Prezident İlham Əliyev: 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir. Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.
2020-ci ilin payızında, 44 günlük İkinci Vətən müharibəsi ilə 30 il erməni işğalı altında qalan torpaqlarımız azad edildi. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəliyi ilə milli ordumuzun qəhrəman zabit və əsgər heyəti Qarabağda üç əsrə bərabər hərbi taktika həyata keçirdi və bir qərinəyə yaxın düşmən tapdağı altında inləyən ata-baba yurdlarını soydaşlarımıza qaytardı.Azərbaycan xalqı Zəfər qazandı. Möhtəşəm tariximizin 270 ildən artıq dövründən sonra onun səhifələrinə qürur sətirləri yazıldı. Dövlətimizin başçısının 20 illik yorulmaz fəaliyyətinin və hər dəfə söylədiyi - əgər Qarabağ sülh yolu ilə geri alınmazsa, hərb yolu ilə azad ediləcək- dəyərli fikirlərinin nəticəsi olaraq ulu yurd yerlərimiz qarış-qarış düşməndən azad edildi.Bu torpaqlar sülh yolu ilə də azad edilə bilərdi. Bunun üçün dövlətimizin başçısı illərlə beynəlxalq təşkilatlarla, müxtəlif dövlətlərlə danışıqlar apardı. Lakin həm ölkələr, həm də təşkilatlar susdu. Azərbaycan dövləti üçün yeganə yol qaldı: torpaqları hərb yolu ilə geri almaq. Və bunu 2020-ci ildə 44 günlük Vətən müharibədə gördük və şanlı Zəfərimizin qürurunu yaşadıq.Birinci Vətən müharibəsində olduğu kimi, minlərlə şəhidimiz, qazimiz, itkinimiz oldu. Lakin bunlar müharibənin “qanunlarıdır”. Nə şəhidsiz, nə qazisiz, nə itkinsiz, nə də dağıntısız müharibə olur. Zəfər şəhid, qazi, itkinlə qazanılır. İkinci Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər də çoxsaylı Vətən övladının şəhid olması, sağlamlığının məhdudlaşması və itkin düşməsi ilə qazanıldı. Təsəllimiz isə “Oğul torpaq üçün doğulur” deyimi oldu.Lakin xalqı qarşıda yeni bir Zəfər də gözləyirdi. 2023-cü ildə Xankəndidə birgünlük antiterror əməliyyatı ilə daha böyük Zəfər qazandıq. Bu dəfə erməni nankorları torpaqlarımızı könüllü şəkildə tərk etdi və bununla da Qarabağ və Şərqi Zəngəzurun işğal altında olan əraziləri tamamilə azad olundu. Dövlətimizin ərazi bütövlüyü və konstitusiya quruluşu bərpa olundu.
İkinci Vətən müharibəsi Birinci Vətən müharibəsinə işıq salır
İkinci Vətən müharibəsinin Zəfər günəşi Birinci Vətən müharibəsinə də işıq saldı. Belə ki, həmin dövrdə müharibədə şəhid olan, əsir götürülən və itkin düşən, ermənilər tərəfindən kütləvi, həm də vəhşicəsinə şəkildə öldürülən soydaşlarımızın məzarlıqları aydınlaşdırılmağa və müəyyən edilməyə, ailəsinə təhvil verilməyə başlandı. Bu isə Zəfərin qələbəsidir.“İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda 18 sentyabr 2023-cü il tarixdə keçirilən beynəlxalq konfransın iştirakçılarına dövlətimizin başçısı İlham Əliyevin ünvanlandığı müraciətdə deyilirdi: İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir və konfransın mövzusu ölkəmiz üçün xüsusi aktuallıq kəsb edir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur.Etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır.İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmış və bu illər ərzində səmərəli fəaliyyət göstərmişdir.2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır.Dövlət başçısının müraciətində daha sonra deyirdi ki, Vətən müharibəsindən dərhal sonra Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılmışdır. Son iki ildə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilmişdir. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olmuş və bu barədə ictimaiyyətə məlumat verilmişdir. Bu gün daha 10 nəfərlə bağlı əlavə məlumat təqdim ediləcək.
30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması davam edir
Vətən müharibəsi bitəndən, xüsusilə 2023-cü ildəki birgünlük antiterror əməliyyatlarından sonra tez-tez azad edilmiş torpaqlarda taleyi aydınlığa çıxarılan soydaşlarımızın adını eşidirik. Çünki Qarabağ və Şərqi Zəngəzur tamamilə erməni terrorçularından xilas edildi. Sərhədlərimiz möhkəmləndirildi. Və bu sərhədlər daxilində artıq 30 illik itkinlərimizi axtarıb tapa bilirik. 30 ildən artıq bir dövrdə gözü yollarda nigaran qalan valideynlərinə, yaxınlarına onlar haqında məlumat verildikcə, dəfn olunub məzarı bilindikcə, o insanların üzündəki ifadə adamı qürurlandırır. Bu, sevinc ifadəsidir, balasının naməlum taleyinə salınan işığın sevincidir. Gözlərinin yollardan yığılmasının, həsrətin bitməsinin, doğmasına qovuşmanın sevincidir. Bir məzarın təsəlli sevincidir.İki gün öncə araşdırmalar nəticəsində nəşi tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha on şəhidimiz haqqında əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat aldıq.
Bu gün onlardan Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu, Usubov Zakir Kamran oğlu Xocalı şəhəri Şəhidlər Xiyabanında dəfn edildi.İyulun 12-də isə Baxışov İdris Osman oğlu Quba rayonu, Qənidərə kəndində, Əliyev Muğan Gəray oğlu Füzuli rayonu, Çimən kəndində, Əliyev İmaməddin Əliağa oğlu Ağdaş rayonu, Pirəzə kəndində, Rəhimova Səfiyyə Müləzim qızı və Rəhimov Müsaddin Sədri oğlu Saatlı rayonu, Orta Muğan kəndində dəfn ediləcək.
Atasını xatırlamayan övladı onu dəfn etdi
Bu gün qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Usubəli Süleyman oğlu Qarayev, Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Nemət Musa oğlu Şahmuradov və Zakir Kamran oğlu Usubovun nəşi Xocalı şəhərinə gətirilib.Nəşi dəfn olunan Xocalı şəhidi Zakir Usubovun oğlu Elmir Usubov xatırlamadığı atasının tabutunu çiynində məzara endirib. Xocalı faciəsi baş verəndə 1 yaşı olan Elmir şəhid atasının nəşinin 32 ildən sonra dəfn edilməsinin ailələri üçün böyük təskinlik olduğunu bildirib: bütün ailəmizin gözü aydın olsun. Atamla heç vaxt şəklim olmayıb, indi onun məzarı ilə ilk şəklimi çəkdirdim”.
Ötən ay 8 şəhidimiz 30 il sonra torpağa tapşırıldı
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhidimiz 30 ildən sonra Vətənində torpağa tapşırıdı. İyunun 27-də Baratov Hörmət Beytulla oğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltan oğlunun cəsədlərinin qalıqları Xaçmazda, Zeynalov Ucar Fidail oğlunun qalıqları Göygöl rayonunda, Əsgərov Əhliman Vahid oğlunun cəsədlərinin qalıqları isə Şəmkirdə dəfn edildi.İyunun 28-də isə şəhidlərimz Cavadov Elman Xurşud oğlu Sumqayıt Şəhidlər Xiyabanında, Əbdürrəhmanov Yasin Şakir oğlu Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində, Yaqubov Fəqan Misir oğlu isə Tərtər rayonunun Sarıcalı kəndində torpağa tapşırıldı.
İşgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalan 18 soydaşımız
Bu ilin mart ayında işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar olundu və fakt ilə bağlı araşdırmalara başlandı.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verdi. Məlumatda bildirilirdi ki, qeyd olunan ərazidə həyata keçirilən baxış-istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.Aşkar edilmiş insan qalıqlarının xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırıldığı da müəyyən edilmişdi.Kütləvi məzarlıqda aşkar olunan insan qalıqlarından 10 nəfərin şəxsiyyəti müəyyən edilib:
Xocalı rayon sakinləri
1. Əliyev Ağaəli Naib oğlu (01.06.1933)
2. Əliyeva Sürəyya Behbud qızı (01.06.1933)
3. Mahmudov Akif Seydulla oğlu (01.06.1962)
4. Səlimov Xəzər Səyavuş oğlu (01.09.1974)
5. Səlimova Tamilla Ağamirzə qızı (01.06.1935)
6. Nəcəfov Şiraslan Məmiş oğlu (01.06.1952)
Xankəndi şəhər sakinləri
7. Cavadov Əli Müsül oğlu (15.06.1954)
8. İsmayılov İsmayıl Bəhman oğlu (01.08.1955)
9. Məhərrəmova Bəsirə Vəli qızı (01.06.1954)
10. Məhərrəmov Vaqif Cəmil oğlu (01.06.1951)
İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.
Səbirə Dadaşova: “Otuz bir ilə yaxındır ki, övladımdan xəbərsiz idim”
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Dadaşov Gülalı Məhəmməd oğlu mayın 7-də Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olundu.İtkin düşmüş oğlunun nəşinin tapılmasına, bununla da onu illərin həsrətindən qurtardıqlarına görə dövlətimizin başçısında minnətdarlıq edən şəhid anası Səbirə Dadaşova bildirib: “Otuz bir ilə yaxındır ki, övladımdan xəbərsiz idim. Gözüm yollarda qalmışdı. Balamın nəşi tapılandan sonra gözlərim yollardan yığıldı”.Gülalı Dadaşov 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində itkin düşüb.Onun qalıqları Beyləqan rayonunun Şəfəq qəsəbəsindəki “Peyğəmbər” qəbiristanlığında aşkarlanıb.
Elşad Mustafayevə: “Otuz ildən çoxdur ki, əmilərimin yolunu gözləmişik”
May ayının 15-də isə Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri - Mustafayev Sabir İslam oğlu Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olundu.Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı qardaşı oğlu Elşad Mustafayevə təqdim edilib. İtkin düşmüş əmisinin nəşinin tapılmasına, bununla da ailəni illərin həsrətindən qurtardıqlarına görə dövlətimizin başçısına minnətdarlıq edən şəhidin qardaşı oğlu bildirib: Sabir əmimin adına uyğun layiqli şəkildə torpağa tapşırılmasına görə dövlətimizə təşəkkür edirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət, onların ailəsinə isə səbir diləyirəm.E.Mustafayev hisslərini belə ifadə edib: otuz ildən çoxdur ki, nənəm, atam və ailəmin digər üzvləri ilə birlikdə əmilərimin yolunu gözləmişik. Hər iki əmim Birinci Qarabağ müharibəsi zamanı Vətənin müdafiəsi üçün cəbhəyə könüllü yollanıb. Mənim nənəmin 3 oğlu var idi. Atam yaşadığı müddət ərzində öz qardaşları ilə həm fəxr edir, həm də onların yolunu gözləyirdi. Təəssüf ki, nə atam, nə də nənəm əmilərimin dəfnini görmədilər. Onlar qardaş, övlad həsrətinə dözə bilmədilər”.Qeyd edək ki, Sabir Mustafayev 1963-cü il martın 16-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində anadan olub. 1991-ci ildə Şıxov taborunun tərkibində Vətənin müdafiəsi üçün hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Sabir Mustafayev 1992-ci il yanvarın 26-da şəhid olub. O, Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.Qardaşı 1959-cu il təvəllüdlü Mustafayev Malik İslam oğlu isə 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı itkin düşüb.
Həm İkinci, həm də Birinci Vətən müharibəsinin LİDERİ
Böyük Zəfərdən bu günədək taleyi araşdırılan və nəşi Vətənində torpağa tapşırılan Vətən övladlarından söhbət açdım. Onların övladlarına, övladların valideynlərinə qovuşması ilə hansı hissləri yaşadıqlarını ifadə etməyə çalışdım. Məqsədim isə həm İkinci, həm də ondan düz 30 il əvvəl baş vermiş Birinci Vətən müharibəsinin Liderinə çevrilən dövlətimizin başçısının xalqımız qarşısında xidmətlərinə nəzər salmaq idi.Bəli, cənab İlham Əliyev hər iki müharibənin Liderinə çevrildi. Əvvəlcə torpaqlarımızı düşməndən alıb soydaşlarımıza bəxş etməsi, ümumilikdə xalqın şərəf məsələsini həll etməsi ilə, sonra isə 30 ildən artıq bir dövrdə gözləri yollarda qalan ana-ataların, bacı-qardaşların övlad həsrətinə son qoymasi ilə.Bir də cənab Prezident ona görə hər iki müharibənin Lideri ola bildi ki, vaxtilə torpaqların işğal olunmasında bilavasitə günahı olan ozamankı hakimiyyət mənsublarının böyük səhvini çox çətinliklə olsa da, düzəltdi. Onlara göstərdi ki, torpağı qorumaq, onun əsil sahibinə çevrilmək, dövlətə və dövlətçiliyə sədaqət, xalq-dövlət birliyini yarada bilmək, bir yumruq altında birləşib, onu gücə çevirmək necə olur.Elə bu səbəblərdən də bizim Prezident hər bir azərbaycanlı üçün əzizdir!
Mətanət Məmmədova