Siyasət

  • 2 861

Müşahidə missiyasının rəhbəri: Azərbaycandan nümunə götürülməlidir – MÜSAHİBƏ, VİDEO

image

Qriqori Karasin: Seçicilərin gözündəki nikbinliyi görərək onların hansısa mücərrəd gücə və ya rəqəmə yox, gələcəkdə onlara, onların övladlarına, nəvələrinə sabit, buludsuz bir həyat bəxş edəcək prezidentə səs verdiklərini anladıq

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Federasiya Şurasının Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə missiyasının rəhbəri Qriqori Karasin fevralın 7-də Bakıdakı seçki məntəqələrində olub. Qriqori Karasin Azərbaycandakı seçki prosesi ilə bağlı fikirlərini “Moskva-Baku” portalı ilə bölüşüb.

-Qriqori Borisoviç, Azərbaycanda keçirilən prezident seçkilərində seçki prosesini necə qiymətləndirirsiniz?

- Biz səhər tezdən bir neçə seçki məntəqəsində olduq və insanların səs vermək əhval-ruhiyyəsinin necə olduğunu gördük. Mən seçicilərin gözündəki nikbinliyi və onların hansısa mücərrəd gücə və ya rəqəmə yox, gələcəkdə onlara, onların övladlarına, nəvələrinə sabit, buludsuz bir həyat bəxş edəcək prezidentə səs verdikləri anlayışını qeyd edərdim. Biz burada emosional optimizm hiss etdik. Eyni zamanda, seçkilərin demək olar ki, mükəmməl təşkilini qeyd etmək istərdim. Seçkilərin necə keçirilməsi ilə bağlı beynəlxalq müqavilələrə tam uyğun olan geniş zallar. Bir sözlə, heyran qaldıq. Yaxın vaxtlarda- daha dəqiqi- martda Rusiyada prezident seçkilərinin keçiriləcəyini nəzərə alaraq, burada daha çox seçki məntəqələrinə baş çəkməyə çalışdıq ki, imkanları müqayisə edək, hətta Azərbaycanın indi nümayiş etdirdiyi seçkilərin təşkilinin bəzi formalarından nümunə götürməyə çalışaq.

- Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycan nümayəndə heyətinin hansı tərkibdə gələcəyi artıq məlumdurmu?

- Hələ yox. Dəvət var, hər şey dəqiqləşən kimi bizə məlumat veriləcək. Prinsipcə, hələ martın 17-nə qədər vaxt var.

- Fevralda Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin imzalanmasının 2 ili tamam olacaq. Rusiya və Azərbaycan öz müttəfiqləri ilə necə münasibət qura və bugünkü çağırışlara birgə cavab verə bilirlər?

- Moskva ilə Bakının dövlətlərimizin rəhbərləri səviyyəsində müttəfiqlik üzrə qarşılıqlı fəaliyyət haqqında sənəd imzalaması, ümumilikdə, beynəlxalq sabitliyə, Cənubi Qafqazda mövqe və vəziyyətin proqnozlaşdırılmasına çox mühüm töhfədir. Və iş tam sürətlə gedir. İqtisadi, sosial, humanitar məsələlərlə bağlı danışıqlar davam edir, iki ölkənin hökumətləri işləyir, parlamentlərarası əlaqələr də intensivləşir. Keçən ilin dekabrında biz burada birgə komissiya keçirdik, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdük, səmimi və zəngin söhbətimiz oldu. Əminəm ki, əməkdaşlığımız yalnız bütün sahələrdə genişlənəcək.

- Bu gün təkcə Rusiya deyil, Azərbaycan da bəzi Qərb dövlətləri və strukturlarının təzyiqləri ilə üzləşir. Bu yaxınlarda AŞPA Azərbaycan nümayəndə heyətinin strukturdakı hüquqlarını təsdiqləməkdən imtina edib. Bu, Qərbin ölkələrimizin “həddindən artıq” suverenliyini bəyənməməsi ilə bağlıdır?

- Mən AŞPA-da olan biabırçılığın yeganə səbəbi olaraq bunu adlandırmazdım. Azərbaycanın müvafiq qərar qəbul edərək siyasi iradə nümayiş etdirməsi çox vacibdir. Daha doğrusu, bu, Qərbin siyasətinin ümumi sərtləşməsi və müxtəlif kanallarla suveren dövlətlərə təzyiq etmək istəyi ilə bağlıdır. Biz qarşılıqlı anlaşma tərəfdarıyıq, amma ölkəmiz əleyhinə danışanda da susmayacağıq.

- Rusiyanın vasitəçiliyi ilə 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən üçtərəfli bəyanat imzalandı. İndi Ermənistan tərəfindən bu bəyanatı demək olar ki, ləğv etmək və Qərbi sülh prosesinə cəlb etmək cəhdləri var. Bu cəhdlərin məqsədi nədir?

- Bizim erməni qonşularımız bəzən Ermənistan rəhbərliyinin ağzından ziddiyyətli bəyanatlar verirlər. Biz onlara dəqiqliklə və tənqidi yanaşmalı, amma ondan bir növ dram yaratmamalıyıq. Vəziyyət inkişaf edir, biz sağlam düşüncəyə ümid edirik ki, əvvəllər mövcud olan bir çox əsas problemlər, o cümlədən Qarabağın taleyi də öz həllini tapıb. Ermənistanın baş naziri Paşinyan bu haqda danışır, Bakıda da danışırlar. Keçmişdən bizə qalan bütün problemləri birlikdə həll etməyə davam edəcəyik.

- Parlamentlərarası İttifaqın baş katibi iki ölkənin parlamentləri səviyyəsində təmaslar formatının yaradılması üçün bu ilin martında Azərbaycan və Ermənistan parlament sədrlərinin Cenevrədə mümkün görüşünün keçiriləcəyini açıqlayıb. Bildiyiniz kimi, ilkin olaraq Rusiya öz vasitəçiliyi ilə oxşar formatın yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Ancaq bu təşəbbüs nəticə vermədi. Sizcə, niyə?

- Bu suala cavab vermək mənim üçün çətindir. Arzu edirəm ki, həm Ermənistan, həm də Azərbaycan parlamentləri konkret problemlərin həlli üçün mümkün qədər sıx əməkdaşlıq etsinlər. Biz Rusiya Federasiyasının Federasiya Şurası olaraq əməkdaşlığa hazırıq.

- Fevralın sonunda Moskvada Rusiya-Azərbaycan regionlararası forumu keçirilməlidir. Bu qarşılıqlı əlaqə formatını necə qiymətləndirirsiniz?

- Mən bunu çox müsbət qiymətləndirirəm. Dünən Azərbaycanda olduğumuzdan istifadə edərək ölkələrimiz arasında keçid məntəqəsinin yerləşdiyi Samur körpüsünədək getdik. Gördük ki, orada yeniliklər var, Azərbaycanın regionları ilə Dağıstan arasında qarşılıqlı əlaqə sadələşdirilib. Amma biz də maraqlıyıq ki, Rusiya Federasiyasının digər qurumları da öz azərbaycanlı həmkarları ilə qarşılıqlı əlaqədə olsunlar və parlamentin dəstəyi ilə buna töhfə versinlər. Belə tədbirlər silsiləsi planlaşdırırıq. Yeri gəlmişkən, mən Milli Məclisdəki həmkarlarımla 2024-cü ilin ikinci yarısında ərazimizdə Rusiya-Azərbaycan birgə komissiyasının keçirilməsini müzakirə etmişik və həmin komissiyada bütün bu məsələlər müzakirə olunacaq.

Tərcümə - Elçin Bayramlı

Müsahibəyə video formatda buradan baxa bilərsiniz

Digər xəbərlər