Siyasət

  • 2 488

Gözəl həkim, sadə insan, qayğıkeş ana və həyat yoldaşı…

image

Akademik Zərifə xanım Əliyeva ilə ünsiyyətdə olanlar onu, məhz belə xarakterizə edir

Azərbaycanda oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olmuş Akademik Zərifə xanım Əliyevanın zərif və şəfalı əlləri necə-neçə insanın gözünə nur verib, həyatına rəng qatıb. Zərifə xanım görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində doğulmuş, deyilənə görə, onun bir şəxsiyyət kimi formalaşmasında anası Leyli xanımın əməyi əvəzsiz olub.

Zərifə xanım Əliyeva sənətinin dəyərini bilən və onu uca tutan həkimlərdən idi. Təsadüfi deyil ki, o öz mühazirələrində də yetişdirmələrinə həkimlik peşəsinin necə uca və gərəkli sahə olduğunu təlqin edirdi: "Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır"– deyirdi Zərifə xanım. Bu iki kəlmə bu böyük şəxsiyyətin mənəvi cəhətdən necə zəngin bir insan olduğunun bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində dünyaya göz açan Zərifə xanımın musiqiyə çox böyük həvəsi olsa da, özünə həyat yolu kimi tibb sahəsini seçib. Tibbin ən incə sahəsi olan oftamologiyanı seçməsi də bu incə ruhlu xanımın xarakterik cəhətlərinə işıq tutur. Zərifə xanımın özəl xüsusiyyətlərindən biri isə onun təkcə həkimlik fəaliyyətilə kifayətlənməyib, daim axtarışda olması idi. O, bu sahədə işləyən zaman çox fəal elmi işlə məşğul olmağa başlayıb. Xüsusən də, Zərifə xanım Azərbaycanın bölgələrində yayılan traxomaya qarşı mübarizədə fəal iştirak edib, traxoma kimi ağır xəstəliyin çox sadə müalicə üsulunu kəşf edib: onun “Sintometsin”lə müalicəsini apararaq, bu işləri tibb elmləri namizədi dissertasiyası ilə başa çatdırıb. Daha sonra Zərifə xanımın elmi fəaliyyəti peşə xəstəliklərinə həsr olunub. Zərifə xanım Əliyeva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun laboratoriyasında çalışmaqla yanaşı, Bakıda fəaliyyət göstərən Bakı Kondisonerlər Zavodunda laboratoriyanın açılmasına nail olaraq, orada da eksperimentlər aparmağa başlayıb və doktorluq dissertasiyasını müdafiə edib.

Beləliklə, Zərifə Əliyeva traxomanın ləğvində böyük bir təcrübi biliyin əsasın qoyub. Zərifə xanım irididiaqnostika, diantologiya, həkim-xəstə münasibətlərinə və s. həsr olunmuş bir sıra elmi işlərin də müəllifi olub. Onun 150-yə yaxın elmi işi və çap olunmuş 10 monoqrafiyası mövcuddur. Daim axtarışda olan Zərifə xanım Əliyeva elmi fəaliyyətdən əlavə, çox fəal ictimai işlərlə məşğul olub. Eyni zamanda bir sıra tibbi jurnal redaksiyalarının üzvü kimi çalışan Zərifə Əliyeva bir neçə doktorluq dissertasiyasının elmi rəhbəri və çox sayda namizədlik dissertasiyasının müəllifi olub. Zərifə xanımın ən böyük xidmətlərindən biri isə onun oftamologiyanı, nəinki Azərbaycanda, eləcə də çox uzaq xarici ölkələrdə də tanıtması olub. Elə bu yöndə yorulmaz fəaliyyətinə görə də Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax mükafatına layiq görülüb. Zərifə Əliyevaya verilən bu ad əslində Azərbaycan oftamologiyasına verilən böyük dəyər idi. Çünki Zərifə Əliyevanın tibb sahəsində gördüyü işlərin elmi dairəsi çox geniş idi və o, öz yorulmaz fəaliyyəti ilə həm də Azərbaycan tibb elminin adını ucaldırdı. Onunla ünsiyyətdə olanlar onu məhz belə xarakterizə edir – gözəl həkim, sadə insan, qayğıkeş ana və həyat yoldaşı. Bu dəyərli insan haqqında hər kəs - istər xəstələri, istər tələbələri, istərsə də çiyin-çiyinə çalışdığı insanlar yalnız xoş sözlər söyləyir ki, bu da Zərifə xanımın daxilən necə zəngin, alicənab bir insan olduğundan xəbər verir.

Haqqında yazılanlardan aydın olur ki, nə qədər yumşaq təbiətli insan olsa da, akademik Zərifə xanım özünə və ətrafdakılara qarşı çox tələbkar idi. Zərifə xanım gənclərlə işləməkdən böyük qürur duyurdu. Onlara öyrədirdi ki, "Həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir və həkim xəstənin ən doğma adamıdır" deyirdi. "Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi". Bu sözləri Ümummilli Lider Heydər Əliyev ömür-gün yoldaşı Zərifə Əliyeva haqqında deyib.

Ulu Öndər deyirdi: "Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".

Zərifə xanıma olan məhəbbətini, sonsuz ehtiramını Ümummilli Lider belə ifadə edirdi: "Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür".

Eləcə də Prezident İlham Əliyev "Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.Tale Zərifə xanıma elə bir insan qismət etmişdi ki, onunla tanışlığın nəticəsində Zərifə xanımın bütün həyatı dəyişmişdi. Onlar - siyasi hakimiyyətdəkilərin gözündən düşmüş keçmiş dövlət xadiminin qızı və dövlət təhlükəsizlik orqanlarının gələcək vəd edən gənc əməkdaşı bir yerdə olmaq üçün hansı sınaqlardan keçmədilər! Bu, onların “şəxsi sirri”dir. Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi. Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir"- deyə bildirir, yoxluğuna isə "Onun vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişildi. Yəni mən indi o vaxtlardakı kimi gülə bilmirəm, həyatımda xoşbəxt hadisə olanda düşünürəm ki, o da bunun üçün sevinərdi"- sözlərilə şərh verir.

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident Sərəncamında yer alan bu fikirlər də maraqlıdır: "Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır".

Azərbaycanın Birinci vitse-prezidenti, gəlini Mehriban Əliyeva isə xanım akademik haqqında "Bu xeyirxah, mehriban, səmimi insanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!" – deyə bildirir.

Zərifə Əliyeva haqqında elm adamlarının fikirləri də maraqlıdır. Akademik N.Puşkovskaya Zərifə xanım Əliyevanı “xeyirxahlıq Zərifə Əliyevanın həyat tərzi idi” sözlərilə xatırlayır, professor A.Brovkina onu “nəciblik və mənəvi paklıq timsalı” kimi dəyərləndirir, professor N.Şulpina isə “dünya şöhrətli alim” adlandırır.

Hazırda adını daşıyan Milli Oftalmologiya Mərkəzində Zərifə Əliyevanın müəyyənləşdirdiyi ənənə davam edir. Elmin ən son nailiyyətlərini əks etdirən ən müasir tibb avadanlıqları və qayğıkeş, savadlı həkim heyətilə xalqın xidmətində dayanan bu Mərkəzin uğurlu fəaliyyəti elə Zərifə xanımın görmək istədiyi reallıq idi ki. Bütün deyilənlər onu deməyə əsas verir ki, Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz rola malik olan akademik Zərifə Əliyeva xatirələrdə hər zaman səmimi, işıqlı və fədakar bir insan kimi qalacaq, əsrlər keçsə belə.

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Digər xəbərlər