PDF Oxu

Siyasət

  • 1 197

Yeni Azərbaycan Partiyası müasir dövlətçilik missiyasının ideoloji sütunudu

image

1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat kimi deyil, Azərbaycanın müasir dövlətçilik modelinin formalaşmasında, idarəetmə sisteminin yenilənməsində və müstəqil respublikanın ideoloji xəttinin müəyyənləşməsində həlledici rol oynayan tarixi bir fenomendir. YAP-ın 33 illik tarixi, əslində, müstəqil Azərbaycanın dövlətçilik salnaməsinin siyasi xəttini özündə ehtiva edir. Bu yol iki böyük şəxsiyyətin – Heydər Əliyevin xilaskarlıq missiyası və İlham Əliyevin inkişaf, modernizasiya və qlobal siyasi liderlik kursu ilə tamamlanır.

1992-ci ilin siyasi böhran şəraitində, dövlətçiliyin çökmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda 91 nəfər tanınmış ziyalının Heydər Əliyevə müraciəti və Naxçıvanın sərt siyasi mühitində keçirilən təsis konfransı YAP-ın təməlini qoydu. Partiyanın yaranması Azərbaycanın siyasi sistemində dönüş nöqtəsinə çevrildi: hakimiyyətsizlik və parçalanma meyllərinə qarşı milli həmrəylik təşkil olundu, dövlətçilik ideyalarının konsolidasiyası üçün mühüm addımlar atıldı, baş verə biləcək təhlükələrin düzgün qiymətləndirilməsi sayəsində gələcək inkişaf perspektivləri doğru-düzgün müəyyənləşdirildi.
YAP-ın siyasi lideri Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı və onun “Mən müstəqilliyi qorumaq üçün gəlmişəm” ismarıcı, əslində, Azərbaycanda yeni siyasi-tarixi mərhələnin başlandığını ifadə edirdi. Bu dövrdə partiyanın tarixi missiyası dövlət quruculuğu bxımından üç əsas istiqamətdə cəmləşmişdi: Konstitusiyanın qəbulu (1995), silahlı qüvvələrin qurulması, Parlament və dövlət idarəetmə institutlarının stabil fəaliyyətə başlaması.
Yeni Azərbaycan Partiyasının Heydər Əliyev dövrü (1992–2003) müstəqil və müasir dövlət quruculuğu, siyasi sistemin sabitləşdirilməsi və institusional formalaşması ilə müşayiət olunmuşdur. Həmin illər ərzində YAP güclü təşkilatlanma siyasəti,bölgələrdə partiya strukturlarının qurulması, milli siyasi elitanın formalaşdırılması ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməyə nail olmuşdur.
“Əsrin müqaviləsi” və Azərbaycanın enerji diplomatiyası YAP-ın siyasi xəttinin əsas prioriteti olaraq dövlət müstəqilliyini dönməz etdi. Heydər Əliyevin rəhbərliyi ilə partiya yalnız hakim siyasi qüvvə deyil, həm də milli dövlətçilik ideologiyasının daşıyıcısına çevrildi.
Artıq sıralarında Heydər Əliyev ideyalarına sadiq yüz minlərlə üzvü birləşdirərək ümumxalq partiyasına çevrilmiş YAP-ın İlham Əliyev dövrü isə (2003–2025) modernləşən Azərbaycanın və partiyanın yeni inkişaf strategiyasının müəyyənləşdirilməsi ilə çağdaş tariximizə yazılıb. Ulu Öndərimizin siyasi kursunun ən layiqli davamı kimi səciyyələnən cənab İlham Əliyev dövrü YAP-ın yeni keyfiyyət mərhələsi ilə xarakterizə olunur.
Bu mərhələni bir necə əsas istiqamətdə ümumiləşdirmək olar. Birincisi, sürətli iqtisadi modernizasiya, infrastruktur quruculuğunda tarixi layihələr, regionların inkişafı proqramları və sosial dövlət modelinin güclənməsi Azərbaycanın dinamik inkişaf modelinin tərkib hissələri kimi müəyyənləşmişdir.
YAP beynəlxalq mərkəzlərlə geniş əməkdaşlıq edən regional lider partiyaya çevrilməklə beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına nail olmuşdur.
Bundan əlavə, cəmiyyətin siyasi modernizasiyası dövlət idarəçiliyində kadr islahatlarını, siyasi sistemin yenilənməsini və gənclərin siyasi iştirakının genişləndirilməsini siyasi zərurət kimi ortaya qoymuşdur.
Ən önəmlisi isə, 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən tarixi Zəfər YAP-ın siyasi xəttinin uğurunun təsdiqi oldu. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi və bənzərsizərkərdəlik məharəti sayəsində Azərbaycan yeni geosiyasi reallıqlar formalaşdırmışdır.
Tarixi Qarabağ Zəfərinin yaratdığı yeni reallıqlar, təbii ki, Azərbaycanın tərəqqi strategiyasının ideoloji sütunu olan Yeni Azərbaycan Partiyası qarşısında da günün tələblərinə uyğun yeni vəzifələrin qoyulmasını şərtləndirdi. Bu baxımdan, YAP-ın 2021-ci ildə keçirilmiş VII Qurultayının qərarlarını ciddi tarixi islahatlara, yenilənməyə, yeni siyasi konfiqurasiyanın yaradılmasına, konsolidasiyaya və strateji modernizasiyaya keçid kimi dəyərləndirmək mümkündür.
Bu forum, şübhəsiz, YAP-ın inkişafında yeni səhifə açdı.Onun əsas istiqamətləri ilk növbədə struktur islahatları ilə bağlıdır ki, bu da İdarəetmədə çeviklik, şəffaflıq, kriteriya əsaslı kadr siyasətinin təkmilləşdirilməsini ehtiva edir. Partiyanın rəhbər orqanlarında gənclərin və yeni siyasi nəsilin payı artırılması YAP-ın gəncləşmə siyasətinin təzahürüdür.
Qurultaydan sonrakı dövr ərzində YAP inzibati yanaşmadan ideoloji-siyasi yanaşmaya keçidi təmin edərək cəmiyyətə siyasi partiya - dövlət münasibətlərinin yeni mükəmməl modelini təqdim etmişdir. Bu format YAP-ı yalnız iqtidar partiyası kimi deyil, həm də cəmiyyətin yenilənmə təkliflərini, dövlətlilik ideologiyasını, modern idarəçilik fəlsəfəsini daşıyan avanqard siyasi institut səviyyəsinə yüksəltmişdir.
Ölkə Prezidenti, YAP-nın Sədri cənab İlham Əliyevin çıxışlarında iqtidar partiyasının müasir çağırışlara adekvat fəaliyyətinə dair xüsusi vurğular mövcuddur. Bu tezislər həm partiyanın strateji baxışlarını, həm də yeni dövrün prioritetlərini müəyyənləşdirir. Yeni Azərbaycan Partiyasını müasir Azərbaycanın siyasi dayağı, müstəqilliyimizin təminatçısı, hər zaman yeniliyə açıq, inkişafı qarşısına hədəf qoymuş siyasi qüvvə kimi təqdim edən cənab İlham Əliyev qarşıda duran vəzifələrlə bağlı siyasi iradəsini bəyan etmişdir: “YAP Bizim partiya zamanın tələblərinə uyğun şəkildə daim yenilənməlidir…Partiya üzvləri öz davranışı, biliyi, mədəniyyəti və dövlətçiliyə sədaqəti ilə fərqlənməli, cəmiyyətdə nümunə olmalıdır…YAP-ın gələcəyi gənclərin fəallığından və onların dövlətçilik ideallarına bağlılığından asılıdır…Postmüharibə dövründə quruculuq və bərpa işləri partiyanın qarşısında duran ən böyük tarixi vəzifələrdən biridir…İslahatlar dayanmamalı, əksinə, daha da dərinləşməlidir…YAP bu proseslərin ideoloji və təşkilati avanqardı olmalıdır.”
Bu yanaşma yarandığı vaxtdan indiyədək bütün seçkilərdə - Prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbə qazanan və ölkənin tərəqqisi naminə siyasi təşəbbüsü etibarlı şəkildə əlində saxlamağa nail olan iqtidar partiyasının yalnız siyasi təşkilat kimi deyil, həm də Azərbaycan dövlətçiliyinin inkişafına xidmət edən strateji vektor olduğunu göstərir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər