Müharibə, bəşəriyyət yaranandan bəri var, olub, olacaq. Tarixçilər deyir ki, təxminən 6000 ildir insanlar bir-biri ilə mütəşəkkil şəkildə döyüşürlər, yəni müharibə edirlər. Əvvəlcə qəbilələr, sonra tayfalar, padşahlar, sülalələr, indi də millətlər, dövlətlər bir-biri ilə amansız mübarizə aparırlar. Tədqiqatlar göstərir ki, dünyada indiyədək aparılan real müharibələrin sayı təxminən 14 mindən çoxdur. Bu da o deməkdir ki, bəşəriyyətin demək olar ki, müharibəsiz bir günü olmayıb. Maraqlıdır, insanlar niyə dinc, əmin-aman şəraitdə yaşamaq yerinə müharibə etməyi seçir? Sülh içində yaşamağı təmin etmək üçün müharibə şərtdirmi? Siyasətin aciz qaldığı anlarda müharibə çıxış yoludur?
Dövlətlərin siyasətdə hər addımını “kəsib-biçən”, bir qəlibə sığışdıran hüquq elmi deyir ki, mübahisələr, döyüşə əl atılmadan həll edilməlidir. Mahiyyət etibarı ilə, qanun, bütün münaqişələrin sülh yolu ilə, ədalət çərçivəsində həllini doğru hesab edir. Amma insanlar və dövlətlər anlaşa bilməyəndə, mübahisələr böyüyüb münaqişə olanda, millətlər və liderlərin fikri bir-biri ilə ziddiyyət təşkil edəndə qanun kölgədə qalır və müharibə fenomeni ortaya çıxır.
Bütün hallarda, bütün millətlər mübahisələrin həllinin müharibə ilə nəticələnməsindən qorxur, siyasi danışıqların effektiv olmasını arzulayır. Amma bir fakt da var ki, müharibə ilə siyasət arasında sıx əlaqə var. Müharibə də siyasət kimi cilddən cildə girə bilir, istiqamət dəyişdirə bilir. Həm siyasətdə, həm də müharibədə uzaqgörən və məntiqli olmaq bir addım öndə olmaq deməkdir. Siyasət ona görə var ki, müharibəyə ehtiyac qalmadan danışıqlarla mübahisələr həll edilsin. Siyasət söz davasıdır, ilk baxışda zərərsizdir. Lakin müharibə silahların davasıdır, yüksək texnologiya, güc kimdədirsə qalib odur. Qorxunc silahlarla silahlanan tərəflər nüvə, kimyəvi, bioloji silahlar və minlərlə kilometr məsafə qət edə bilən ballistik raketlərlə həm dünyaya, həm də insanlara zərər verərək istədiyini əldə edə bilir.
Müharibə barədə çox əsərlər yaradılıb - tarixi romanlar, tablolar, bəstələr, filmlər… Bütün əsərlərin bir ana mövzusu var – müharibə heç bir halda xoşbəxtlik gətirmir. Müharibədə qalib tərəf olmur, çünki hər iki tərəfdən itkilər olur. Real və haqlı qalib olan da itirdiyi canlara görə özünü tam qalib hiss edə bilmir. Xatırlayın, II Qarabağ Müharibəsində əldə etdiyimiz haqlı zəfər zamanı içimiz yana-yana, şəhidlərimizi xatırlayaraq necə yarımçıq sevinirdik. Müharibə, hansı səbəbdən olursa olsun, hər kəs üçün qan və göz yaşıdır, insan faciəsidir.
Müharibə heç bir halda dünya üçün, insanlar üçün faydalı deyil. Lakin dünya nizamı indi elə qurulub ki, istəməyərək, məcbur qalara bəzən müharibənin bir parçası d ola bilirsən. Ya ölkəni qorumaq üçün, ya ölkəni işğaldan azad etmək üçün.
Lalə Mehralı