PDF Oxu

Siyasət

  • 1 900

Azərbaycan - nüfuz və söz sahibi - TƏHLİL

image

Müasir dünyanın inkişaf düsturlarından biri də inteqrasiya prosesidir. Hansı ölkə bu istiqamətdə siyasət yürüdürsə, dünya ölkələri ilə əlaqələrini genişləndirirsə, iqtisadi münasibətlərində yeniliklər tətbiq edirsə onun dostlarının, tərəfdaşlarının sayı da artır, bu da təhlükəsizliyə rəvac verən əsas faktorlardandır. İnteqrasiya ilə ölkələrin daxili və xarici siyasətində dəyişikliklər baş verir, nəticədə xalqların həyatı dəyişir, inkişaf edir. Sevindirici haldır ki, Azərbaycan dünya birliyində hörmət edilən, sayılan dövlətlərdəndir və onunla hesablaşırlar. Ölkəmiz fürsətdən sui-istifadə etmir, əldə olunanları bütün tərəfdaşları ilə bu və ya dişər şəkildə paylaşır, onlara birgə fəaliyyətin səmərəli olduğunu nəticələrə söykənərək sübut edir.

Azərbaycan dünya birliyində

Regionun lider ölkəsi olan Azərbaycanın iştirakı olmadan, heç bir strateji layihənin reallaşması mümkün deyil. Ölkəmiz dünya siyasətində və iqtisadiyyatında da əsas aktorlardandır. Azərbaycanın rəhbərlik etdiyi, təşkilatçısı olduğu bütün tədbirlər, meqa layihələr uğurla həyata keçirilir. Bir faktı söyləmək yerinə düşər, 2019-cu ilə qədər Qoşulmama Hərəkatının fəaliyyəti bir o qədər də gözə çarpmırdı, say etibarı ilə dünya ölkələrinin əksəriyyətini özündə birləşdirsə də digər beynəlxalq səviyyəli birlik və təşkilatların kölgəsində qalmışdı. Azərbaycanın quruma sədrliyi onun fəaliyyətində bir canlanmaya yaratdı, Qoşulmama Hərəkatının nüfuzu yüksəldi, qəbul etdiyi kollektiv qərarlar dünya birliyi tərəfindən qəbul edildi. Bu intibahın səbəbkarı da yenə Azərbaycan oldu.

Azərbaycan əlverişli coğrafi məkanda yerləşməklə Qərblə Şərqi, Şimalla Cənubu birləşdirir, nəqliyyat və enerji dəhlizi rolunu oynayır. Energetika və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli yer tutur. Azərbaycan bu gün transsərhəd layihələrin əsas icraçısı kimi dinamik inkişaf edir. Geoiqtisadi proseslərdə Azərbaycana diqqəti artıran amillərdən biri də onun dünyanın aparıcı dövlətləri üçün strateji coğrafi mövqedə yerləşməsidir. NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Qərblə Rusiya arasında əlaqələrin təşəbbüskarı kimi Azərbaycan iradəsini ortaya qoymağı bacarır. Bakı fövqəlgüclərin hərbi-siyasi, iqtisadi ziddiyyətlərində Azərbaycanın tərəfsiz olduğunu və ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə yol verilməyəcəyini qətiyyətlə bildirsə də, bu mübarizənin müxtəlif təzahürləri, təzyiq və təhdid cəhdləri ilə hələ də üzləşməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin xarici siyasət meydanında müstəqil siyasət yürütdüyünü dəfələrlə qeyd edib. Milli maraqlarını, müstəqil və balanslaşdırılmış xarici siyasət prinsiplərini əsas tutan Azərbaycan sülh və əməkdaşlıq məkanına çevirib.

Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla - BMT, ATƏT, Qoşulmama Hərəkatı, TDT, İslam Əməkdaşlıq Təşkilatı, YUNESKO, İSESKO, Müstəqil Dövlətlər Birliyinə üzv olmaqla çoxtərəfli diplomatik əlaqələrini genişləndirir, eyni zamanda NATO, Avropa İttifaqı kimi qurumlarla da əməkdaşlığı inkişaf etdirməkdədir. Eyni zamanda, dünya ölkələrinin qlobal problemlərlə mübarizəsində fəaliyyətlərinin artırılması məqsədi ilə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının konfransın keçirilməsi də xüsusi olaraq vurğulanmalıdır. Dəfələrlə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.

ŞƏT və Azərbaycan

Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Dünyanın iqtisadi güc mərkəsi sayılan ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Təsadüfi deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib.

Türk Dövlətləri Birliyində Azərbaycanın yeri

Andiçmə mərasimində İlham Əliyevin söylədiyi fikirlər həqiqətə çevrilir. Azərbaycan Prezidenti birmənalı olaraq qeyd etdi ki, bizim ailəmiz türk dövlətləri ailəsidir və bu dövlətlərin inkişafı üçün Azərbaycan əlindən gələni edəcək. Türk Dövlətləri Təşkilatının Şuşada keçirdiyi qeyri-rəsmi Zirvə görüşü bir daha göstərdi ki, XXI əsr türk dövlətlərinin əsridir. Macarıstanın, Şimali Kipr Türk Cümhuriyyətinin bu tədbirə qoşulması dünyanın bəzi dövlətləri və siyasi dairələri tərəfindən qısqanclıqla qarşılansa da reallıq budur ki, birlik doğru yoldadır.

Türk Dövlətləri Təşkilatının tərkib hissəsi kimi Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da Azərbaycanın xarici siyasətində prioritet sahələrdəndir. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiyanın strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi regiondur. Bu ölkələrin xalqları əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Azərbaycan Mərkəzi Asiya, o cümlədən bütün türkdilli dövlətlərlə yaxından münasibət qurur. Müstəqillik əldə etdikdən sonra bu işdə olduqca fəallıq göstərən Azərbaycan hərtərəfli əlaqələri gücləndirməyə başlayıb. Hazırda Azərbaycan, Qazaxstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Azərbaycan Prezidenti İlham Əliyev son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 dəfə rəsmi səfər edib. Həmin müddət Qazaxstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının ümumilikdə Azərbaycana 15 rəsmi səfəri olub. Rəsmi Bakının Türk dünyasının birliyinin möhkəmlənməsində göstərdiyi səylər Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən bəyənilir və yüksək qiymətləndirilir.

Qazaxstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxri qonaq qismində iştirakı ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Azərbaycan Prezidenti görüşdə çıxış edərək bildirmişdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb.

Azərbaycan - nüfuzlu və etibarlı

Azərbaycanın Qərb dünyası ilə münasibətləri də kifayət qədər şaxəlidir. Bütün sahələrdə inkişafdan, yeniliklərdən danışmaq olar. Prezident İlham Əliyevin son iki ayda Avropanın bir neçə ölkəsinə işgüzar və dövlət səfərlərinə getməsi, orada mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdə, ikitərəfli görüşlərdə iştirakı bunu deməyə əsas verir ki, Azərbaycan Avropa üçün əvəzedilməz partnyora çevrilməkdədir. Bu gün Avropanın 10 ölkəsinin təbii yanacağa olan ehtiyacının Azərbaycan tərəfindən həll edilməsi, başlanan müqavilələr əsasında həmin ölkələrin enerji təhlükəsizliyində Azərbaycanın başlıca rol oynaması diqqətə alınmalıdır.

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə iqtisadi, siyasi və digər sahələrdə əlaqələrinin başlanğıc tarixi 1991-ci ilə təsadüf edir. Öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Qərb ölkələri ilə faydalı əməkdaşlıq , mehriban qonşuluq və dinc yaşamaq prinsiplərini prioritet qəbul edərək beynəlxalq müstəvidə geniş fəaliyyətə başlayıb. Avropa İttifaqı-Azərbaycan münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkəmizin iqtisadi maraqlarının təmin olunması və həmçinin siyasi müstəvidə faydalı əməkdaşlığı ehtiva edirdi. İkitərəfli münasibətlərin inkişafında əhəmiyyətli sazişlərin bağlanması, enerji və nəqliyyat əməkdaşlığının dərinləşdirilməsi və həmçinin regional əməkdaşlığın inkişafında əhəmiyyətli addımlar atılsa da, Aİ-nin ikili standartlar mövqeyi və demokratikləşmə, insan haqları, azadlıqların etibarlı təminat mexanizmin formalaşdılrılması və s. kimi məsələlərdə Aİ-nin Azərbaycanın suveren hüquqlarına müdaxiləsi münasibətlərin istənilən səviyyədə inkişafını ləngidirdi. Amma Azərbaycanın dünya birliyində artan nüfuzu Avropa ölkələrində fikir seleksiyasına gətirib çıxarıb. Bu gün əksən Avropa ölkəsi Azərbaycanla əlaqələrdə maraqlıdır. Onlardan biri də İtaliya Respublikasıdır.

İtaliya-Azərbaycan: strateji tərəfdaşlar

Azərbaycan Prezidenti cənab İlham Əliyev İtaliya Respublikasında dövlət səfərində olub. Bu ölkənin prezidenti və Baş naziri tərəfində çox səmimi qarşılanan Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib və qeyd edib ki, müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilib, əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var. Dövlətimizin başçısı bu fikirləri Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışı zamanı söyləyib. Əlavə edib ki, yüksək səviyyəli təmaslarımız bizim çox yaxın tərəfdaşlar olduğumuzu sübut edir.

Qeyd olunmalıdır ki, Azərbaycan-İtaliya siyasi əlaqələri strateji əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanır. İtaliya Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasında əsas tranzit və istehlakçı ölkələrdəndir. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İtaliya Azərbaycan qazını Avropaya nəql edilməsində önəmli mövqeyə malikdir. Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, yeni iqtisadi layihələrin həyata keçirilməsi də müzakirə edilib. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. Bu fikirlər İtaliyanın Çernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən keçirilən Beynəlxalq Forumda da vurğulanıb. Sayca 50-ci olan Forumun "Gələcək qlobal çağırışlar və onların biznesə təsiri" adlı açılış sessiyasında dövlətimizin başçısının "Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu" mövzusunda çıxışında Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşmasında önəmli rol oynadığına toxunulub. Mötəbər Forumda Prezident İlham Əliyevin hörmətli qonaq qismində iştirakı ölkəmizin dünyada yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun təzahürü kimi qiymətləndirilib.

Azərbaycan – sülh elçisi

Azərbaycan Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən ölkədir. 2020-ci ilin sentyabr ayında başlanan və 44 günlük savaşdan sonra Azərbaycanın Ermənistanın işğalçı ordusu üzərində qazandığı böyük qələbə ölkəmizin beynəlxalq nüfuzunu xeyli yüksəldib. Azərbaycan haqlı savaşında təkcə Ermənistanı yox, həm də onun arxasında duran gücləri diz çökdürdü. Ermənistan kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Amma, 30 il bundan əvvəl başlanan, Azərbaycan rayonlarının işğalı, vətəndaşlarının öldürülməsi, girov və əsir götürülməsi, evlərinin talan edilməsi, dağıdılması ilə nəticələnən müharibədə Ermənistanın törətdiyi cinayətlərə rəğmən Azərbaycanın qazandığı qələbədən sonra işğalçı ölkəyə sülh, barışıq əlini uzatması heç bir başqa ölkə və xalqda olmayan xüsusi keyfiyyətdir. Azərbaycan sülh içində yaşamaq istəyir və buna görə də Ermənistana beynəlxalq sənədlərə istinadən sülh təklifləri göndərir.

Azərbaycan həm də barışdırıcı mövqeyi ilə tanınan ölkədir. Türkyə ilə Rusiya arasında təyyarə insidentindən sonra Azərbaycanın hər iki ölkəni barış masasına dəvət etməsi, Bakıda ABŞ-la Rusiyanın hərbi idarələrinə rəhbərlik edən şəxslərin görüşünün təşkili, Gürcüstanla Rusiya arasında savaşın daha geniş şəkil almaması üçün rəsmi Bakının vasitəçilik etməsi ölkəmizin sülhpərvər missiyasında xəbər verir. Azərbaycan Prezidentinin İtaliyada Beynəlxalq Forumda çıxışı zamanı dediyi fikirlər də buna sübutdur. İlham Əliyev Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyünü istisna etməyib: "Əgər hipotetik imkandan danışırıqsa, bu, tamamilə mümkündür. Əvvəla nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayırıq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq".

Bir daha vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin İtaliyaya budəfəki səfəri münasibətlərdə yeni səhifə açacaq. İtaliya Azərbaycanla uzun perspektivdə siyasi, iqtisadi və mədəni əlaqələrini qoruyub saxlamaqda davam edəcək, iki ölkə arasında münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına töhfə verəcək. Unutmayaq, Azərbaycan Cənubi Qafqazın dinamik inkişaf edən lider dövlətidir.

Bəhruz QULİYEV,
"Səs" qəzetinin Baş redaktoru

Digər xəbərlər