Rusiya hökuməti yanında Maliyyə Universitetinin filial direktoru, tanınmış politoloq Pavel Klaçkov “Moskva-Baku” portalına müsahibəsində hansı qüvvənin MDB-də sabitliyi pozmaq cəhdləri etdiyini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Pavel Vladimiroviç, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib ki, MDB ölkələri Rusiyanın əsas xarici siyasət prioritetidir. Biz bunu Rusiya Federasiyasının yenilənmiş Xarici Siyasət Konsepsiyasından bilirik və bu məntiqlidir. Amma bu gün yeni geosiyasi situasiya fonunda Birlik məkanında nə yolla olursa-olsun, növbəti dəfə sabitliyi pozmaq cəhdi var... Buna misal olaraq “Krokus Siti Holl”da baş vermiş dəhşətli terror aktını göstərmək olar.
- Mən vəziyyəti belə görürəm: Qərb, açığını desəm, artıq Rusiya ilə hibrid müharibə aparmaq üçün özünü gərginləşdirməyə başlayıb, Qərb bloku ənənəvi müharibəsində uduzur və hər şeyi qarşıdurma ocağına atmaq qərarına gəlib. Qərb ideyasına xidmət edənlərin əlləri hələ də hər yerə çata bilir. Qərbin nə dünya tarixi, nə də öz xalqı qarşısında heç bir məsuliyyəti, mərhəməti yoxdur. Qərb elitaları postsovet məkanında təsir siyasətini davam etdirməyə çalışırlar, lakin bu, məhvetmə siyasətidir. Biz Rusiyanı bezdirmək, onu zəiflətmək, sərhədimizin bütün perimetri boyu yeni gərginlik mərkəzləri yaratmaq istəyini görürük. Bu həm Şərqi Avropa hərbi əməliyyatlar teatrına, həm də Zaqafqaziyaya aiddir. Qərb və Mərkəzi Asiya istiqaməti də xüsusi maraq doğurur. Bu ərazilərdə və bacardıqları hər yerdə Rusiya əleyhinə işlər aparırlar.
Biz Rusiyada terror aktından sonra müxtəlif millətlərin nümayəndələri arasında toqquşmaya cəhdin məlum taktikasını görürük. Amma ənənəvi olaraq sakit olmaq, təxribatlara boyun əyməmək lazımdır.
Biz Ermənistanda Qərb siyasi strateqlərinin manipulyasiyalarını görürük, Qərb respublikanı intihara meylləndirərək anti-Rusiya cərəyanına sürükləyir. Eyni zamanda, tamamilə göz qabağındadır ki, bu respublika heç vaxt Avropa İttifaqının və ya NATO-nun bir hissəsi olmayacaq, çünki açığını desəm, onlardan bir az uzaqda yerləşir.
Rusiya həmişə Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı olub. Amma nə Avropa İttifaqı, nə ABŞ, nə də Qərbdə heç kim əsl qarant olmayıb.
Bu gün Qərbin peykinə çevrilmək və ya elə qalmaq istəyən ölkələr, xüsusən də coğrafi baxımdan heç bir əlaqəsi yoxdursa, indiki dünya düzəninin inkişafının yeni tendensiyalarına uyğun gəlməyən yanlış yolu seçirlər. Dövlətlər onun ayrılmaz suverenlik hüququnu yüksək səslə bəyan etməyə və çoxqütblü dünyanın inkişafında iştirak etməyə çalışdıqda dünya Qərbin ona tətbiq etdiyi hegemonluğundan imtina edir. Və istər-istəməz, Qərbə tabe olmaq üçün belə seçim bu ölkələr üçün faciə ilə başa çatacaq: suverenliyin itirilməsi, inkişafın olmaması, başqalarının tələblərinə əməl etmək zərurəti və sonda ehtimal olunan çöküş.
Bu il Rusiya MDB-yə sədrlik edəcək. Və biz, əlbəttə ki, bu mövqedə Birlik institutunu gücləndirmək, strateji əhəmiyyətli yollar üzrə qarşılıqlı fəaliyyətimizi dərinləşdirmək üçün səylər göstərməliyik. Doğrudan da, KTMT-də olduğu kimi, çünki onlar təşkilatın effektivliyini inkar etməyə çalışırlar. Rusiya Federasiyası başa düşür ki, təbii ki, mehriban qonşuluq münasibətləri, xüsusilə Rusiya ilə Qərb arasında qlobal münaqişə fonunda mühüm əhəmiyyət kəsb edir, dost ölkələrlə mövqeləri əlaqələndirmək və münasibətləri inkişaf etdirmək vacibdir. Ancaq birtərəfli dostluq yoxdur. Münasibətlər həmişə qarşılıqlı faydalı olmalıdır.
Heç kim inkar etmir ki, “gəlin birlikdə parlaq gələcəyə gedək” tezisi çox azdır. Qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək üçün əməli iş lazımdır. MDB-nin ümumi təhlükəsizliyini gücləndirmək, qarşılıqlı hörmətə əsaslanan münasibətləri inkişaf etdirmək lazımdır. Xüsusən də xarici qüvvələrin ayrı-ayrı KTMT-yə üzv ölkələrin “əlləri” ilə təhlükəsizliyi pozmaq cəhdləri fonunda.
Qərb dünyanın müxtəlif bölgələrinə dağıntı, nifaq və anarxiya gətirir. Ermənistan bu gün Ukrayna, Moldova, Gürcüstandan sonra yeni qurban və “anti-Rusiya” quruculuğunun mərkəzinə çevrilib- bu dəfə Cənubi Qafqazda.
Qərb bu gün Ermənistana xüsusi münasibət göstərir. Amma bu prosesdə ayrı-ayrı dövlətlər xüsusilə fəaldırlar- xüsusən də onu öz himayəsinə götürən və böyük həcmdə silah və öz əsgərlərini söz verən Fransa. Nəhayət, bütün bu “pərəstişkarlıqlar” və “vədlər” adi insanların əziyyət çəkəcəyi hoqqabazlıqdan başqa bir şey deyil.
Ermənistanla bağlı vəziyyətin tez dəyişəcəyinə ümidim yoxdur. Göründüyü kimi, Rusiya-Ermənistan münasibətlərində mənfi mərhələ kifayət qədər uzun olacaq. Əgər üzünüzə tüpürürlərsə, cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi alovlanırsa, buna dözmək olmaz. İnanıram ki, nə vaxtsa Rusiya qərar verəcək ki, kifayətdir. Və nəticədə Ermənistan yenə gəlib yalvarmağa başlayacaq.
Qərb şübhəsiz ki, Cənubi Qafqazda ikinci cəbhə açmağa çalışır. Amma çətin ki, onun bu planını həyata keçirə bilsin.
Qərbin ona və bütün MDB məkanına açıq-aşkar hücum cəhdləri şəraitində Rusiya effektiv, praqmatik, real siyasət aparmalıdır. Bəli, Ermənistan rəhbərliyi Qərbin xüsusi xidmət orqanlarının rəhbərləri ilə, bəli, Rusiya və Belarus müxalifəti ilə görüşür. Biz Qərbin xüsusi xidmət orqanlarının Ermənistana böyük marağını qeyd edirik. Bax, onlar belə işləyir. Səhər işə gəlirlər və onların qrafiki var: Paşinyana zəng edir, ona bəzi göstərişlər verir, onun yanına nümayəndələr göndərirlər. Bu, onların gündəlik işlərinin parçasıdır. Sadəcə olaraq, Rusiya və Qərb arasında qlobal münaqişə kontekstində bütün bunlar bir zəncirdə halqalardır. Rusiya ilə Qərb arasında şiddətli qarşıdurma var. Amma bu da sonsuza qədər davam edə bilməz.
Tərcümə - Elçin Bayramlı