Siyasət

  • 983

Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan və onun bugünkü nailiyyətləridir

image

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, daim azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Bu gün dahi şəxsiyyətin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycanın hər bir azərbaycanlını qürurlandıran, gələcəyə daha böyük inamla addımlamasına stimul verən uğurlarından, yeni dövrün yeni hədəflərindən bəhs edirik. Ölkəmizin həyatında hər bir tarixi hadisəni, əlamətdar günləri, dönüş nöqtələrini qeyd edərkən keçilən yolun təhlili bir tələb kimi qarşımızda dayanır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin fonunda müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu böyük əminliklə qeyd edirik. Azərbaycan 18 oktyabr 1991-ci il tarixində müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən ünsürlərin idarəçilik təcrübəsinin olmaması, şəxsi anbisiyalarının əsirinə çevrilmələri ölkəni faciələrlə üz-üzə qoydu. Torpaqlarımızın mənfur düşmən tərəfindən işğal olunması, Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi xalqın səbr kasasını doldurdu. Xalqın hakimiyyətə olan nifrəti 1993- cü ilin iyununda son həddə çatdı. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedir, iqtisadi böhran hökm sürürdü. Xalq ayağa qalxaraq öz xilaskarına- Ulu Öndər Heydər Əliyevə üz tutdu. Ümummilli Liderə ünvanlanan müraciətlər təkcə xalqın vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Ulu Öndər Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Məhz Onun qətiyyəti, cəsarəti, dövlətçilik təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf, tərəqqi dövrü başladı. Ulu Öndər çox qısa zamanda ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il 15 iyun tarixində dahi rəhbər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri secildi. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidli tələbi ilə Milli Məclis 1997-ci ildə 15 iyun tarixini Milli Qurtuluş Günü kimi rəsmiləşdirdi. Ümummilli Lider daim Azərbaycanın uğurlu gələcəyinə böyük inamla yanaşırdı. Onun hakimiyyətə qayıdışının ilk günlərində səsləndirdiyi “Biz bu çətin günləri keçib gedəcəyik. Müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müdtəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri də bunun təsdiqidir. Dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan yenidən quruldu. Müstəqilliyimizin daimiliyi təmin edildi. Müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider onu qorumağı, daha da möhkəmləndirməyi hər birimizin vətəndaşlıq borcu olduğunu bildirdi. Eyni zamanda, belə bir çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb edilir. Ümummilli Lider 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə diaspor quruculuğunun, soydaşlarımızın birliyinin əsasını qoydu. Məhz bu birlik, həmrəylik dünyaya səs salan tarixi Zəfərimizdə əhəmiyyətli rol oynadı. Son üç ildən artıq dövrün qürurverici hadisələri biri də dünya azərbaycanlılarının Qarabağın tacı Şuşada bir araya gələrək Zəfər Qurultayını keçirmələri oldu. Soydaşlarımız bir daha bu məkandan birliyimizi, həmrəyliyimizi dünyaya bəyan etdi.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini sadalamaqla bitməz. O, Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi. Öncə ölkəmiz sabitlik diyarına çevrildi. Sonra ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasına, bir sözlə, Azərbaycanın xaricdə varlığını təsdiqləməsinə səy göstərdi. Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmləndirilməsində əsas oldu. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalaması ilə Azərbaycanın bu gününə, gələcəyinə inam artdı, yeni-yeni layihələrin icrası davamlı uğurlara yol açdı. Azərbaycanın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış əlverişli investisiya iqlimi, güclü siyasi iradə və qurulan möhkəm beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etdi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin əsas xəttini təşkil edirdi. Daim xalqına güvənən, onun gücünə, müdrikliyinə arxalanan Ümummilli Lider iqtisadi islahatların əsasında vətəndaş amilini saxlamaqla, sosial problemləri aradan qaldırdı. Onun imzaladığı Fərman əsasında yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına Azərbaycanın hərtərəfli inkişafını təmin edən sosial-iqtisadi layihələr həyata keçirilir.
Azərbaycanın iqtisadi imkanlarının artması ordu quruculuğu sahəsində mühüm addımları şərtləndirdi. 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlar başladı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı, orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapdı. Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması müasir hərbi texnika ilə yanaşı, bu texnikanı idarə edə biləcək savadlı kadrlardan asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda önəmli bir addım oldu. Belə ki, Ulu Öndər Heydər Əliyev Silahlı Qüvvələrin modernləşməsi proseslərində beynəlxalq təcrübəyə istinad edilməklə güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Silahlı Qüvvələrini formalaşdırdı.
Artıq bu gün regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyyətlər qazanırlar. Bütün bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmaqla, ötən il bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etməklə hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Tarixi Zəfərimiz bir daha sübut etdi ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır.
1993-2003-cü illərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün də geniş yol açıldı. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Ümummilli Lider Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri olmadı ki, Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın. Qarşıya bu hədəf qoyuldu ki, diplomatiyamız özünümüdafiə xarakteri daşımamalı, hücum diplomatiyası olmalıdır. Azərbaycan həqiqətləri, Qarabağ münaqişəsinin əsl mahiyyəti faktlar əsasında, tarixi həqiqətlərə söykənərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Ümumilıkdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. Azərbaycanın uğurlu gələcəyi üçün möhkəm təməl yaradıldı. Məhz bu təməl 2003-cü ildən başlanan Böyük Yolun uğurlu davamını təmin etdi. 2003-cü ildə xalq Heydər Əliyev siyasətinin davamına səs verdi, cənab İlham Əliyev böyük səs çoxluğu ilə Prezident seçildi. Dövlətimizin başçısı andiçmə mərasimində bildirdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Cənab İlham Əliyev andiçmə mərasimində Ümumilli Lider Heydər Əliyevə bu müraciəti etdi ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı daha möhkəmləndirəcəyik, yeni-yeni zəfərlərə doğru aparacağıq.
Son 20 ildən artıq dövrün reallıqları Prezident İlham Əliyevin hər bir vədinin yerinə yetirildiyini təsdiqləyir. Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə nümunədir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Sosial dövlət imicinə yeni-yeni əlavələr edir. Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasında iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması əsas rol oynayır. Bu günümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin uğurla həyata keçirilməsi, soydaşlarımızın Böyük Qayıdışının tam şəkildə reallığa çevrilməsidir. Müzəffər Ali Baş Komandan ötən il dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Şuşadan xalqa müraciətində “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır” söyləyərək bu reallığı da böyük qürur hissi ilə qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.
Prezident İlham Əliyev sözügedən müraciətdə Azərbaycanın 1993-2003-cü illərdə ayrı-ayrı sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək bugünkü Azərbaycanı belə təqdim etdi. “Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun davamçıları onun yolu ilə gedirik. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam” fikirlərinin davamı olaraq onu da vurğuladı ki, 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri oldu. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək. Bizim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz, güclü ordumuz və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı, Zəngəzuru yenidən qururuq.
Artıq üç ildən artıqdır ki, tarixi günlərimizi, bayramlarımızı Zəfər ovqatında qeyd edirik. Torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması, Qarabağın döyünən ürəyi Şuşamızın özümüzə qayıtması, Cıdır düzündə 28 ildən sonra Novruz tonqallarının alovlanması, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpası, bu məkandan muğamlarımızın səslənməsi, mədəniyyət paytaxtımızın diplomatik mərkəzə çevrilməsi, dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi, sadalamaqla bitib tükənməyən biri-birindən mühüm hadisələr Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının Azərbaycana qazandırdığı uğurlardır. Bu sıraya suverenliyimizin tam bərpa edilməsi fonunda Xankəndi şəhərində Zəfər paradının keçirilməsini, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən 7 fevral növbədənkənar prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsini, həmçinin bu şəhərdə Zəfər meydanında Novruz tonqalının alovlandırılmasını qeyd edə bilərik. Cari ilin qürurverici hadisələri sırasında keçmiş məcburi köçkünlərin qayıdış ünvanları sırasında Xankəndinin, Xocalının, Şuşanın da olmasını qeyd etməliyik. Uğurlarımızı sadalamaqla bitməz. Möhkəm təməl daim ölkəni uğurlara aparır. Ümummilli Lider Heydər Əliyev məhz Azərbaycanın bu günü və gələcəyi üçün yaratdığı möhkəm təmələ söykənərək bildirmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”
Mayın 10-da xalqımız müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə yanaşı, Onun irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun 20 illiyini də qeyd edəcək. Heydər Əliyev Fondunun Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ötən bu 20 ildə həyata keçirdiyi layihələrin, gördüyü işlərin hər biri Azərbaycanın bu və ya digər sahədə uğurlu inkişafına xidmət edir. Əsas istiqamət həqiqətlərimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin təbliği və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. 20 il qeyd olunan sahələrdə mühüm uğurlarla yadda qaldı. Heydər Əliyev irsinin təbliği, indiki və gələcək nəsillərə çatdırılması Fondun fəaliyyətinin əsasıdır. “Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir” söyləyən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva onu da bildirir ki, məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri

Digər xəbərlər