"Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun"
Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabi demokratik ideyalarla zəngin olan bir ziyalı olaraq tariximizdə iz salıb. Zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görmüş, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermiş Həsən bəy Zərdabi geniş ictimai fəaliyyəti ilə mətbuat tariximizdə əbədi izini qoyub. Asudə vaxtlarını xalq arasında keçirmiş, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirmiş böyük ziyalı bütün həyatını xalqının maariflənməsinə həsr edərək böyük bir yola çıxmışdı. O, Xeyriyyə Cəmiyyəti, teatr və müəllimlik yolu ilə xidmət etdiyi xalqa daha çox xidmət etmənin yollarını axtarır və bunu qəzetin nəşrində görürdü. "Bizim Cəmiyyəti Xeyriyyə bina tutmadığından teatr təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı bir yerə toplayıb məktəblər açdıraraq küçədəki uşaqları oxutmaq mümkün deyildir. Elmsiz bu dövrdə yaşamaq mümkün deyildir. Nə etməli? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır !". Beləliklə, o bu məqsədinə çatmaq üçün isararlı olaraq mücadilə edir. Təbii ki, Həsən bəy Zərdabinin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə idi. Hər addımında vətənpərvərlik özünün biruzə verirdi. Əlbəttə ki, mətbuatın olması o dövr üçün zəruri idi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifiçisi Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürürdü.
VƏTƏNİNƏ, XALQINA, MİLLƏTİNƏ XİDMƏT ETMƏK ARZUSU
Bəs, həsən bəyZərdabi kim idi? Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci ildə (bəzi mənbələrdə 1842-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Mənbələrdə qeyd olunur ki, bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir. Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir. 1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir, lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir.
HƏYATINDA YENİ DÖVR
Zərdabi universiteti bitirdikdən sonra Tiflisdə Torpaq İdarəsində işləməyə başlayır. Bu vəzifədən ayrıldıqdan sonra 1868-ci ildə Qubada məhkəmə katibi olaraq işləməyə başlayır. 4 oktyabr 1868-ci il tarixində işinə son verildikdən sonra bir müddət müstəqil məhkəmə vəkilliyi etmişdir. 18 noyabr 1869-cu ildə Bakıda məktəbə təbiət elmləri üzrə müəllim kimi işə düzəlmişdir. Bununla da onun həyatında yeni dövr — maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır, lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Bununla da, Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur. Bundan sonra, müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyət-xeyriyyə" də yaratmışdı. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə "Cəmiyyət-xeyriyyə"yə üzv yazdırmaqla məşğul olmuşdu. Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllimlərə ehtiyac yarandığından, Həsən bəy Zərdabi 1872-ci ildən "Qafqaz" qəzetində Tiflis "Müqəddəs Nina" Qadın gimnaziyasını bitirən qızların müəllim kimi peşəsini davam etdirməklərini təbliğ edir. Bundan sonra, Zərdabi bir gün "Qafqaz" qəzetindəki xəbərdən Tiflisdə olan Müqəddəs Nina adlı qız məktəbindən məzun olanların arasında Nalçik şəhərində anadan olan və Balkar türklərindən olan Hənifə xanım Abayevanın da olduğunu öyrənir. Bundan sonra Tiflisə gedən Zərdabi Hənifə xanımı taparaq onunla tanış olur və ona gələcəklə bağlı fikirlərini deyir. Hənifə xanımın da eyni fikirdə olduğunu öyrənən Zərdabi ona evlənmə təklifi edir. Təklifi qəbul edən Hənifə xanım Zərdabi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə köçür.
Məlumat üçün bildirək ki, XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud olsa da, Azərbaycanda bu sahədə hələ bir yenilik yox idi. Baş verən dövrün ictimai-siyasi hadisələri milli mətbuatımızın yaranmasını zəruri edirdi. Azərbaycanda milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. O dövrün yazılı mənbələrinə istinadən deyə bilərik ki, təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirildi. Məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri danılmazdır. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və ana dili tədris olunurdu. Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər.
"XALQIN HƏR BİR DƏRDİ VƏ XAHİŞİ O QƏZETDƏ ÇAP OLUNSUN Kİ, O QƏZETƏ BAXAN XALQI AYNADA GÖRƏN KİMİ GÖRSÜN"
Əlbəttə ki, çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş "Senzura haqqında qəti qanun"dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Qəzetin nəşrinə icazə alma 7 il çəkdi. Zərdabinin rəsmi orqanlara ilk müraciəti isə 1873-cü ilin aprel ayında oldu. Qəzetin belə adlandırılması isə çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də "Əkinçi"nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular. "Əkinçi"nin ilk nömrəsində Zərdabi "Daxiliyyə", "Əkin və ziraət", "Elmi xəbərlər", "Tazə xəbərlər" bölmələrini olacağının yazırdı. Həsən bəy Zərdabi yazırdı: "Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun" və ya "Xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün".
"QƏZETİNİZİN ƏSAS MƏZİYYƏTLƏRİNDƏN BİRİ İFADƏNİN GÖZƏLLİYİ, İBARƏLƏRİN ZƏRİFLİYİ VƏ AYDINLIĞI, ORFOQRAFİYANIN DÜZGÜNLÜYÜ OLMALIDIR"
Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın təməlinin qoyulması Azərbaycan və eləcə də, bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyətin yaranmasına səbəb oldu. 1875-ci il iyulun 22-də milli mətbuatımızın bünövrəsi "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Əkinçi Azərbaycan dilində yayımlanan ilk qəzet olaraq ayda iki dəfə 300-400 tirajla yayımlanmışdır. Ümumilikdə 56 sayı buraxılmışdır. Bu böyük zəhmət hesabına baş gəlmişdir. Dövrünün təqiblərinə baxmayaraq, dözüm gətirdi "Əkinçi" qəzeti. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
Mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə misilsiz iş görür.
Mənbələrə diqqət yetirsək görərik ki, "Əkinçi"nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar şöbəsi də açıldı. Bu 5 şöbə qəzetin sonuncu nömrəsinə qədər davam etmişdir. "Əkinçi" Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrilir. Həsən bəy Zərdabi qəzet oxuyanların sayını artırmaq məqsədi ilə onları pulsuz olaraq yayırdı.
M.F.Axundov geniş oxucu kütləsi üçün buraxılan mətbuat orqanının şriftlərinin gözəl, dilinin, üslubunun, orfoqrafiyasının tam düzgün olmalıdır, deyə Həsən bəyə yazırdı: "Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır".
"ƏKİNÇİ" ƏNƏNƏLƏRİ
"Əkinçi" qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir. Bu qəzet cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyub. 1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq, ölkəmizdə bir müddət azərbaycanca mətbu orqan çıxmamışdır. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır. 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə o, çapını dayandırmışdır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı. XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı.
Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalmışdır. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur.
Nəzakət ƏLƏDDİNQIZI