdaşlıq etmək deyil, həm də öz prioritetləri və milli maraqlarını müdafiə etmək iqtidarında olan dövlətlərlə kompromis həll yolları tapmaq üçün beynəlxalq diplomatiyanın qanun və prinsiplərinə əməl etsəydi, daha düzgün olardı”,- N. Münbayev bildirib.
Gürcü politoloq, Rusiya Federasiyası Maliyyə Universitetinin eksperti, Qafqaz-Gürcüstan İslam Araşdırmaları Mərkəzinin direktoru Şota Axaidze hesab edir ki, AŞPA-ya üzv olmaq və ya bu qurumdan çıxmaq Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb etmir.
“Əksinə, Azərbaycan bu strukturdan çıxsa, uduzan AŞPA olacaq. Birincisi, ona görə ki, AŞPA nominal təşkilatdır və qərarları məsləhət xarakteri daşıyır. İkincisi, ona görə ki, Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir, onunla əməkdaşlıq Avropa üçün faydalıdır”,- deyən Ş.Axaidze əlavə edib ki, Qərb siyasəti əsasən bu regionda sabitliyin pozulmasına yönəlib.
Tərcümə - Elçin Bayramlı