Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən rəsmi açılış mərasimində ölkəmizin enerji sahəsində keçdiyi tarixi yolu, qazandığı nailiyyətləri və qarşıya qoyduğu strateji hədəfləri diqqətə çatdırdı.
1994-cü ildə ilk Xəzər Neft və Qaz Sərgisinin təşkili Azərbaycanın enerji sahəsində beynəlxalq arenaya çıxışının başlanğıcı olub. Həmin ilin sentyabrında imzalanmış və “Əsrin müqaviləsi” adını almış beynəlxalq neft sazişi iqtisadi əhəmiyyət kəsb etməklə yanaşı, qlobal arenada Azərbaycanın nüfuzunu artıran, dövlətimizin müstəqil enerji siyasətinin əsasını təşkil edən sənəd kimi tarixə düşüb. Bu müqavilə transmilli enerji şirkətləri ilə uzunmüddətli əməkdaşlığa şərait yaradıb. Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində vurğulayıb ki, bütün bu nailiyyətlət Ulu Öndər Heydər Əliyevin baxışı sayəsində mümkün oldu: “O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı”.
Neft və qaz gəlirləri uzun illər ərzində ölkəmizin dayanıqlı inkişafının əsas resurs bazasını təşkil edib. Bu resurslardan səmərəli istifadə olunaraq qeyri-neft sektorunun inkişafı üçün əlverişli şərait yaradılıb. Azərbaycanın ÜDM-də enerji sektorunun payı 30 faizi keçsə də, neftdənkənar iqtisadiyyatın artımı və diversifikasiya istiqamətində həyata keçirilən tədbirlər sayəsində iqtisadi sabitlik və sosial rifah tam təmin olunub. Eyni zamanda, xarici borcun ÜDM-in 7 faizindən az olması və strateji valyuta ehtiyatlarının bu borcu 14 dəfə üstələməsi Azərbaycanın makroiqtisadi sabitliyinin mühüm göstəricilərindəndir. Yoxsulluğun 5 faiz səviyyəsinə enməsi, savadlılıq göstəricilərinin isə 100 faizə çatması ölkəmizdə həyata keçirilən inklüziv sosial və iqtisadi siyasətin uğurlarını əks etdirir.
Həyata keçirilən transmilli enerji layihələri ölkəni regionun və bütövlükdə Avrasiyanın enerji təhlükəsizliyində həlledici aktora çevirib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşan bu layihələr həm də beynəlxalq əməkdaşlıq və enerji diplomatiyasının unikal nümunələridir. Uğurlu enerji strategiyası sayəsində Azərbaycan hazırda 12 ölkəyə qaz ixrac edir. Bu amillər isə təkcə enerji ticarəti deyil, həm də regional təhlükəsizlik və sabitliyin təminatına böyük töhfə verir. Prezident İlham Əliyev çıxışında bu prosesin əsas mərhələlərini diqqətə çatdıraraq bildirib ki, biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik: “Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır”.
Ənənəvi enerji resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan son illər bərpaolunan enerji mənbələrinin inkişafını prioritet istiqamətə çevirib. 2030-cu ilə qədər 6,5 giqavat həcmində yaşıl enerji istehsalı hədəflənib. Bu məqsədə nail olmaq üçün artıq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çin şirkətləri ilə müvafiq sazişlər imzalanıb. Yaşıl enerji strategiyası həm ölkənin enerji balansını optimallaşdırmağa, həm də ətraf mühitin mühafizəsinə töhfə verməyə yönəlib. Nəticədə bərpaolunan enerji vasitəsilə əldə olunacaq elektrik enerjisi daxili tələbatı təmin edəcəkdir. Bu faktorlar Azərbaycanın həm ekoloji, həm də kommersiya baxımından daha dayanıqlı enerji modeli qurmaq istiqamətində irəliləyişini göstərir.
Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməsi ölkənin qlobal iqlim gündəliyində artan rolunu nümayiş etdirir. Prezident İlham Əliyev bu mövzuda çıxışında bir neçə strateji təşəbbüsü açıqlayaraq COP29 çərçivəsində dövlətimiz tərəfindən irəli sürülən və dəstəklənən addımların əhəmiyyətini qeyd edib. Bu mötəbər tədbir çərçivəsində Bakı inkişafda olan və inkişaf etmiş ölkələr arasında dialoqun qurulduğu mühüm bir platformaya çevrilib.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində çıxışı Azərbaycanın enerji siyasətinin hərtərəfli, uzaqgörən və qlobal miqyasda strateji dəyərə malik olduğunu bir daha nümayiş etdirir. “Əsrin müqaviləsi”ndən Cənub Qaz Dəhlizinə, enerji təhlükəsizliyindən yaşıl enerji gündəliyinə qədər ölkəmizin keçdiyi inkişaf yolu həm milli maraqlara, həm də beynəlxalq tərəfdaşlığa əsaslanır. Bu, Azərbaycanın regional liderlik mövqeyini daha da möhkəmləndirir, gələcəkdə ölkənin enerji və iqlim siyasətində yeni mərhələlərin başlanğıcını ifadə edir. Mövcud reallıqlar enerji diplomatiyasının növbəti mərhələdə yeni uğurlarla ölkəmizin gələcək inkişafına töhfə verəcəyini bir daha təsdiqləyir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı