8 oktyabr 2024-cü il tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib. Ölkəmiz MDB-ə üzv ölkələrlə mədəniyyət, humanitar, elm və digər sahələrdə əməkdaşlıq həyata keçirir. Respublikamız MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur. Ölkəmiz MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu orqanların iclaslarında fəal iştirak edir. MDB-nin Əsasnaməsində dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır.
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən 2025-ci il tarixində Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın şəhərinin mədəniyyət paytaxtı statusu alması çox önəmli hadisədir. Bu, Ermənistanın beynəlxalq arenada növbəti məğlubiyyətidir. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Laçın 30 ilə yaxın vaxt ərzində Ermənistan tərəfindən işğal altında olmuş və tamamilə dağıdılmışdı. İşğaldan azad olunandan sonra, 4 il ərzində Laçın tam bərpa olunub. Artıq laçınlılar öz doğma torpaqlarına, dədə-baba yurdlarına geri qayıdıblar. Laçının mədəniyyət paytaxtı statusu alması bu şəhərə turistlərin marağını artıracaq və səyahət edən əcnəbilərin sayı artacaqdır.
İclasda ölkə başçımız cənab Prezident İlham Əliyev İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı mövzuya toxunaraq söyləmişdir: “Hörmətli həmkarlar, bu gün DB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul ediləcək. Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub. 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi”.
Xalqın misilsiz xidmətləri, qələbə naminə göstərdiyi fədakarlıq ermənipərəstlər tərəfindən qiymətləndirilməmişdir. Ulu öndər Heydər Əliyevin hakmiyyətə gəlməsindən sonra müharibə veteranlarının xidmətləri çox yüksək dəyərləndirilmişdir. Bu gün də cənab Prezident İlham Əliyev tərəfindən veteranlar yüksək səviyyədə qiymətləndirilir. Azərbaycan xalqı və onun igid övladları müharibənin qələbə ilə başa çatdırılmasında həlledici rol oynamışlar. Dövlət xətti ilə görülən bütün işlər, imzalanan sənədlər, dövlətlərlə sıx əlaqələr Azərbaycan xalqının və Azərbaycan dövlətinin rifahına hesablanmışdır.
Nigar Abdullayeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini