Azərbaycan möhtəşəm uğurlara ilə dünyanın diqqətindədir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev təkmil islahatları ilə ölkəmizi daha da inkişaf etdirir, qüdrətini artırır, iqtisadi imkanlarının genişlənməsi fonunda yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır, nüfuz qazanır. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında mühüm xidmətlərindən olan 1 oktyabr 2003-cü il tarixli müraciətində belə bir inam ifadə edilmişdir ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyev başa çatdıra biləcək. Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
21 il özündə biri-birindən möhtəşəm, Azərbaycanın beynəlxalq nüfuzuna, imzası qədər sözünün dəyərinə yeni əlavələr gətirən uğurlarla zəngindir. Dövlət başçısı İlham Əliyevin bu illər ərzində gördüyü işlərin ümumiləşdirilmiş təqdimatı tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir.
Tarixi Zəfərimiz növbəti qələbələrə yol açdı. Belə ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi, hərbi təxribatlarını, mina terrorunu davam etdirməsi 2023-cü ilin 19 aprel tarixində Silahlı Qüvvələrimizin bir günlük lokal antiterror tədbirləri həyata keçirməsini qaçılmaz etdi. Belə ki, bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələr Azərbaycan ərazisindən çıxarıldı. Cənab İlham Əliyev çıxışlarında bu reallığı qeyd edir ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Dövlət başçısı belə bir çağırışı da edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
Prezident İlham Əliyevin sözü və əməli birdir. 21 il bundan əvvəl Prezident seçilən cənab İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltdı. Dövlətimizin başçısı sevincli günləri daim xalqı ilə bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident 60 illiyini də Qarabağda - Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixində cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Sonuncu ad günündə isə Prezident İlham Əliyev Ağdama səfər edərək, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etmiş və təməlini qoymuşdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev adını qalib Prezident kimi tariximizə qızıl hərflərlə yazdırdı. Dövlət başçımız Ümummilli Liderin arzularını reallığa çevirdiyi üçün xoşbəxtdir. Bu sevinc, xoşbəxtlik Müzəffər Ali Baş Komandanın tarixi Zəfərimizdən sonra torpaqlarımıza davamlı səfərlərində, onların müsir tələblər səviyyəsində qurulması ilə bağlı tapşırıqlarında, bu məkanlardan ünvanladığı çağırışlarda özünün aydın ifadəsini tapır. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, cənnət məkana çevrilir. Bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Qalib ölkənin vətəndaşı olmaq böyük qürurdur.
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri