Azərbaycan möhtəşəm tarixi gününün - 8 Noyabr Zəfər Gününün dördüncü ildönümünü qeyd edir. Ermənistanın 30 ilə yaxın davam etmiş hərbi təcavüzünə son qoyulması böyük tarixi salnaməmizdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı azad etməsi Zəfər tariximizi yazdı, həm də bu qələbə beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi idi. BMT Təhlükəsizlik Şurasının on illərlə kağız üzərində qalmış qətnamələrini Azərbaycan icra etmiş oldu. "Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq." – deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir. İllərlə görülən işlər, həyata keçiriləən tədbirləər artıq öz sözünü demişdir. 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının müntəzəm xarakter alması İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevdən "Hücum!" əmrini alan Azərbaycan Ordusu qələbə əzmi ilə irəlilədi. 200 ildən çox davam edən etnik təmizləmə, soyqırımı siyasətini həyata keçirmiş, xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş insanların qisası döyüş meydanında alınırdı. Hər gün müharibənin getdiyi ağır döyüşlərin nəticəsində qələbə soraqları alırdıq: işğaldan adad olunan kənd, qəsəbə və şəhərlər.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı və bu mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. İmzalanmış üçtərəfli Bəyanatla ölkəmizin qazandığı tarixi Qələbə bir daha təsdiqini tapdı. Ermənistan məğlubiyyət sənədinə imza ataraq, qısa zaman kəsiyində digər şəhər və rayonlarımızdan çıxması barədə öhdəlik götürdü. Beləliklə, uzun illər işğal altında qalan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana təhvil verildi.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı", - deyə Prezident bildirmişdir.
2020-ci ilin noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan edərək: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! ... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyərək qələbəmizi milyonlarla insana çatdırmış oldu. Bəli, bu Zəfərin qazanılmasında ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliği rol oynamışdır.
Prezident İlham Əliyevin apardığı ardıcıl siyasəti nəticəsində, ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası ilə təchiz olunması bizi Zəfərə doğru aparırdı. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz ən peşəkar və döyüş ruhlu Ordu kimi tarixə adını həkk etdi. Azərbaycan ordusundan fərari olmadı. "44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi" - deyə Prezident İlham Əliyev bildirib.
Zəfər tarixini yazmış Azərbaycan Ermənistana sarsıdıcı zərbə vurmaqla "məğlubedilməz erməni ordusu'' mifini dağıtdı Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək düşmən üzərində qələbə çaldı.
44 günlük Vətən müharibəsinin reallıqları bir daha təsdiqlədi ki, Azərbaycan Prezidenti İlham Əliyev həqiqətən də böyük siyasi xadim, strateqdir və hər bir məsələnin müdrikliklə həllinə nail olur. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması, münaqişənin bitməsi xalqımızın tarixinə qızıl hərflərlə Zəfərimizi yazdı. Xalqımızın Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyi, milli birliyi, vahid amal uğrunda birləşməsi nəticəsində 44 günlük Vətən müharibəsində 30 il ərzində silahlanmış, istehkamlar qurmuş düşmən üzərində Qələbəmizə nail olduq. Bu Qələbə xalqımızın əzmini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi və sübut etdi ki, Azərbaycan xalqı qələbəni döyüş meydanında əldə etdi.
"Dəmir yumruğ"un gücünü görmüş ermənilər Azərbaycan ordusunun gücünə, Ali Baş Komandanın siyasi gücünə, iradəsinə yaxşı bələddirlər. Azərbaycan Ordusunun Qarabağda başlatdığı cari ilin 19 sentyabr tarixindəki lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması növbəti qələbəmiz oldu. Dövlət başçımızın bildirdiyi kimi, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, ədalət zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Azərbaycan antiterror tədbirləri nəticəsində konstitusion quruluşunu bərpa etdi.
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 358 min xidmət göstərilib.
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində kifayət qədər tədbirlər reallaşıb.
İndi artıq müharibədən dörd il ötür və Zəfər qazanmış Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru dirçəldir, həyat yenidən qaynayır.
Natiq ALLAHVERDIYEV,
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri