Siyasət

  • 2 493

Naxçıvan Muxtar Respiblikası-100

image

Naxçıvanı bir də fotolarda gördük...

Beşminillik tarixin ərmağanı olan qədim Naxçıvan 100 il öncə muxtariyyət statusu alıb. Artıq bir əsrdir ki, Naxçıvan muxtar respublika kimi yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamda bu qədim diyarın parlaq mənzərəsi öz əksini tapır: Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir.

Sərəncama əsasən silsilə tədbirlər keçirilir. Naxçıvanda dərc olunan “Şərq qapısı” qəzeti isə bu yubileyə daha fərqli bir şəkildə hazırlaşıb. Qəzetin fotoqraf əməkdaşlarının Naxçıvanın tarixi-mədəni abidələri, dünəni-bu günü, təbiəti, zəhmət adamları, mətbəxi ilə bağlı çəkidikləri fotolar kompakt şəkildə sərgilənərək Naxçıvanı qədimlik və gözəlliyin tərənnümü kimi ona bələd olanlara bir daha xatırladır, heç yolu düşməyənlərin isə gözləri önünə gətirir. 62 bir-birindən gözəl fotonu özündə tərənnüm edən “Naxçıvan fotolarda” adlı sərgi artıq bir neçə dəfədir ki, ölkəmizdə və qonşu Türkiyədə açılıb, tamaşaçıların heyranlığı ilə qarşılanıb.

Yubileylə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şərq qapısı” qəzetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə “Naxçıvan fotolarda” adlı fotosərgi aprelin 15-də Bakıda- Beynəlxalq Muğam Mərkəzində də açıldı. Naxçıvan bir-brindən gözəl fotolarla birgünlük Bakının qonağı oldu. Ölkənin ictimaiyyət və media nümayəndələrinin heyranlıqla qarşıladığı fotoların hər biri sanki dil açıb özü haqqında məlumat vermək iqtidarında idi. Çünki onlar çox canlı çəkilmiş və nəfis şəkildə təqdim edilmişdi.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dövlət başçısı cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı məlum sərəncamına əsasən əlamətdar tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Səlahiyyətli nümayəndə yubiley tədbirlərinin Naxçıvan şəhəri ilə yanaşı, başqa şəhərlər və ölkələrdə də geniş şəkildə qeyd olunduğunu, “Naxçıvan fotolarda” sərgisinin Türkiyə Cümhuriyyətinin İğdır şəhərində də açıldığını vurğuladı, il ərzində muxtar respublikanın yubileyi ilə bağlı bu kimi tədbirlərin davam edəcəyini bildirdi.

Naxçıvanın hazırda yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edən Fuad Nəcəfli bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı bu mərhələnin əsas stimuludur. Qeyd olundu ki, Naxçıvanın bütün istiqamətlərdə kompleks inkişafını özündə əks etdirən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Naxçıvanın yaxın gələcəkdə tamamilə yenilənməsi, iqtisadi gücünün artması ilə nəticələnəcək.

Səlahiyyətli nümayəndə fotosərginin Naxçıvanın turizm potensialının üzə çıxarılması, daha geniş arenada tanıdılması baxımından da xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tarixi Sərəncamı Naxçıvan Muxtar Respublikasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının təzahürü kimi qiymətləndirdi. Ulu Öndərin Naxçıvanın taleyində müstəsna rolunu qeyd edən akademik, bu gün Naxçıvanın öz 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşıladığını bildirdi: Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub.

“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova qəzetin yaranma tarixindən və keçdiyi şərəfli yoldan ətraflı danışdı. Bildirdi ki, “Naxçıvan fotolarda” sərgisi muxtar respublikanın 100 illik yubileyinə töhfədir.

***

Tədbirin rəsmi hissəsindən sonra başlanan bədii hissədə Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndələr Arzu Əliyeva və Sərxan Bünyadzadənin ifasında səslənən Naxçıvanın hüsnünü tərənnüm edən mahnılarla Naxçıvana bir yolçuluq başlandı sanki. Muxtariyyətinin 100-cü, müstəqilliyinin 33-cü, blokadalı həyatının 34-cu və blokadalı-inkişaflı, tərəqqili dövrünün 31-ci ilini yaşayan bu diyar küçə-küçə, dalan-dalan keçdi gözlər önündən. Nuh Peyğəmbərin məzarı, Xan sarayı, Naxçıvanqala, Əlincəqala, Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, Xanəgahı, Buzxanaları, qədim hamamları ilə tarixin özü olan Naxçıvan. Bütün bunların fonunda müasir universitetləri, kitabxanaları, kinoteatrları, yaşayış binaları, park, xiyabanları, müasir tikililəri ilə qədimliklə müasirliyin çiyin-çiyinə mənzərəsini seyr edə biləcəyimiz Naxçıvan.

İslam mədəniyyətinin beşiyi Naxçıvan. Qədim İmamzadə, məscid və pirləri bu mədəniyyətin özü olan Naxçıvan. Ulu Yaradanın möcüzə əsəri olan “Əshabi-Kəhf”lə ümidlərin, pənahların, niyyətlərin, arzuların, gerçəklərin ünvanı olan Naxçıvan!

Dəniz səviyyəsindən yüz metrlərlə yüksəklərə sığınan, yaşılın bütün tonlarını dağına-çəməninə səpən, doyumsuz gül-çiçəyi, buz bulaqları, heyrətamiz havası ilə qonaqlarını salamlayan Batabatın, Göygölün anası Naxçıvan! Dörd bir tərəfini, sanki igidlərinin qızını-gəlinini qoruyurmuş kimi saran uca dağlarının zirvəsi buludlarla öpüşən diyar Naxçıvan. “Şişpapaqlı” bu dağların uca zirvəsindən daşların bağrını yara-yara süzülən, torpağın altından qaynayıb çağlayan 230-dək buz bulaqları, su mənbələri ilə süfrələrin yaraşığı, şəfa ocaqları, həm də təbii və mineral sular muzeyi Naxçıvan. “Badamlı”sı, “Sirab”ı, “Vayxır”ı, “Darıdağ”ı, “Nəhəcir”i, “Gülüstan”ı ilə dünyanı gəzən bəxtəvər Naxçıvan! Dünyanın neçə-neçə ölkəsindən yuxarı tənəffüs yolları, ağciyər xəstəlikləri və allergiyalardan əziyyət çəkib Duzdağ Fizioterapiya Mərkəzinə – bu duz qalereyasına gələnlərə bir udum nəfəslə şəfa Naxçıvan!

Bu yurdun zəhmətsevər, torpağına, elinə bağlı insanlarının həmdəmi Naxçıvan. Köksündə əkinçiyə-biçinçiyə yer verən, taxıl zəmisi, ətirli təndir çörəyi, göz baxdıqca uzanan, insanların bir qoyub min götürdüyü bərəkətli torpaq Naxçıvan!

Dağlarının, düzlərinin min adlı, min bir dadlı nemətləri ilə hər bir sakininə ruzi payı ayıran ata ocağı Naxçıvan. Ulu Tanrının insanlar üçün ruzi mənbəyi yaratdığı arıların vurulduğu, aşiq olduğu məkandır Naxçıvan! Yaylaqlarında, obalarında bol yaşıl ot-avarı ilə qoyun-quzusunun bol südünü yağa, pendirə, qatığa, şora çevirən kənd adamlarının ehtiyacı Naxçıvan! Təbiətinin rəngarəng gül-çiçəyi, bitkiləri ilə boyadılan əlçim-əlçim yunun hanalarda sıralanan ipliyi, xalçalara vurulan min bir ilmə, naxış, hər biri tarixin bir səhifəsi olan qədim xalçalarına həkk olunan milli ornament, buta Naxçıvan! Qonaqpərvər, xoşxasiyyət insanların yurdu diyar! Milli mətbəxinin məşhur ət qovurması, əriştəsi, qayğanağı, qaysavası, kətəsi, lavaşı, çaşırı, baldırğanı ilə damaq dadı Naxçıvan!

Sakinlərinin məftunu olduğu kimi, qonaqlarının da xoş təəssüratlarının ünvanı Naxçıvan. İstirahət, gəzmək üçün hər il seçim edilən, hər kəsin heç də hər yerdə rast gəlmədiyi, 5000 il yaşlı, keçmişinə sadiq, bu günü heyran edən, qonağını yola salarkən “bir də mənə dön”, – deyən, Naxçıvan! Bir sözlə, hər şeyi ilə, bütövlükdə, ­bir hüzur Naxçıvan!..

Fotolar bunları “söyləyirdi”. Gerçəklik isə bundan qat-qat gözəldir...

***

Və bir daha fotoları seyr edərkən gəlinən qənaət: bugünkü Naxçıvan Ümummilli Liderimizin başladığı siyasətin dövlətimizin uğurla davam etdirməsinin təntənəsidir. Beşminillik tarixə malik olan qədim yurd yüzillik muxtariyyəti ilə bütövlükdə varlığını qoruyan, məğrurluğunu nümayiş etdirən qədim Azərbaycan torpağıdır. Bir qərinə blokada şəraitində yaşaması da bu məğrurluğa əsla xələl gətirə bilmədi.

Bayramın mübarək, Naxçıvan! Zəfərli Azərbaycanın qarşısında açılan yeni dövr sənə gələn yolların açılmasını, Qarabağ və Şərqi Zəngəzur kimi anan Azərbaycana qovuşmağını tezliklə reallaşdıracaq.

Mətanət Məmmədova

Digər xəbərlər