Siyasət

  • 1 443

Səfər qardaş həmrəyliyinin təzahürüdür

image

Cari ilin 6 iyul tarixində Azərbaycanın təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şuşada təşkil edilən görüşdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etmişlər. Tədbir zamanı Türk xalqlarının qitə çərçivəsində töhfələrini, qlobal siyasət, mədəniyyət, elm, iqtisadiyyat və sivilizasiyaların inkişafında əsrlər boyu oynadığı rolunun ən yüksək səviyyədə olduğu vurğulanmışdır.Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə cənab İlham Əliyev çıxış edərək bildirmişdir ki, “Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsümü dəstəklədiyiniz və dəvətimizi qəbul edərək Şuşa şəhərinə gəldiyiniz üçün təşəkkür edirəm. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”. 2023-cu ilin 20 sentyabrında Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Şuşa şəhəri hər zaman Azərbaycanın mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 2020-ci il 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə Vətən müharibəsi başa çatmışdır. Hər il Azərbaycanda 8 noyabr “Zəfər Günü” kimi qeyd edilir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Azərbaycanla Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. Ölkə başçısı cənab İlham Əliyev həmçinin tədbir zamanı Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramının icra olunduğunu bildirdi və çıxış edərək demişdir: “Hörmətli həmkarlar, bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır”. İşğalçı Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. Bu gün isə ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlara həyat qayıdır, abadlıq-quruculuq işləri aparılır və insanlar öz ata-baba yurdlarına qayıdırlar. Qeyd etmək lazımdır ki, “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna kimi 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan Prezidentlərinin Şuşa, Füzuli, Zəngilan, Ağdam və Cəbrayıl şəhərlərinə səfər etməsi Türk dünyasının birliyindən xəbər verir. Türk dövlət başçılarının azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransına TDT başçılarının hər biri dəvət edilib. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük etimadın bariz nümunəsidir.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Digər xəbərlər