03 iyun 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Şəhid ailələri və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində “Tariximizin şanlı Qurtuluş səhifəsi” mövzusunda Şəhid ailələri, qazi və müharibə veteranlarının iştirakı ilə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçıları təbrik etmiş və bildirmişdir ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin zaman yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq, çətin ki, mümkün olardı. Bu qayıdış, ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Heydər Əliyevin şəxsiyyətini, həyat və fəaliyyətini təhlil edərkən bu gün tam məsuliyyətlə demək olar ki, o, müstəqil Azərbaycanın memarı, qurucusu idi. Bu gün iqtisadiyyatımızın sürətli inkişafına, ordumuzun gündən-günə güclənməsinə, dünya elminə sürətlə inteqrasiya olunan elm və təhsilimizin, hər zaman dövlət qayğısı ilə əhatə olunan mədəniyyətimizin inkişafına, bir sözlə, müstəqil respublikamızın yeni tarixinin yaradılmasına o fenomen şəxsiyyətin, yenilməz sərkərdənin bizə miras qoyduğu zəngin irs, strategiya nəticəsində nail olunmuşdur.
Seyfəddin Əliyev qeyd etmişdir ki, bu gün Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün qüdrətli, müstəqil Azərbaycan dövlətinin var olmasına, doğma Qarabağda 30 illik düşmən işğalına son verilməsinə, xalqımızın sosial-rifah halının yüksəlməsinə, sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza, bir sözlə, hər şeyə görə məhz bu günə borcluyuq. Bu milli tariximizi yazan isə yeni, müstəqil Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Naxçıvanda ucaldan, dövlətimizin qorunub saxlanmasında, onun möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan dünya şöhrətli insan, böyük dövlət və siyasət xadimi, dahi şəxsiyyət, həmişə Yaradanına, zəhmətinə və doğma xalqına arxalanan böyük lider Heydər Əliyev idi.
Sonra Şəhid atası Teymur Hüseynov çıxış edərək bildirdi ki, milli ideya və ideologiyaya malik olan dövlət həmişə qüdrətli olur, ideya uğurun strategiyası kimi çıxış edir. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin əsasını qoyduğu ideologiyanın başlıca istiqaməti müstəqil, hüquqi, dünyəvi dövlət quruculuğu, konstitusiya quruluşunun, ölkənin ərazi bütövlüyünün bərpası olmuşdur. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, kütləvi iğtişaşların qarşısı alındı, Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəs sazişinin imzalanmasına nail olundu. Ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində həmin ideologiyanın əsas istiqaməti bu gün gerçəkliyə çevrilmiş, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə Qarabağ bölgəsində keçirilmiş antiterror əməliyyatı nəticəsində xalqımızın 200 ildən bəri davam edən məşəqqətlərinə, iztirablarına son qoyulmuşdur.
Sonda Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Vətən müharibəsi iştirakçılarından “Qarabağ və 3-cü dərəcəli Rəşadət ordeni” ilə təltif olunmuş Nazim Cəfərzadə, qazi Talıb Qəzənfərli, veteran müəllim Firəngiz Niftiyeva və başqaları çıxışlarında xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı danışılıb.