Siyasət

  • 3 408

Qayıdışdan Qurtuluşa, Qurtuluşdan Zəfərə

image

Azərbaycanın dövlətçilik tarixində çox mühüm əhəmiyyətə malik günlərdən biri 1993-cü ilin 15 iyunudur. Həmin gün Ulu Öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə Qayıdışı xalqımızın taleyində Qurtuluş yolunun başlanğıcı oldu. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə imzalanan Sərəncamda deyilirdi: Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Heydər Əliyev ona görə Azərbaycanın rəmzinə çevrilmişdir ki, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Tarixi faktlara nəzər salarkən görmək olur ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Xalqın taleyinin bu mərhələsində - azadlıq və müstəqillik duyğularının artdığı illərdə Ulu Öndər həmin duyğuları alovlandırdı ki, bu da illər sonra müstəqilliyimizin bərpası ilə nəticələndi.

Ümummilli Lider Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi...

90-cı illərdə ölkəyə rəhbərlik edənlərin siyasi səriştəsizliyi, idarəçilik qabiliyyətinin olmaması Azərbaycanın mövcudluğunu, sözün həqiqi mənasında, sual altında qoymuşdu. Xaos, anarxiya, özbaşınalıq, torpaqlarımızın işğal olunması xalqımıza müstəqilliyin sevincini yaşamaq imkanı verməmişdi. Belə çətin və mürəkkəb bir dövrdə Azərbaycan xalqı üzünü Ulu Öndər Heydər Əliyevə tutaraq öz varlığını təmin etdi.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkə­mizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Dahi şəxsiyyətin müdrik siyasətinin nəticəsi idi ki, ölkəmiz bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən xilas oldu, müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı və inkişafın təməli qoyuldu.

1990-cı ilin yanvar ayında Azərbaycanın ayrı-ayrı rayonlarının, eləcə də Naxçıvanın sərhədlərində ermənilər tərəfindən münaqişələr törədilirdi. Yanvar ayının 18-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki kəndi işğal olunmuşdu. Ermənilərin Sədərək istiqamətində mütəmadi hücumları başlamışdı və vəziyyət gündən-günə gərginləşirdi. Yanvarın 20-də Bakıda törədilən faciə ilə Naxçıvanın sərhədlərində münaqişələrin başlanmasının üst-üstə düşməsi isə ermənilərin havadarlarının əvvəlcədən hazırladığı böyük plan üzrə cərəyan edirdi. Belə ki, burada məqsəd diqqətin Bakı hadisələrinə yönəlməsi fonunda Naxçıvanın əhalisi arasında ümidsizlik yaradaraq bölgənin boşaldılması və erməni işğalı üçün şəraitin yaradılması idi. Digər tərəfdən isə Naxçıvanı ölkənin paytaxtı ilə birləşdirən yollarda da ermənilər tərəfindən münaqişə törədilir, Bakı-Naxçıvan qatarları dayandırılır, günlərlə işləmir, maşinistlərə qarşı vəhşiliklər edilirdi. Naxçıvan blokada vəziyyətinə salınırdı.

Bütün bu əməllərin arxasında kimin olduğu, kimin planı və gücü ilə həyata keçirilməsi 20 Yanvar hadisəsindən sonra Naxçıvana qayıdan və burada yaşayan Ulu Öndərə gün kimi aydın idi. Elə buna görə də Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...”

Beləliklə, Ulu Öndər 1990-cı ildə Naxçıvana qayıtmasaydı, Naxçıvan indi yox idi. Qədim diyar həmin illərin qurbanı olmuş, Qarabağ kimi işğal edilmiş, naxçıvanlılar isə aclıq-səfalət içərisində məhv olmuşdular. Heydər Əliyevin Naxçıvana gəlməsi ermənilər tərəfindən sərhədlərində müharibə aparılan və blokadaya salınan diyarın xilası oldu. Və son 30 ildə Naxçıvanın inkişafı da 1990-cı illərdə Ulu Öndər tərəfindən həyata keçirilən və gələcəyə hesablanmış tədbirlərin nəticəsində reallaşmışdır. Bununla əlaqədar Prezident cənab İlham Əliyevin də dəyərli fikirlərini xatırlamaq yerinə düşər: “Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Naxçıvanın uğurlu inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərmişdir və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülmüşdür. 1990-cı illərin əvvəllərində – Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilmişdir. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar”.

Müstəqilliyimizi xilas edən Böyük Şəxsiyyət

Azərbaycan tarixini, xüsusilə də bu tarixin hər birimizə yaxın olan mücadilə və mübarizələrlə dolu XX əsr səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda axıdılan qanlar, itirdik­lərimiz canlandıqca, düşünürsən ki, müstəqil olmaq heç də asan deyilmiş. Müstəqilliyi əldə etdikdən sonrakı dövrə nəzər salarkən ona uzanan əlləri, gözü ­götürməyənlərin təxribatlarını görəndə isə belə bir qənaətə gəlirsən ki, həqiqətən də, müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imiş.

Məlumdur ki, 1991-ci ildə bərpa etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də gərgin ziddiyyətlərlə üz-üzə dayanmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq.

Zaman sübut etdi ki, Ümummilli Lider Heydər Əliyev o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyət dövründəki kimi olacaqdı.

Bəli, böyük çətinliklə bərpa olunan müstəqilliyimiz Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə möhkəmləndirildi, əbədilik qazandı. Böyük Heydər Əliyevin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Ulu Öndərin mənəvi və siyasi varisi, daim Heydər Əliyev siyasətindən bəhrələnən və fəaliyyətini bu dahi insanın təcrübələrinə istinad etməklə quran dövlət başçısı cənab İlham Əliyev deyir: Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.

Qayıdış inkişafın başlanğıcı oldu

Görkəmli dövlət xadiminin ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə mühüm işlər görüldü. Qısa müddətdə daxili sabitlik bərpa edildi, cəbhədə atəşkəsə nail olundu, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində potensial baza yaradıldı. Eyni zamanda iqtisadi sahədə mühüm addımlar atıldı, xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı, nəticədə, Azərbaycanın iqtisadi inkişafını şərtləndirən layihələrin həyata keçirilməsinə başlanıldı.

Ulu öndərin rəhbərliyi ilə Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bununla da Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm təməli qoyuldu. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu, dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi.

Bununla bərabər, ölkəmizin beynəlxalq təşkilatlarla əlaqəsi təmin olundu, müasir hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Nəticədə, çox qısa müddətdə müstəqil Azərbaycan özünün sosial, iqtisadi, siyasi və mədəni həyatında ciddi uğurlar qazandı.

Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev siyasi fəaliyyətini ölkəmizin heç bir güc mərkəzindən asılı olmayaraq, müstəqil siyasət aparmasına, hər bir sahədə xalqın mənafeyinin qorunmasına həsr etmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan ötən dövrdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP, TAP kimi nəhəng iqtisadi layihələrlə bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Eyni zamanda dövlət başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib.

Azərbaycan iqtisadiyyatı artıq tam mənası ilə şaxələndirilmiş iqtisadiyyatdır. Dünyanı bürüyən qlobal böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı təmin edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və milli maraqlara cavab verən xarici siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və ciddi uğurlara imza atmışdır. Hazırda BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər nüfuzlu beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq aparılır. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Ölkə başçısının təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunan Zirvə görüşləri, eləcə də BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, həmçinin Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi ölkəmizə və dövlətimizin başçısına beynəlxalq arenada olan böyük hörmətin, nüfuzun göstəricisidir.

Qurtuluşdan Zəfərə gedən yol

1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışı ölkəmizin xilası, xalqın qurtuluşu, müstəqilliyimizin qorunması ilə yanaşı, həm də işğal altında olan torpaqlarımızın bir gün geri qaytarılması uğrunda mübarizənin başlanğıcı oldu.

“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!”,- deyən Ulu Öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi.

Bu gün müstəqil Azərbaycanımız etibarlı əllərdədir. 1990-cı illərdə səriştəsiz dövlət rəhbərləri tərəfindən ermənilərə satılan torpaqlarımız fəaliyyətində daim Heydər Əliyev siyasətinə, ideologiyasına əsaslanan dövlət başçısının rəhbərliyi ilə şücaətli Milli Ordumuz tərəfindən işğaldan azad edildi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin 20 sentyabrında birgünlük lokal xarakterli antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndərimizin ən böyük arzusunun reallaşması idi. Əgər müstəqilliyimizin əldə olunması, daimilik qazanması üçün Ulu Öndərə borcluyuqsa, ərazi bütövlüyümüzün bərpası, müstəqil dövlətimizin müasir dövrdə beynəlxalq aləmdə nüfuzunun artması üçün dövlətimizin başçısına minnətdarıq.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü hər bir vətəndaş üçün əzizidir. O mənada ki, xalq çox çətinliklə əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə hazırdır. Xalq bir gün öz əzəli torpaqlarını da geri alacaqdı. Həmin günün Ulu Öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi liderinin rəhbərliyi ilə reallaşması isə Azərbaycanda müstəqilliyimizin ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirilməsini təsdiqlədi. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”,- deyən dövlət başçısının əzmini təsdiqlədi. 2020-ci il sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 günlə təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 günlə. Azərbaycanın döyünən ürəyinə, bir parçasına qovuşduğu, 30 illik bir həsrətin, nisgilin bitdiyi anla təsdiqlədi. 10 noyabr 2020-ci il Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun Azərbaycan tarixinə yazdığı yeni salnamə oldu.

Cənab Prezidentimizin Ulu Öndərin “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” vəsiyyətini həm bir övlad, həm də siyasi rəhbər olaraq reallaşdırması xalqımıza liderlik bacarığını göstərməklə yanaşı, həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli məsələ olduğunu aşıladı. Bu isə ölkəmizdə hər bir gəncə nümunə gücündə olan təsirli məqamdır.

Tariximizin şanlı səhifəsini təşkil edən Qarabağ Zəfəri və ölkəmizin bugünkü inkişafı ötən 20 ilin hər anında Prezidentimizin praqmatik fəaliyyətinin nəticələridir. O nəticələr ki, bu gün bütün dünyanın diqqətini özünə yönəldən məqamlardır. Azərbaycanın güclü, eyni zamanda sülhsevər dövlət olduğuna dünyanın şahidliyidir. Ən əsası isə Azərbaycan vətəndaşının qürur yeridir.

Bəli, qürur duyuruq ki, Ulu Öndərimizin siyasi yolu uğurla davam etdirilir. Qürur duyuruq ki, 30 il əvvəlki Qayıdış xalqımıza Qurtuluş, müstəqillik, Zəfər, ərazi bütövlüyü, əmin-amanlıq və bugünkü inkişafı bəxş edib.

Mətanət Məmmədova

Digər xəbərlər