Siyasət

  • 2 074

Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılır TƏHLİL

image

Fransa tarixinin ən ağır və məşəqqətli dövrünü yaşadığını desək, səhv etmərik. Çünki ölkə prezidenti vəzifəsini icra edən Emmanuel Makronun səhv, yanlış siyasəti səbəbindən uçuruma doğru yuvarlanır. Hətta vəziyyət o həddə çatıb ki, ölkə əhalisi birmənalı mövqe ortaya qoyaraq Makronun istefasını tələb edirlər. Əgər müqavimətlə üzləşəcəkləri təqdirdə iğtişaşlar və qarşıdurmalar yolu ilə Makronu hakimiyyətdən uzaqlaşdıracaqlarını bəyan edirlər. Diqqətçəkən məqam ondan ibarətdir ki, bəzi aparıcı dövlətlər Fransanın dünya üçün təhlükə mənbəyi olduğunu bildirir və bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən uzaqlaşdırılmasının vacibliyini qeyd edirlər. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “dünya beşdən böyükdür”, - deyə Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündə olmasına etirazını bildirmişdir. Əslində, dünya birliyi, eləcə də daha açıq və praqmativ düşünməyi bacaran fransızlar mövqelərində haqlıdırlar. Çünki prezident Emmanuel Makron Fransa tarixində ən rüsvayçı və idarəetmədə ən bacarıqsız dövlət başçısı hesab olunur. Bu şəxs hər bir xırda problemi, insanların etirazlarını sərt polis dəyənəyi, su şırnaqları ilə aradan qaldırmağa çalışır. “Sarı jiletlilər”in üsyanı, pandemiya nümayişləri, təqaüdçüləri küçələrə çıxaran “pensiya islahatları”, Afrikadan qovulmaq və nəhayət, indiki vaxtda fermerlərin kütləvi “peyin aksiyaları” və digər mitinqlər, küçə yürüşləri Makronun insanların sərt şəkildə cəzalandırılması ilə sıradan çıxarılıb. Elə etirazçılar var ki, haqsız yerə həbslərə atılıblar və döyülüb, alçaldılıblar. “Sarı jiletlilər” hərəkatı 2018-ci ildə baş versə də, bu gün də həbsxanalarda insanlar çürüməkdədir. Dəfələrlə parlament, eləcə də minlərlə fransız həbsə atılan etirazçıların azad edilməsini tələb etsə də, qatı diktator olan E.Makron çağırışlara və tələblərə əməl etməyib, günahsız insanların həbsxanalarda qalmasına çalışıb. Fransız xalqına divan tutması ilə barışmaq istəməyən “Yeni Xalq Cəbhəsi” blokundan 81 deputatı Fransa prezidenti Emmanuel Makronun vəzifəsindən uzaqlaşdırılmasını tələb edən qətnaməni imzalayıb. Həmin deputatların 72-si “Məğlub olmayan Fransa” partiyasından olan deputatlardır. Bu faktın özü E.Makronun siyasi iflasının göstəricisidir. Fransanın müstəmləkəsi olan adaların Makrona qarşı etirazlarının güclənməsi də hakimiyyətin yanlış və qəsbkar siyasətini sərt cəzalar üzərində qurması ilə bağlıdır. Radikal yönümlü siyasətçi Marin Le Pen əvvəlki seçkilərdə Makrona səs verən Qvadelupa, Martinika, Fransız Qvianası, Mayotte və Reunion kimi dənizaşırı ərazilərdə təxminən 60 faiz səslə qalib gəlməsi qeyd olunanlara misal ola bilər. Sent Pyer and Mikelonda isə təxminən 51 faiz səs toplayan Le Pen, eyni zamanda, Fransız Polineziyasında seçicilərin səslərinin 48 faizini alıb.

Fransa dünya üçün arzuolunmaz dövlətə çevrilib

Tarixən Fransa dünyada insanlığa qarşı vəhşiliklər törədən, şəhər və kəndləri dağıdan dövlət kimi tanınıb. Bu mənfi imicin genişlənməsində Makronun yanlış siyasəti daha böyük təkan verib. Artıq elə bir məqam yetişib ki, Fransanın müstəmləkəsi altında inildəyən xalqlar səslərini çıxarmağa və müstəqillik uğurunda aktiv mübarizə aparmağa başlayıblar. Fransa hökumətinin hər cür sərt cəza tədbirlərinə, qətliamlarına baxmayaq xalqlar hədəflərinə doğru mübarizədən əl çəkmirlər. Demək olar ki, Korsika və Yeni Kaledoniyana haqlı mübarizələrində uğurlu nəticələr əldə etməkdədirlər. Niger isə tamamilə Fransanın müstəmləkəçiliyindən xilas olub. Fransa bir növ evə daxil hər şeyi qarət edən oğru kimi Nigerin bütün sərvətini talan edirdi. Fransanın istehlak etdiyi uranın 40%-ə qədəri Nigerdən gəlirdi, indi bu gəlirdən məhrum olub. Keçmiş müstəmləkələrin valyuta ehtiyatlarının 80%-dən çoxu Fransa Xəzinədarlığının nəzarətində olan “əməliyyat hesablarında” saxlanılır. Ekspertlərin fikrincə, hazırda bu rəqəm 500 milyard dollardır. Bu vəsait Afrika ölkələrinin olsa da, onun yalnız 15%-ni xərcləyə bilirlər. Fransadan çox İtaliyaya yaxınlığı ilə tanınan Korsika adası daha çox muxtariyyət tələb etməsi ilə tanınır. İğtişaşlardan qorxan Makron Korsikaya muxtariyyət vəd edib. Hətta məsələnin həll edilməsi üçün ortaq mətn üzərində razılaşmaq üçün altı ay vaxt verib. Uzun və gərgin müzakirələrdən sonra Fransa adaya daha çox muxtariyyət verən mətn üzərində razılığa gəlib. Fransa Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirib. Müstəqillik tərəfdarı olan kanakları azlığa çevirmək və miqrantların hesabına Fransa işğalını davam etdirmək üçün Makron hökuməti Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Fransa hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır. Yeni Kaledoniyanın müstəqillik tərəfdarları uzun müddətdir ki, Fransa hökumətini seçki kütləsinin sayının qanunsuz genişləndirilməsinə dair qanun layihəsinin dayandırılmasına çağırış edirdi. Bu qanun layihəsinin zorla qəbul olunmasının Yeni Kaledoniyada pis nəticələnə biləcəyinə dair dəfələrlə xəbərdarlıq edirdilər. Onlar Fransa hökumətini dialoqa çağırırdılar və Yeni Kaledoniyaya aid qərarların kaledoniyalıların iştirakı olmadan qəbul edilməsini işğalçı zehniyyatın məhsulu adlandırırdılar. Çoxsaylı çağırışlara məhəl qoymayan Fransa hökuməti layihəni artıq Fransa Parlamentinin hər iki palatasında zorla qəbul etdirib. Hazırda Yeni Kaledoniyada baş verən hadisələr Fransanın çöküşünə təkan verən və adanın müstəqillik arzularının reallaşmasına yardımçı ola bilər. Baxmayaraq ki, Makron rejimi adaya öldürməyi bacaran cəlladlarını göndərib. Həmin cəlladlar insanlara qarşı zorakılıqlar edir, öldürür, evlərini qarət edirlər. Makronun cəlladlarının nəticəsi olaraq onlarla insan öldürülüb, yüzlərlə insan isə yaralanıb. Vəhşiliklər isə hələ də davam edir. Makron hakimiyyəti Fransa Hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətin gizlətmək üçün TikTok sosial şəbəkəsinə çıxışı blok edib. Yeni Kaledoniya xalqı informasiya blokadası tətbiq etmək üçün bütün internetin kəsilə biləcəyindən, ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır. Lakin Fransa hökuməti öz əməllərini gizlədə bilməyib. Belə ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Fransa hökuməti tərəfindən ölkəsində törədilən qırğınlar barədə BMT-nin üzv ölkələrini məlumatlandırıb. Fransa rəsmiləri, xüsusən də Daxili işlər və Dənizaşırı ərazilər naziri Jerard Darmanin rəhbərlik etdiyi Fransa jandarmalarının Yeni Kaledoniyada törətdiyi vəhşiliklərə haqq qazandıraraq, toqquşmaların səbəbi kimi xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərib. “Azad fransız mediası” küçədə güllənənən kanakları göstərməkdən, yerli əhaliyə qarşı törədilən vəhşilikləri işıqlandırmaqdan imtina edir. Azərbaycan Fransanın daxili işlər naziri Jerar Darmaninin “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi fikirləri tamamilə rədd etdiyini bəyan edib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerar Darmaninin “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərhində Fransa tərəfinin, ilk növbədə, Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pislədiyini və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edildiyini bildirib: ”Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı”. Ayxan Hacızadə onu da bildirib ki, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir:“Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq”.

Müstəmləkəçiyə qarşı mübarizə müsbət nəticələr verir

1988-ci ildə yerli əhali ilə imzalanan Numea müqaviləsinə zidd olaraq, ən azı 10 ildir adada yaşayan fransızların seçkilərdə səs verməsinin yolunu açmaq cəhdi etirazlara səbəb olub. Fransa hökuməti təxminən bir ay davam edən etirazları yatırmaq üçün adaya polis və jandarm göndərib. Burada baş verən insidentlərdə 7 nəfər həlak olub. Fransa Prezidenti Emmanuel Makron adaya səfəri zamanı konstitusiya islahatı layihəsini geri götürməyib və onun tərəfdarları ilə əleyhdarları arasında dialoq üçün vaxt verib. Digər müstəmləkə ərazilərindən olan Fransız Qvianasında da vəziyyət ağırdır. Fransız Qvianası muxtariyyət tələb edir və insanlar küçələrə çıxaraq tələblərinin nəzərə alınması üçün etiraz aksiyaları keçirir. Fransız Qvianası Konqresi 2020-ci ildə xüsusi statusla daha çox muxtariyyət tələb etmək üçün səs verib. Sakinlərin tələbinə baxmayaraq 4 ilə yaxındır ki, konstitusiya tənzimlənməsi ilə bağlı Paris administrasiyası ilə danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Fransız Qvianasının əsas problemləri arasında Braziliya sərhədində sənədsiz miqrasiya və qeyri-qanuni qızıl hasilatı var. Burada yoxsulluq və işsizlik səviyyəsi yüksəkdir, sakinlər hökumətin infrastruktura və səhiyyə sektoruna sərmayəsinin qeyri-kafi olmasından şikayət edirlər. Fransız Qvianasında gənc əhalinin demək olar ki, 40 faizi təhsil və ya işləmək üçün xaricə gedir. Yerli hökumət Makronun Fransanın Aralıq dənizindəki Korsika adası üçün daha çox muxtariyyət vəd etdiyi halda, Qviana üçün eyni addımın atılmamasına mənfi reaksiya verir. Digər müstəmləkə altında olan xalqlar, o cümlədən Qvadelupa və Martinikada da muxtariyyət tələbləri artır. 400 min nəfər əhalisi olan Karib dənizindəki Qvadelupa adasında yoxsulluq, cinayətkarlıq ən yüksək həddə çatıb. Fransanın ən yoxsul müstəmləkəsi olan Mayotte isə təhlükəsizlik və su problemləri ilə üzləşib. Hind okeanında, materikdən təxminən 8 min kilometr aralıda yerləşən Mayotte adasında 310 min nəfərlik əhali “əsrin ən pis quraqlığı” adlandırılan təbii fəlakətlə qarşı-qarşıyadır. Keçən ilin noyabrında Fransa hökuməti adada 82 su təchizatı məntəqəsi yaradıb və əsgərlərlə birlikdə sakinlərə içməli su paylamağa başlayıb. Üstəlik, Fransanın daxili işlər naziri Jerald Darmanin fevral ayında adada doğulan mühacirlərin uşaqlarının artıq avtomatik olaraq Fransa vətəndaşı olmayacaqlarını açıqlayıb. Yeni tənzimləmə ilə adada doğulan uşaqların Fransa vətəndaşı olmaq üçün valideynlərinin fransız olması tələb olunur. Bu ayrı-seçkilik adanın yerli əhalisinin qəzəbinə səbəb olub. Buna cavab olaraq, Fransa hökuməti aprel ayında adaya 1700 polis və əsgər göndərib, həmçinin nizamsız mühacir axınından əziyyət çəkən koloniyada təhlükəsizliyə nəzarət etmək üçün 11 həftəlik əməliyyata başlayıb. Məlumatlara görə, Mayotte sakinlərinin həyat səviyyəsi fransızlardan 7 dəfə aşağıdır və sakinlərin 77 faizi yoxsulluq həddinin altında yaşayır. 300 min əhalisi olan 100-dən çox adadan ibarət, habelə materikdən təxminən 16 min kilometr uzaqlıqda yerləşən Fransız Polineziyası Fransanın 1966-1996-cı illər arasında keçirdiyi 200-ə yaxın nüvə sınağının təsirinə etiraz edir. Burada müstəqillik tərəfdarı Tavini Huiraatira Partiyası ötən il keçirilən seçkilərdə qalib gəlib. Polineziya administrasiyası adanın tam suverenliyə doğru irəliləməsi tərəfdarı olsa da, Fransa hökuməti müstəqillik danışıqlarında maraqlı deyil və iddia edir ki, adanın siyasi müstəqilliyindən əvvəl kənd təsərrüfatı, iqtisadiyyat və ərzaqla özünü təmin etməsi lazımdır. Reunion 2022-ci ilin sonunda altı koloniya ilə birlikdə Fransa rəhbərliyinə qarşı daha çox muxtariyyət tələb edərək “Fort-de-France” çağırışını imzalayıb.

Bir sözlə, Fransa artıq Afrikada və digər ərazilərdəki mövqelərini tamamilə itirir. Elə dünyada nüfuzundan da məhrum olur. Müstəmləkə siyasətindən imtina etməsə, bu ölkəni daha ağır və faciəvi sonluq gözləyir. Həm də o fikri vurğulamaq olar ki, xalqlara hürriyyət və azadlıq Bakıda Fransanın müstəmləkə siyasətinə qarşı keçirilən tədbirlərlə əldə olunur. Bu baxımdan Bakı, bütövlükdə Azərbaycan müstəmləkə altında əzilən, hüquqları tapdanılan, azadlıqları əlindən alınan xalqlar üçün ümid çırağı, həyat mənbəyidir.

İLHAM ƏLİYEV

Digər xəbərlər