PDF Oxu

MİA

  • 995

Kişilər gününə qadın gözü ilə baxış

image

Lalə Mehralı

Lap kiçikliyimizdən bizə kişi fiqurunun əhəmiyyəti, ailədəki yeri, vəzifələri, öhdəlikləri haqqında çox danışılıb. Evdə böyüklərimiz, məktəbdə müəllimlərimiz. Biz kişinin əyilməz, sınmaz, yenilməz olduğunu eşidə-eşidə, görə-görə böyümüşük, kişi müəllimlərimizdən dərs almışıq, atamızın sözü ailə konstitutsiyası olub, babamızın sözü nəslin qanunu olub. Sözü kişilər söz xətrinə deməyib, söz bir ailənin, bir nəslin diriliyini mühavizə edib.

Hərdən rastlaşıram, gənc nəsil çox iddialıdır bu məsələdə, yazır-pozurlar, “20-30 il əvvəl qadının ailədə söz haqqı yox idi, kişi dediyi ilə razılaşmağa məcbur idi” deyirlər. Qadının söz haqqı bütün dövrlərdə mübahisəli məsələlərdən olub, o dövrdə də, indi də qadını ikinci növ insan kimi görən zehinlər olub, bu baxış tərzinin dövrlə, zamanla, vaxtla əlaqəsi yoxdur. Amma kişi sözü zamanla çox tranformasiyaya uğradı. Əvvəllər kişilərin sözü “kişi sözü” idi – həyat yoldaşını alçaltmayan, ailəsinin rifahına xidmət edən, övladlarının təhsilinə can qoyan kişilərin sözü, bir sözü bir möhürdən, bir qanundan daha ağır çəkili olan, yeməyən yedirən, içməyən içirən, geyməyən geydirən ataların sözü nə nə mənada ağır ola bilərdi ki?

Müqayisə edirəm çox şeyi, dövrün qadınına “sən güclüsən” deyə-deyə ərindən, ailəsindən uzaqlaşdıran cərəyanlar daha çox kişilərin ailədə, cəmiyyətdə rolunun azalmasına, özünü yetərsiz, qədərsiz hiss etməsinə xidmət etmədimi? Ərindən çox qazanan, ərindən daha yaxşı iş tapa bilən qadınlara ailəsi ilə hesablaşmamağı, ər ilə məsləhətləşməməyi öyrətmədilərmi ona güc vəd edənlər? Qadınlar var ki, bu tələyə düşmədi, həyat yoldaşını yem etmədi bu cərəyanlara, qazancını ər qazancından ayırmadı, işsiz qalan ərini xor görmədi, ərini rəzil, yox vəzir etdi.

Amma qadınlar da var ki, güc, iş adı altında çökdü. Qadınlar məmnundurmu bu halından? Deyillər. Qadının yükü artdı gücləndikcə. Onun qoltuğunun altına qarpız qoyanlar qarşısında öhdəlikləri çoxaldı. Həm çöldə, həm evdə iş yükünün altında əzildikcə əzildi. Əri iş tapa bilməyən qadınlar ailənin bütün yükünü çiyninə almalı oldu. Evdən məktəbə, məktəbdən bağçaya, bağçadan işə, işdən dükan-bazara, oradan da evə qaçmaqla keçir müasir və güclü qadının günü. 1 işi 10 olan qadın razıdırmı vəziyyətindən? Onun gətirdiyi pulun, qazancın altında isə kişilər əzildi – pul qazana bilmədiyi üçün ailədə söz haqqını itirdi zamanla, ailə büdcəsi bir əldə cəmləndi, atalar uşaqlarına xərclik verə bilmədi, beləcə onların gözündə cılızlaşdı, kiçildikcə kiçildi.

Bütün sosial araşdırmalar, bütün dəstəkləyici proqramlar qadınların ətrafında cəmləşdi, kişilər köməksiz, dəstəksiz qaldı bu proseslərin fonunda. Dedilər ki, “kişidir, bacarar”, “kişidir, öhdəsindən gələr”, “kişilərə həyat asandır” və daha bu kimi sözlər. Kişilər iş tapa bilmədi, kişilər qazanc gətirə bilmədi, kişilər kölgədə qaldı, kişi fiquru silindi yavaş-yavaş cəmiyyətdən.

Bu bizə nə qazandırdı? Güclü qadınlar və təməli sarsılmış ailə modeli. Nikahsız ittifaqlar və atasız doğulan uşaqlar. Bütövlüyü itirilmiş ailələr və boşanma statistikasındakı yüksək şkala. Kişilik anlayışı sıxışdırıldıqca cəmiyyət yönünü, istiqamətini itirdi, kişilər kölgədə qaldıqca dəyərlər aşındı. Qadınlar kimə, nəyə xidmət etdiklərinin fərqində olmadan gender, feminizm xəstəliyinə düçar oldular. Ailəsini o cərəyanlara qurban verənlərin sayı hər gün artdı, qurban verməyənlərə isə çevrəsindəki qadınların stiqması artdı.

Kişilərin nüfuzu geri qaytarılmalıdır. Kişi sözünə güvənilən, etibar edilən cəmiyyət təkrar formalaşmalıdır. Arvadı evdən qaçan, efirə çıxıb ona xəyanət edən arvadına yalvaran, körpə uşağa tamah salan, təcavüz edən, evli ikən qız qaçıran, qonşu gəlinə göz qoyan, gəlininə sataşan “kişi”lərin artdığı cəmiyyətdə tab gətirmək getdikcə daha da çətinləcək bizim üçün. Çünki qadınlar əsl kişi görmək istəyir yanında, ailəsində, çevrəsində, cəmiyyətdə. Qadınlar güvənmək istəyir – namununa sataşmayacaq, ona göz qoymayacaq, yoluna daş yox, gül düzəcək kişilərə. Başqasının namusuna sataşmayan, evli qadını gözünə kəsdirməyən, başqa qızlara da öz qızı, bacısı kimi davranan kişilərin soyqırımı dayanmasa hamı üçün çətin olacaq yaşamaq.

19 noyabr Ümumdünya Kişilər Günüdür: güclü olduğu üçün güc tətbiq etməyən, müasir “kişilik anlayışı”nın əyinlərinə dar gəldiyi, sözdə yox, əməldə kişi olanların günü. Güclü olmaq onlara baha başa gəlir, həm öz yüklərindən, həm də cəmiyyətin onların boyuna biçdiyi rolun yükündən şikayətlənmirlər amma. İndi sözün bütün mənalarında həqiqi kişi olmaq da çətindir. Onlar zamana, dövrə, vəziyyətə görə “oversize” ola bilmirlər, təkölçülüdürlər çünki, kişilik xarakter məsələsidir çünki...

Yaxşı kişilər, yaxşı ki, var...

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər