Qeyd etmək lazımdır ki, dövlət dəstəyi ilə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri əsasən aşağı və orta gəlirli vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına yönəlib.
SİA-nın Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ünvanladığı sorğuya cavab olaraq, hazırda bu kreditlər üzrə maksimal məbləğ 150 min manat təşkil edir və mövcud limit əhalinin əsas hədəf qruplarının mənzilə çıxış imkanlarını nəzərə almaqla müəyyən edilmişdir.
2025-ci il üzrə aparılmış təhlillərə əsasən verilmiş ipoteka kreditlərinin orta məbləği 103 min manat olmuşdur ki, bu göstərici mövcud maksimal kredit həddindən xeyli aşağıdır. Bu isə vətəndaşların əksəriyyətinin mövcud limit çərçivəsində ipoteka kreditlərindən faydalandığını göstərir.
Eyni zamanda, mənzil bazarındakı qiymət dəyişiklikləri, əhalinin gəlir səviyyəsi və sosial yönümlü ipoteka siyasətinin əsas prinsipləri nəzərə alınmaqla, gələcək dövrlərdə zərurət yarandığı təqdirdə ipoteka kreditlərinin maksimal məbləğinin artırılması məsələsinə baxıla bilər. Bu istiqamətdə qərarlar qəbul edilərkən maliyyə dayanıqlılığı və sosial balansın qorunması əsas prioritetlərdən biri olacaqdır.