Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruzun akkreditə olunduğu Ekvadora işgüzar səfəri baş tutub. SİA-nın məlumatına görə, səfər çərçivəsində Ekvadorun Ətraf Mühit və Enerji Nazirliyində, Xarici İşlər Nazirliyində və digər dövlət qurumlarında görüşlər keçirilib. Görüşlərdə iki ölkə arasında gündəlikdə duran məsələlər müzakirə olunub, siyasi, iqtisadi və humanitar sahələr üzrə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində ADA Universiteti ilə Ekvadorun Diplomatik Akademiyası arasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfində səfir R.Novruz, Ekvador tərəfindən isə xarici işlər və insan mobilliyi naziri vəzifəsini icra edən Alexandro Davalos imzalayıb. İmzalanma mərasimindən sonra Ekvador Diplomatik Akademiyasının direktoru Alexandro Suaresin müşayiəti ilə təhsil ocağı ilə tanışlıq həyata keçirilib və gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.Ümumilikdə səfər bu ilin sentyabrında BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ekvador xarici işlər nazirləri Ceyhun Bayramov və xanım Qabriela Sommerfeld arasında baş tutmuş görüş çərçivəsində müzakirə edilmiş məsələlərin, o cümlədən əldə edilmiş razılığın irəlilədilməsi məqsədi daşıyıb. Ekvadora səfər çərçivəsində həmçinin bu ölkədə yaşayan həmvətənlərimizlə görüş keçirilib, onların həyat tərzi və əmək fəaliyyəti ilə maraqlanılıb.