PDF Oxu

Siyasət

  • 2 494

Millətlər o zaman xalq ola bilir ki…

Millətlər o zaman xalq ola bilir ki…

Tarixən cəmiyyətlər müxtəlif vaxtlarda və müxtəlif yerlərdə fərqli təşkilatlanma formaları ilə yaşayıblar. Millət dediyimiz formalaşma da onlardan biri və sonuncudur. XX əsrin ikinci yarısından etibarən qlobal miqyasda sürətlə yayılan milli dövlət anlayışı bu gün dünyanın hakim siyasi təşkilati vahidi hesab edilir. Lakin millətçilik bütün cəmiyyətlərdə eyni formalı bir ideologiya və ya təcrübə deyil. Etnik və ya mədəni millətçilik, vətəndaş millətçiliyi və ya siyasi millətçilik kimi müxtəlif növləri olan bu anlayışın liberal, sosialist, dini və dünyəvi formaları var.

Milliyyətçilik 200 ildən artıqdır ki, dünyamızın reallığıdır, çünki yaşadığımız dünyada siyasət onsuz mümkün deyil. Ən liberal dövlətdən tutmuş ən sosialist dövlətə, dini dövlətlərdən dünyəvi dövlətlərə qədər bütün dövlətlər millətçi praktika yaradır, buna uyğun vətəndaş yetişdirir, öz tarixini millətçilik ideyaları istiqamətində var edir. Lakin bu millətçiliyi irqçi ideologiyadan uzaq, etnik qrupları inkar etməyən, onların haqlarını tapdamayan, ölkənin mədəni-ictimai həyatında onlara da rol verən, siyasi idarəetməni vətənpərvərlik zəminində, vahid xalq olaraq qurmağa çalışan millətçilik mümkündür.

İnsanların birliyini millət adlandırmaq üçün həmin cəmiyyətdə müəyyən keyfiyyətlərin olub-olmaması müəyyən edilməlidir. Yəni, millət ola bilmək üçün müəyyən kriteriyalar və öncəliklər var. Bəzən hesab edirlər ki, bir cəmiyyətin millət sayılması üçün irqi birlik vacibdir. Lakin Azərbaycan bu düşüncənin kökündən yalnış olduğunu sübut edən ən bariz nümunədir. Çünki Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, Şahdağ xalqları, ləzgilər, rutullar, malakanlar, ingiloylar, qaraçılar, aşşurlar, udilər, almanlar, ruslar əsrlərdir ölkəmizdə bir-biri ilə vahid xalq kimi sülh içində yaşayırlar. Eyni torpaqda yaşayan insanların bütövləşib vahid xalq olmalarının birinci şərti ortaq keçmişə və gələcək hədəfə sahib olmaqdır. Biz ölkəmizdəki etnik azlıqların özlərini bu xalqın tərkib hissələri hesab etmələrini Qarabağ Mühaibəsində, etnik kimliyindən asılı olmayaraq vətən üçün hər kəs səfərbər olanda bariz şəkildə gördük. Dinindən, milliyətindən asılı olmayaraq bütün gənclər vətən üçün cəbhəyə axışdı. Eynilə I Qarabağ Müharibəsində olduğu kimi II Qarabağ Müharibəsinin də dini-etnik mənsubiyyəti fərqli olan qaziləri, qəhrəmanları, şəhidləri oldu.

Məhz o səbəbdəndir ki, Azərbaycanda milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Dövlət idarəsi, cəmiyyətin təşəkkülü də bu fondadır. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bu cür inkişaf konsepsiyası ola bilər. Ümummilli lider Heydər Əliyev nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbr və təmkinlə həyata keçirdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən lider bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu, bunu dövlətin ən vacib vəzifəsi etdi.

O deyirdi ki, Azərbaycançılığımızı, milli ideologiyamızı, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirməliyik. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ümummili Lider yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir.

Vətən, milli düşüncəli və millət sevdası ilə yaşayanların toplaşdığı yerdir. Bir torpağı Vətən edən də bu düşüncə tərzidir. Azərbaycanın milli dövlətçilik strategiyası da həmişə bu istiqamətdə aparılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi konsepsiyaya görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlətçilik prinsipində dini dəyərlərin payına da önəm verilir. Dövlətimiz ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına da xidmət edir. Bu istiqamətdə atılan hər bir addım dədə-babalarımızdan bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Etnik azlıqların birləşib çoxluq yaratdığı, xalq olduğu yerlərdir Vətən. Millətçilik, milli düşüncə başqalarına zərər verdiyi an saflığını itirir, müqəddəsliyindən uzaqlaşır. Millətçilik, siyasətə alət edilməyə başladığı andan dəyərini itirməyə başlayır.

Lalə Mehralı

Digər xəbərlər