Siyasət

  • 5 466

Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə

image

Demokratik, hüquqi dövlət qurmaq, əsaslı islahatlar aparmaq üçün, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyi, qanunun aliliyini, asayişi təmin etmək lazımdır. Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq demokratik azadlığa və hüquqlara malikdir. Təsadüfi deyil ki, ölkəmiz dünyada tolerant siyasətlə idarə edilən, habelə tolerant yaşayışın təmin edilməsi ilə məşhur olan azsaylı ölkələrdəndir. Demokratik dövlət statusunu şərəflə daşımağının bir səbəbi də ölkəmizdə ölüm hökmünün olmamasıdır.

XX əsrin sonlarına doğru Azərbaycanın siyasi, sosial və iqtisadi transformasiya prosesi baş verirdi. Bu da öz nöbbəsində hakimiyyət-vətəndaş cəmiyyəti arasında problemlərə səbəb olurdu. Əsas prpblemlər insan hüquq və azadlığı istiqamətində yaranırdı. Demokratik bir cəmiyyət qurmaq istəyən Azərbaycan bunun üçün, ilk növbədə, o cəmiyyətin hüquq və azadlığını təmin etməli idi.

1988-1990-cı illərdə SSRİ-nin tarixi zərurətdən süquta uğradığı bir zamanda Azərbaycan xalqının müqəddəratı sual altında idi və yalnız təcrübəli, ağıllı, cəsarətli, dövlətinə və millətinə bağlı, eyni zamanda gələcəyə böyük ümid bəsləyən şəxsiyyətlərin məsələlərə vaxtında müdaxiləsindən asılı idi. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illərində daxildə gedən hakimiyyət uğrunda mübarizə cəmiyyət-dövlət məsələlərinə də cidi təsir edirdi.

Dövlət müstəqilliyinin qorunması sahəsində atılacaq addımlar mütləq idi, lakin hakimiyyət davası bu addımlara mane olurdu. Azərbaycan xalqı anlayırdı ki, bu cür davam etsə qan bahasına alınmış o müstəqillik təkrar itiriləcək. Dövlət içindəki çəkişmələri, mövcud problemləri məhz təcrübəli və xalqına bağlı bir lider yoluna qoya bilərdi. Beləliklə, 1993-cü ildə qədirbilən xalqımız böyük siyasətçi, zamanında Azərbaycana rəhbərlik etmiş və daha sonra Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Ulu Öndər Heydər Əliyevi Azərbaycana dəvət etdi.

Ozamankı mövcud vəziyyət, əlbəttə ki, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının milli qanunvericilik sisteminin inkişafı konsepsiyasının, eyni zamanda müasir Konstitusiyanın hazırlanmasını diktə edirdi. Uzaqgörən lider bu məsələdə də xalqını yanıltmadı, insan hüquq və azadlıqlarının qorunması onun qarşısına qoyduğu prioritet vəzifələrdən biri oldu. Heydər Əliyev bilirdi ki, müstəqilliyini qanla geri alan bir ölkənin vətəndaşları öz hüquqlarını anlayır, tələb edirsə, o zaman ən kiçik dövlət belə dünyanın nəhəng ölkələri arasında böyük gücə sahib olur.

Bu baxımdan, İnsan hüquq və azadlıqlarının qorunmasını qarşıya qoyulmuş ali vəzifə kimi bəyan edən Ulu Öndər 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv olunması istiqamətində işə başladı. 1998-ci il fevralın 10-da müvafiq sərəncamla Azərbaycanda ölüm hökmünü ləğv etdi. Həmin sərəncamdan sonra, əvvəllər barələrində ölüm hökmü çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzləndi. Bu, Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi və təmin olunması siyasəti çərçivəsində həyata keçirilən ən mühüm addımlardan idi.

Statistik məlumatlara görə, 1988-1993-cü illər ərzində 32 nəfər haqqında ölüm hökmü icra olunub. Onlardan 8 nəfər haqqında hökm 1993-cü ildə Prezident fərmanları əsasında icra edilib. 1993-cü ilin iyun ayından ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyev vəd etdiyi demokratik və humanist ölkə quruculuğu üçün Azərbaycanda ölüm hökmünün icrasına moratorium qoyur, 10 fevral 1998-ci il tarixli Qanunla isə tamamilə ləğv edir.

Bu addım Azərbaycan dövlətinin, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə humanist və demokratik yola qədəm qoyduğunu, ölkədə insan hüquqlarının qorunmasının necə böyük dəyər olduğunu bir daha təsdiq edir. Azərbaycanda insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, onların həyata keçirilməsinin təmin edilməsi, bu hüquqların pozulmasının qarşısının alınması istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsində icra hakimiyyəti orqanlarının üzərinə böyük vəzifələr qoyan ulu öndər hər bir dövlət orqanının bu istiqamətdə məhsuldar işləməsini tələb edirdi.

Qeyd edək ki, ölkədə ölüm hökmü kimi ağır cəzanın ləğv edilməsi o ölkədə insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, həm də nüfuzlu beynəlxalq təşkilatların tələbi idi. Xüsusən də, Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında qoyduğu əsas tələblərdən biri ölüm cəzasının ləğvi məsələsi idi. Avrop Şurasınn 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 nömrəli protokolunda ölüm hökmünün yolverilməz olduğu qeyd edilib. Bu məsələ Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında da əksini tapıb.

Nəticə etibarilə ümummilli lider Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə çıxış edərək, cinayət-hüquq siyasətini hərtərəfli təhlil etdi, ədalət, azadlıq, humanizm, tolerantlıq kimi dəyərləri rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etd. Beləliklə, 26 il öncə, 10 fevral 1998-ci ildə Azərbaycan Parlamenti Ulu Öndərin təşəbbüsünü dəstəkləyən o mühüm qərarı qəbul etdi. Bununla da Azərbaycan Şərqdə ölüm hökmü cəzasını ləğv edən ilk ölkə kimi tarixə düşdü.

Məlumat üçün qeyd edək ki, hazırda dünyada ən ağır cinayət törətmiş şəxslərə ölüm hökmü verən ölkələr də az deyil. Ölüm hökmü cəza sistemində cinayətkarlara verilən cəzaların ən ağırıdır. Dünyanın 60-dan çox dövlətində ölüm hökmü qüvvədədir. Bəzi ölkələrdə hətta 18 yaşına çatmayanlara da ölüm cəzası kəsilir. Humanizm və insan hüquqları sahəsində olan beynəlxalq təşkilatlar bütün ölkələrdə ölüm cəzasın ləğvi istiqamətində fəal iş aparsalar da, hələ ki, buna nail ola bilmirlər.

Beynəlxalq statistikaya görə, hazırda Çin edamların sayına görə dünyada liderdir. Bu ölkədə ildə təxminən 5 minə yaxşın edam cəzası yerinə yetirilir. Bu rəqəm yerdə qalan bütün ölüm hökmü qüvvədə olan ölkələrin birlikdə icra etdiyi edam cəzalarının ümumi sayına yaxındır. Edamların sayına görə dünyada ikinci yeri İran tutur. Bu ölkədə il ərzində təxminən 300-400 ölüm hökmü icra olunur. İraqda bir ildə təxminən 60-75, ABŞ-da isə 50-55 cinayətkar edam olunur.

Əslində, ölüm hökmü qüvvədə olan ölkələrin əksəriyyətində bu qanun icra edilmir, əksər hallarda ömürlük həbs cəzası ilə əvəzləşdirilir. Hazırd dünya ölkələrinin təxminən 90-da ən ağır cinayətlərdə belə ölüm hökmü verilmir. Bəzi ölkələrdə yalnız hərbi cinayətlər zamanı ölüm cəzası verilir. Ağır cinayətlərə görə ölüm cəzasının icrası ən çox Çin, İran, İraq, ABŞ, Səudiyyə Ərəbistanı, Əfqanıstan və Vyetnamda olur. Ölüm cəzasının icrası da fərqlidir, bu cəzanı alanların bəzi ölkələrdə gilyotinlə boynu vurulur, bəzi ölkələrdə asılır, bəzilərində iynə, bəzilərində isə daş-qalaq üsulu ilə öldürülür.

Demokratiyanın beşiyi hesab edilən Amerikada bu cəza elektrik stulunda verilir, cinayətkar yüksək cərəyanla öldürülür. Bu günlərdə Amerikada məhkəmənin verdiyi qərar dünyada böyük əks-səda doğurdu. 2022-ci ildə öldürücü inyeksiya ilə edam etmək cəhdindən sağ çıxan məhbus Kennez Eugene Smitin azot qazı ilə edam edilməsi qərarı verildi. Dar ağacı ilə qətl icra etmək İran və İraqda daha çox olur. Çin ölüm iynəsi ilə edam edir. Əfqanıstanda edam olunacaq insan belinədək torpağa basdırılır, daha sonra daş-qalaq edilir. Vyetnamda edam cəzası güllələnməklə icra edilir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər