BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinin 200-ə yaxın ölkə tərəfindən yekdilliklə dəstəklənməsi dövlətimizin beynəlxalq nüfuzunun, iqlim dəyişikliyi və qlobal ekoloji problemlərin həllində mühüm rolunun göstəricisidir. Bu dəstək Azərbaycanın müstəqil və fəal siyasət yürütməklə beynəlxalq əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini nümayiş etdirir.
Bu mötəbər tədbirə ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, qlobal iqlim siyasətindəki mövqeyimizin möhkəmlənməsinə əlverişli zəmin hazırlayır. Azərbaycan qlobal iqlim siyasətində daha fəal iştirak etməklə müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirir, həmçinin enerji siyasəti və yaşıl iqtisadiyyat sahəsindəki strateji hədəflərini tezliklə gerçəkləşdirmək üçün əlverişli platforma yaradır. Həmçinin, COP29 Azərbaycanın bərpa olunan enerji sektoruna daha çox diqqət ayırması, investisiyalar cəlb etməsi və yeni texnologiyalar tətbiq etməsi məqsədini daşıyır. Bu konfransla əlaqədar infrastruktur və enerji layihələrinin tez bir zamanda həyata keçirilməsi, ölkənin yaşıl enerjiyə keçidini sürətləndirir. Bu amillər ölkəmizin bərpa olunan enerji və ekoloji texnologiyalar sahəsində potensialını inkişaf etdirə bilər.
Konfransın Azərbaycanda keçirilməsi, həmçinin ticarət, turizm və iqtisadiyyat üçün böyük faydalar gətirə bilər. Tədbirdə iştirak edən qonaqların sayının artması, turizm sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına və yerli bizneslərin böyüməsinə şərait yaradır. Bu cür böyük tədbirlər, qlobal səviyyədə diqqət çəkməklə yanaşı, ölkənin infrastrukturunu və xidmətlərini inkişaf etdirmək üçün də bir fürsətdir.
COP29-un ölkəmiz üçün verəcəyi töhfələr təhsil sahəsindən də yan keçmir. Tədbir Azərbaycan universitetləri, tədqiqat institutları və alimləri üçün böyük bir təhsil və elmi əməkdaşlıq platforması təmin etməklə, yerli elm adamlarının beynəlxalq elmi şəbəkələrlə əlaqə qurmasına, yeni araşdırmalara imza atmasına imkanlar yaradır.
Bu böyük tədbirdə dünyanın ən önəmli iqlim dəyişiklikləri ilə bağlı müzakirələr və qərarlar qəbul edilir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi həm daxili, həm də beynəlxalq səviyyədə böyük əhəmiyyət daşıyır. Konfransın uğurla keçirilməsi, Azərbaycanın iqlim dəyişikliyi məsələsindəki fəallığının daha da artmasına və qlobal səviyyədə daha çox söz sahibi olmasına imkan verəcək.
İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri