Siyasət

  • 886

Cəbhəçilər Əli Kərimliyə etiraz edir ANALİZ

image

AXCP-nin rayon şöbələrinin sıravi üzvləri parlament seçkilərinə qatılacaqlarını bildirdilər

AXCP sədri Əli Kərimli heç bir addımının marağı olmasa, atmaz və ya hər hansı bir açıqlamasından gəlir əldə etməsə, deməz, danışmaz. Bu baxımdan, onun istənilən hərəkəti sünidir, öz şəxsi mənafeyinə hesablanıb. Rüsvayçı hal ondan ibarətdir ki, ətrafına yığdığı trollar da onun kimi düşünür və hərəkətlər edirlər. Partiyadaxili trol şəbəkəsinin fəallarından olan Fuad Qəhrəmanlı, İlham Hüseynli, Ayaz Məhərrəmov, Seymur Həzi və digərləri hər gün çərənləyirlər, sosial şəbəkələrdə pozucu xarakterli məlumatlar paylaşırlar. Deyirlər ki, sentyabrın 1-də keçiriləcək parlament seçkiləri demokratik keçməyəcək, həm də sayıqlayırlar ki, COP29-un Azərbaycanda keçirilməsi əhaliyə narahatlıq gətirəcək, maliyyə itkiləri yaradacaq. Əli Kərimli dünənki paylaşımında bir sıra qanunsuz əməllərinə görə, həbs olunan “Abzas Media” və Toplum tv-nin əməkdaşlarının taleyindən narahat olduğunu yazıb. Söz yox ki, Ə.Kərimlinin və ətrafında olan trolların bu cür mövqeləri onların sifarişli hərəkət etmələrindən irəli gəlir. Birincisi, əminliklə demək olar ki, sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkiləri yüksək səviyyədə, azad və demokratik şəraitdə keçiriləcək. Çünki dövlətimiz hüquqi, demokratik dövlət quruculuğu prinsiplərinə sadiqdir. Digər tərəfdən seçki prosesinə hər hansı formada kölgə salınması qalib və qüdrətli Azərbaycan dövlətinin adına ləkə ola bilər. Ona görə də, seçkiyə hazırlıq, namizədlərin qeydə alınması, seçicilərin bilgilər əldə etməsi ən yüksək formada təşkil olunub və həyata keçirilib.

Əli Kərimli və Cəmil Həsənli qara niyyətlərinə nail ola bilməyiblər

Bu günə qədər bir nəfər də olsun namizədliyini irəli sürən şəxs proseslə bağlı narazılığını ifadə etməyib, sadəcə, bəzi məsələlərdə giley-güzar olub ki, bu da təbii haldır, iş olan yerdə incikliyin olması gözləniləndir. Baxmayaraq ki, Əli Kərimli, Cəmil Həsənli və onun ətrafında olan trollar bütün mümkün vasitələrlə seçkilərə xələl gətirməyə hesablanan çağırışlarla çıxış edib, açıqlamalar verib, paylaşımlar ediblər. Lakin qara niyyətlərinə nail ola bilməyiblər. Hətta öz aralarından olan sıravi cəbhəçilər belə Ə.Kərimlinin “boykot” şousunun iştirakçısı olmaqdan imtina edib. Müqavimətə dözməyən Ə.Kərimli Qənimət Zahidin TV-sinə verdiyi açıqlamasında “boykot” qərarına partiya daxilində birmənalı münasibət göstərilmədiyini söylədi. Bu fikirlə də Ə.Kərimli özü-özünü ifşa etmiş oldu. Təsdiq etdi ki, “boykot” qərarını o özü təkbaşına verib, partiya üzvlərinin, ən azı kollegial orqanların fikrini nəzərə almayıb. Sonradan özünə yaxın Ali Məclisin üzvlərini qonaqlığa dəvət edərək, onların iştirakı ilə seçki məsələsini müzakirə edib, “boykot” qərarı verildiyini bildirdi. Lakin bu, daldan atılan daşa bənzəyir. Çünki qonaqlıq məclisindən çox əvvəl seçkiləri “boykot” qərarı verilmiş və qərar mətbuatda və sosial şəbəkələrdə yayılmışdır. Əgər Ə.Kərimli həqiqətən də partiya üzvlərinə, xüsusilə də, müavinlərinə hörmət edirdisə, “boykot” məsələsi Ali Məclisdə müzakirə edilib, müvafiq qərar çıxarıldıqdan sonra mətbuata yol açmalı idi. Ə.Kərimli məsələni əqidə “dost”ları hesab etdiyi şəxslərlə müzakirəyə çıxarmadan özü təkbaşına qərar verməsi AXCP-də qatı diktatura rejimi qurduğunu və partiyadaşlarına yuxarıdan aşağı baxdığını nümayiş etdirir. Təbii ki, belə özbaşınalıq daxili narazılıq yaratmalı idi və yaradır. Artıq AXCP-nin bir neçə rayon təşkilatının üzvləri “boykot” qərarına qarşı çıxdıqlarını və sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkilərində səsvermədə iştirak edəcəklərini bəyan ediblər. Bu isə cəsarət nümunəsi ortaya qoyan cəbhəçilərin Əli Kərimliyə vurduqları sərt şillədir. Ona vurulacaq daha bir zərbə keçirilməsi planlaşdırılan partiyanın növbəti qurultayında olacaq.

AXCP-nin qurultayı Əli Kərimliyə başağrısı gətirəcək

Gözlənilən AXCP-nin qurultayının sakit keçməyəcəyi şübhəsizdi. Birincisi, qurultayda Ə.Kərimlinin özbaşına verdiyi “boykot” qərarına görə izahat verməsi tələb olunacaq. İkincisi, Ali Məclisə seçkilərin necə və hansı prinsiplərlə keçildiyi barədə suallara cavab istəniləcək. Üçüncüsü, 80 yaşlı Nurəddin Məmmədlinin Ali Məclisin sədri təyin edilməsi nəyə əsaslanıb? Dördüncüsü, Şirvan şəhərində evə qanunsuz daxil olaraq oğurluq etməyə cəhd edən Ayaz Məhərrəmovun hələ də AXCP sədr müavinliyindən uzaqlaşdırılmamasının səbəbi nədir? Təbii ki, digər suallar da olacaq. İnandırıcı deyil ki, Nurəddin Məmmədlinin, Ayaz Məhərrəmovun və digərlərinin yanında gözükölgəli olan Ə.Kərimli ona yönələcək sualların bu hissəsinə cavab verə bilsin. Niyə təkbaşına seçkiləri “boykot” qərarını verdin, - sualına Ə.Kərimli cavab verə bilməyib, gözlərini döyə-döyə qalacağı şübhəsizdir. Ona görə də, çətin və ağır durumda olan Ə.Kərimli qurultayın vaxtını uzatmağa çalışır. Hətta bəhanələr də gətirir ki, guya havaların həddindən artıq isti olması səbəbindən rayon təşkilatlarının konfranslarını keçirmək mümkün olmayır. Lakin bu qaçdıtutdu oyunu çox çəkə bilməz. Çünki “Siyasi partiyalar haqqında qanuna” görə qurultayın keçirilməsi bəlli bir vaxt aralığında baş tutmalıdır. Həmin vaxta qədər qurultay baş tutmasa, o zaman Ədliyyə Nazirliyi müvafiq qərarla çıxış edə bilər. Ən azı partiyanın sədrinin və kollegial orqanlara seçilənlərin legitimliyi sual altına düşə bilər ki, bunu da Ə.Kərimli heç arzu etmir. Çünki legitimliyi olmayan təşkilat rəhbərlərinin xarici ağaları qarşısında hörməti olmaz. Ona görə də, Ə.Kərimli ona çətin də olsa, yaxın vaxtlarda qurultaya getməli olacaq. Ancaq qurultaydan necə çıxacağı, onu yalnız hələ də sağlam düşüncəni özlərində saxlayan cəbhəçilərin qərarından sonra bilmək olacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər