PDF Oxu

Siyasət

  • 1 232

Mücadilə dolu ömür yaşayan Məhəmməd Əmin Rəsulzadə TƏHLİL

image

Görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şurasının sədri, AXC Parlamentində "Müsavat" və bitərəflər fraksiyasının sədri Məhəmməd Əmin Rəsulzadənin bu gün doğum günüdür. XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdən biridir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Onun dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Bildiyimiz kimi, "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, uzun illər ərzində müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmış Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir."Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal"- deyən Məhəmməd Əmin Rəsulzadə mücadiləli bir ömür yaşamışdır.

BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ!”

Onun " Bir kərə yüksələn bayraq, bir daha enməz!" sözləri zamanında ayaq üstə sürəkli alqışlar ilə qarşılanmışdı və hər kəsin yaddaşında yaşayan bir şüara çevrilmişdir.Kimdir Məhəmməd Əmin Rəsulzadə? Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. O, pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbində təhsil almışdır. Buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və ona başçılıq etmişdir. Təşkilat mətbəə üsulu ilə intibahnamələr çap edib əhali arasında yaymışdır. 1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" qrupunun yaradılmasında iştirak etmişdir. Bu dövrdə mətbuatda - "Şərqi-Rus", "Hümmət", "Təkamül" və s. dərc olunmuş yazılarında xalqa söz, mətbuat, vicdan, cəmiyyət və ittifaqlar yaratmaq azadlıqları verilməsi, vətəndaşların əmlakının və canlarının toxunulmazlığının təmin olunması tələbləri ilə çıxış edir, xalqı maariflənməyə çağırır, Rusiyanın Azərbaycanda yeritdyi milli qırğın siyasətini kəskin tənqid edirdi. 1905-07-ci illər rus inqilabının gedişində və bundan sonra Azərbaycanda yaranan milli oyanış, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan "türkləşmək, islamlaşmaq və müasirləşmək" məfkurəsi Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşma¬sına güclü təsir göstərmişdir. 1906-07-ci illərdə "Təkamül"də, həmçinin başqa qəzetlərdə millətlərə, tayfalara, siniflərə, insanlara hüquq bərabərliyi və azadlıq tələb edən yazılarla çıxış etmiş və zaman keçdikcə bu siyasi tələbləri "insanlara hürriyyət, millətlərə istiqlal!" çağırışı kimi formalaşdırmışdır.
Qeyd edək ki, Zaqafqaziya seymi dağıldıqda Rəsulzadə Batum konfransında iştirak etdiyinə görə gizli səsvermə nəticəsində qiyabi olaraq Azərbaycan Milli Şurasının sədri seçilir (1918-ci il, 27 may). Milli Şura Azərbaycanı müstəqil dövlət elan edir və M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri kimi xarici işlər naziri Məmməd Həsən Hacınski ilə birlikdə Osmanlı dövləti ilə Batum müqaviləsini imzalayır. Rəsulzadə dövlət xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin iyununda baş vermiş ilk hökumət böhranın aradan qaldırılmasında mühüm rol oynamışdır.
M.Ə.Rəsulzadə Parlamentdə Bakı Dövlət Universitetinin açılması ətrafında gedən müzakirələrdə də qətiyyətli çıxışlar etmişdi. O, milli kadrların azlığına görə Universitetin açılmasını vaxtsız hesab edənlərə və başqa dildə açılmasına qarşı çıxanlara cavabında demişdi: "...Universitetin təsis edilməsi dövlətin əsas vəzifələrindən biri olmalıdır, buna görə də bütün maneələr aradan qaldırılmalıdır. Əlbəttə, yaxşı olardı ki, açılacaq elm ocağı türk dilində olaydı, lakin bu hələlik mümkün deyildir. Lakin, bu, başqa dildə də olsa, Universitetin fəaliyyət göstərməsinə mane olmamalıdır. ...Universitetdə türk dili keçiləcək, tələbələrin özləri də Bakıda, öz doğma xalqı içərisində özlərini rahat hiss edəcəklər". M.Ə.Rəsulzadə Universitet fəaliyyətə başladıqdan sonra tarix-filologiya fakültəsində Osmanlı ədəbiyyatı tarixindən dərs demişdir.

QIRMIZI İSTİLA VƏ SONRAKI DÖNƏM

1920-ci il aprelin 27-də XI Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra gizli fəaliyyətə keçən Rəsulzadənin göstərişi ilə Bakıda "Müsavat"ın gizli mərkəzi yaradıldı. Rəsulzadə qırmızı istiladan sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarının dağıdılması, repressiyalar, qanlı qırğınlar dövründə xalqın sovet-bolşevik rejiminə qarşı göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafizə etməkdə olduğuna inandığını bildirirdi.
1922-ci ilin sonlarında onun İstanbulda siyasi mühacir həyatı başlandı. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən ibarə etmək məqsədilə Azərbaycan Milli Mərkəzini, "Müsavat" Partiyasının Xarici Bürosunu yaratdı və "Müsavat"ın Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatına istiqamət verdi. 1934-cü ildə Ə.Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzaladı. Sazişə əsasən, Qafqazda Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikalarından ibarət konfederasiya dövləti - respublikası yaratmaq nəzərdə tutulurdu. Ə.Topçubaşovun ölümündən sonra siyasi mühacirətin istiqlal mübarizəsində aparıcı rol oynadı.
1939-cu ildə İkinci dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Rumıniyaya keçdi. 1942-ci ildə Azərbaycanın istiqlalına nail olmaq məqsədilə Almaniyanın Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girdi. Lakin danışıqlar uğursuzluqla nəticələndi. M.Ə.Rəsulzadə Berlində "Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilası və istiqlalı üçün mübarizə etmək, qafqaziyalı millətlərin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıx surətdə işbirliyi təmin etmək məqsədilə Milli Azərbaycan Komitəsi yaratdı. Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin tanınması məsələsində müsbət nəticə əldə olunmadığını görən Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyanı tərk edib Buxarestə getdi. Müharibənin sonuna yaxın Münxendə gizli şəraitdə yaşayan Rəsulzadənin yaratdığı "Azərbaycan Demokrat Birliyi" cəmiyyəti azərbaycan¬lıların faşist əsirliyindən azad olunmasına, bir müddət sonra yaratdığı "Türkiyə-Azərbaycan" cəmiyyəti isə onların Türkiyəyə aparılmasına kömək göstərdi.
Rəsulzadə Azərbaycanın mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biri kimi tanınmışdır. Onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ədəbi-publisistik fəaliyyətini siyasi mühacirət illərindo də davam etdirmiş, Azərbaycan xalqının tarixi və ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələr dərc etdirmişdir. Rəsulzadə Ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir. 1955-ci il, mart ayının 6-da Ankarada vəfat etmiş və həmin şəhərin Əsri qəbristanında dəfn olunmuşdur.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər