Siyasət

  • 2 964

Sergey Markov: Rusiya və Azərbaycan Qərbin Qafqaza girməsinə qarşı mübarizə aparır - MÜSAHİBƏ

image

“Hər iki ölkə Rusiya sərhədçilərinin birdən-birə Azərbaycanla Ermənistan arasında mümkün silahlı münaqişənin girovuna çevrilməməsi üçün geri çəkilməsindən razıdırlar”

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Cənubi Qafqazda gedən siyasi prosesləri “Moskva-Baku” portalına müsahibəsində şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sergey Aleksandroviç, sizcə, Ermənistanda yeni etiraz dalğasının arxasında kim dayanır?

- Ermənistan müxalifətinin yeni lideri kimi təqdim etməyə çalışdıqları dindar çobanın arxasında siyasi “çoban” var- Robert Köçəryan.

“Qarabağ klanı” İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlə və 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı bağlı erməni cəmiyyətinin böyük məyusluğu fonunda yaranmış gərginlikdən istifadə etməyə çalışır. Fikrimcə, bununla bağlı Robert Köçəryan hakimiyyətə qarşı növbəti etiraz hərəkatı dalğasına başlayıb. Çətin ki, bu, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxarsın, lakin əlavə neqativ fon toplaya bilər.

Paşinyanın vəzifədən uzaqlaşdırılmasının mümkün olmayacağının bir neçə səbəbi var. Birincisi, ona siyasi alternativin olmamasıdır. Müxalifət aydın siyasi alternativ təklif etmir. İndiki baş nazir Ermənistanın 4 kəndini Bakıya qaytarmasa, o zaman Azərbaycanın guya yeni hərbi əməliyyata başlayacağı ilə bağlı qorxular yaradır. Və bu halda Ermənistan mütləq məğlub olacaq. Ermənistan əhalisinin əksəriyyəti qisas almağa, yeni hərbi əməliyyatlara hazır deyil. Ona görə də, nəzərdə tutulan siyasi alternativ əhali tərəfindən dəstəklənmir.

Bundan əlavə, Qarabağ böhranına, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə əhali təkcə Paşinyanı deyil, həm də “Qarabağ klanı”nı- son 20 ildə hər şeyə cavabdeh olan Ermənistanın keçmiş rəhbərliyini günahlandırır. o cümlədən ordu hazırlığında. Nəticədə ordu çox zəif hazırlanmışdı.

Rusiya indiki vəziyyətdə o qədər də aktivlik nümayiş etdirmir. Qərb qüvvələrinin Paşinyana üstünlük verdiyi məlumdur. Və deyilənlərin məcmusuna əsasən, Ermənistanın baş nazirini devirmək asan deyil. Baxın, Tbilisidə təhlükəsizlik qüvvələrinin etirazçıları yatırmasına Qərbin şiddətlə reaksiyası və Ermənistan hakimiyyətinin bəlkə də daha kiçik, lakin oxşar hərəkətlərinə Qərbin heç bir reaksiya verməməsi necə ikili standartdır. Bu olduqca əhəmiyyətlidir.

Paşinyanın hakimiyyətdə olduğu 6 il ərzində onun istefası tələbi ilə keçirilən mitinqlərin müxalifət üçün nəticə ilə bitmədiyini gördük. Bu gün də tam olaraq eyni olacaq. Bəli, çoxları Paşinyanın siyasətindən narazıdır. Amma Robert Köçəryanın, Serj Sarkisyanın simasında alternativ təklif olunanda insanlar da onları hakimiyyətdə görmək istəmir- “Qarabağ klanı”nın antireytinqi çox yüksəkdir. Bəli, onların reytinqi, dəstək bazası var, amma əsas odur ki, antireytinq çox yüksəkdir. Onlara artıq etibar edilmir, çox korrupsioner siyasətçilər hesab olunurlar, Paşinyanla bacara bilməyəndən sonra isə zəif hesab olunurlar.

Müxalifət arxiyepiskop timsalında Köçəryanın və Sarkisyanın simasında populyar olmayan siyasətçiləri gizlətməyə çalışır. Bundan əlavə, Paşinyanın Qərb vektorundan fərqli olaraq, arxiyepiskopun imicinə müraciət müxalifətin din vasitəsilə ənənəvi erməni dəyərlərinə güvənmək cəhdidir. Bəli, arxiyepiskop sərt, hətta hədə-qorxu ilə deyir ki, yüksələn hərəkatın məqsədi başqa şeylərlə yanaşı, Ermənistana və özünün dediyi kimi, “Artsax”a görə qisas almaqdır. Amma səslənənlər istəkdən başqa bir şey deyil. Hər kəs çox gözəl başa düşür ki, Ermənistanın Qarabağı yenidən nəzarətə götürməsi mümkün deyil.

- Bir neçə gün əvvəl Kremldə Putinlə Paşinyan arasında danışıqlar olub. Məlumdur ki, bunun nəticəsində Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədindən çıxarılması barədə qərar qəbul edilib, sərhədçilər Ermənistanın İran və Türkiyə ilə sərhədində qalacaqlar... İndi erməni mətbuatı yazır ki, Azərbaycan guya İrəvan qarşısında şərt qoyub ki, sərhədyanı ölkələrdə üçüncü tərəf olmayacaq. Bu haqda nə düşünürsünüz? Moskvada Rusiya və Ermənistan liderləri münasibətlərdəki problemlər prizmasından nəyi müzakirə etdilər?

- Düşünürəm ki, həm Azərbaycan, həm də Rusiya sərhədçilərin birdən-birə Azərbaycanla Ermənistan arasında mümkün silahlı münaqişənin girovuna çevrilməməsi üçün geri çəkilməsindən razıdırlar. Eyni zamanda, Paşinyan rus sərhədçilərini Ermənistan ərazisindən çıxarmaqla özünü yeni Qərb “dostlarına” nümayiş etdirmək istəyir ki, o, Rusiyadan uzaqlaşır və Rusiya Federasiyasını öz təhlükəsizlik sferasından kənarlaşdırır.

Düşünürəm ki, ikitərəfli münasibətlərdə Vladimir Putin və Nikol Paşinyan Moskva ilə İrəvanın nəyi birləşdirə biləcəyini müzakirə edə bilərlər. Paşinyan Rusiya Federasiyası ilə münasibətləri kəsməkdən daha çox, mümkünsə, Moskva ilə münasibətləri pozmadan Qərblə münasibətləri yaxşılaşdırmaq istəyir ki, bu münasibətlərin korlanmasına yüksək qiymət ödəməsin. Təbii ki, Rusiya Federasiyası İrəvanın qərb vektoruna qarşıdır, lakin Moskva İrəvanla Moskva arasında münasibətlərin korlanmamasının tərəfdarıdır. İrəvandan bu pisləşməni tələb edən Qərbdir. Ona görə də Paşinyan ənənəvi olaraq bu vəziyyətdə nəyisə tərifləməyə və aldatmağa çalışır.

İndi Rusiya Ermənistanla münasibətlərdə gözləmə taktikasından istifadə etməkdə və erməni əhalisinin rəğbəti üçün mübarizə aparmaqda davam edir. Məsələ burasındadır ki, Rusiyadan Qərbə kəskin gedişdən qorxan erməni əhalisinin timsalında məhdudlaşdırıcı amil olmasaydı, Paşinyan Ermənistanı daha kəskin şəkildə Qərbə aparardı.

- Bakı ilə İrəvan arasında sülh prosesində hazırkı irəliləyişi necə qiymətləndirirsiniz?

- Qarabağ münaqişəsinin həlli kimi əsası olan sülh prosesi gedir. Ermənistanla Azərbaycanı böyük ölçüdə bir-birindən ayıran, düşmən edən Qarabağ olub. Əsas problem həll olunub. İndi biz sərhədlərin delimitasiyası məsələsində irəliləyiş görürük. Kəndlərin Azərbaycana qaytarılması prosesi gedir. Və ümumilikdə bu, ümumi sülh prosesi üçün müsbət dinamika yaradır.

Hələ də öz həllini tapa bilməyən yeganə məsələ Zəngəzur dəhlizi problemidir. Və əgər Zəngəzur dəhlizində heç olmasa hansısa formada kompromis tapılarsa, bu, tezliklə sülh müqaviləsinin imzalanmasına şərait yaradacaq. Və bu, hətta payızdan daha tez baş verə bilər.

Paşinyan əslində Azərbaycan və Türkiyənin blokadasından çıxması və iqtisadi inkişafı üçün Azərbaycanla sülh istəyərdi. Paşinyan hesab edir ki, Azərbaycanla münaqişə Ermənistanı böyük ölçüdə Rusiyadan asılı vəziyyətə salır. O, özünü bu asılılıqdan xilas etmək istəyir.

Paşinyanın Azərbaycanla kompromis tapmaq istəyi tam uyğundur və onun Ermənistanı Rusiyadan Qərbə çevirmək istəyi ilə əlaqələndirilir.

Bu arada Azərbaycan Qərbin Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edərək Cənubi Qafqaza müdaxiləsini artırmasına və Ermənistanın Qərbi bu münaqişə zonasına dəvət etməsinə sərt reaksiya verir. Bu baxımdan həm Rusiya, həm də Azərbaycan Qərbin regionda güclənməsinə qarşı mübarizə aparır.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər