PDF Oxu

Siyasət

  • 472

Milli birlik günü ŞƏRH

image

Azərbaycan xalqının birlik və milli kimliyini təsdiq edən tarixi hadisələrdən biri 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisində baş vermişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin tarixdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Bu qərar o dövrün siyasi mənzərəsini dəyişdirməklə, eyni zamanda xalqımızın milli şüurunun formalaşması və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi üçün tarixi bir mərhələ yaratmışdır. Bu gün zamanla Azərbaycan xalqının siyasi və mədəni birliyinin rəmzinə çevrilmişdir.

1991-ci il Azərbaycan tarixində dönüş nöqtəsi idi. SSRİ-nin çökməsi ilə müttəfiq respublikalar müstəqillik yolunda mübarizəyə başlamışdı. Lakin bu proses heç də asan baş vermirdi. Çökməkdə olan imperiyanın qalıqları separatizmi və münaqişələri qızışdırmaqla yeni formalaşan dövlətləri zəiflətməyə çalışırdı. Azərbaycan isə bu proseslərdə ikiqat çətinliklə üzləşmişdi: bir tərəfdən Ermənistanın təcavüzü nəticəsində Qarabağ müharibəsi alovlanır, digər tərəfdən daxildə siyasi qeyri-sabitlik dərinləşir, hakimiyyət uğrunda mübarizə xalqın həmrəyliyini sarsıdırdı.

Ermənistanın 1988-ci ildən başlayaraq ölkəmizə qarşı irəli sürdüyü ərazi iddiaları və etnik təmizləmə siyasəti xalqımızı ağır fəlakətlərlə üz-üzə qoymuşdu. Xocalı faciəsi, Kərkicahan və Şuşada baş verən qanlı hadisələr, Qarabağda məcburi köçkün düşən soydaşlarımız, ölkədəki humanitar böhran və siyasi xaos Azərbaycanın dövlətçiliyi üçün ciddi təhdid yaradırdı. Belə bir zamanda xalqın vahid ideya ətrafında birləşməsi, həm daxili, həm də xarici düşmənlərə qarşı güclü siyasi və milli iradə nümayiş etdirməsi həyati əhəmiyyət kəsb edirdi. 1988-ci il noyabrın 17-də "Meydan hərəkatı" ilə Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda ayağa qalxdı.

Digər tərəfdən, Sovet İttifaqının sərhədləri boyunca yaşayan türkdilli xalqlar, o cümlədən Azərbaycan türkləri üçün milli oyanış prosesi başlamışdı. 1989-cu ilin dekabrında Araz çayı boyunca baş verən tarixi hadisələr bu prosesin ən mühüm təzahürlərindən biri idi. Həmin vaxt cəsarətli və iradəli xalqımız sovet qanunlarının qadağalarına, totalitar rejimin yaratdığı təzyiqlərə baxmayaraq, sərhəd dirəklərini sökərək Şimali və Cənubi Azərbaycan arasında maneələri simvolik olaraq aradan qaldırdı. Bu hadisə həm də bölünmüş xalqımızın birləşmək uğrunda mübarizəsinin açıq-aşkar ifadəsi idi.

O dövrdə siyasi xaos və etnik münaqişə şəraitində belə bir addımın atılması isə heç də təsadüfi deyildi. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti bu qərarın qəbul edilməsində həlledici rol oynadı. Ulu Öndər Heydər Əliyev milli həmrəyliyin təmin edilməsini Azərbaycan dövlətçiliyinin və milli kimliyinin əsas sütunu kimi görürdü. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi onun rəhbərliyi ilə 1991-ci ilin dekabrında qəbul edilən qərar nəticəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Bu qərar bütün dünya azərbaycanlılarına verilən tarixi mesaj idi: Azərbaycan xalqı bir millətdir və heç bir sərhəd, siyasi rejim və zaman bu birliyi parçalaya bilməz.

31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsinin əsası 1989-cu ilin dekabrında baş verən tarixi hadisələrlə qoyulub. Azərbaycan ilə İran arasında sərhədin sovet qoşunları tərəfindən ciddi qorunmasına baxmayaraq, dekabr ayında sərhəd boyu toplanan minlərlə azərbaycanlı məhz milli birlik və azadlıq ideyaları ilə qadağaları yararaq Araz çayının sahilindəki sərhəd dirəklərini sökdü. Bu cəsarətli addım xalqımızın təzyiqlərə qarşı dirənişini, milli şüurun oyanışını və gələcək arzularını əks etdirirdi. Bir-birinə əl uzadan insanlar Araz çayının sahilində birləşərək əsarətin qandallarını qırdı. Bu, həm də 70 illik sovet ideologiyasına qarşı açıq etiraz idi. Hadisələr xalqımızın vahid millət kimi varlığını dünyaya nümayiş etdirdi.

Bu tarixi qərarın qəbul edilməsindən keçən illər ərzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü milyonlarla azərbaycanlının milli birlik günü kimi qeyd edilir. Bu gün xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, Azərbaycan diasporunun güclənməsi və ölkəmizin dünyada haqq səsinin ucaldılması üçün əhəmiyyətli platformaya çevrilmişdir. Diaspor təşkilatlarının mütəşəkkil fəaliyyəti, Azərbaycanın mədəni irsinin təbliği və tarixi həqiqətlərin beynəlxalq arenada tanıdılması kimi mühüm məsələlər bu tarixin qoyduğu ideallar üzərində qurulmuşdur. Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarını bir araya gətirən ideoloji baza yaratdı. 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı bu istiqamətdə tarixi addım oldu. Qurultayda Heydər Əliyevin söylədiyi "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı bu gün də xalqımızın həmrəylik ideyasının rəmzidir. 2002-ci ildə yaradılan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (Diasporla İş üzrə Dövlət Komitəsi) xaricdə yaşayan azərbaycanlıların milli birliyinin möhkəmləndirilməsində böyük rol oynadı.

Bu gün Prezident İlham Əliyev Dahi Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Prezidentin "Azərbaycan diasporu böyük iqtisadi, mədəni və intellektual potensiala malikdir" fikirləri xüsusilə Vətən müharibəsi dövründə təsdiqini tapdı. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük savaşda tarixi ədaləti bərpa etdi. Xaricdə yaşayan azərbaycanlılar da bu müqqədəs mübarizəyə informasiya cəbhəsində qoşularaq haqq səsimizi dünya ictimaiyyətinə çatdırdılar. Diasporla İş üzrə Dövlət Komitəsinin koordinasiyası ilə mütəşəkkil şəkildə beynəlxalq təşkilatlara, xarici parlamentlərə və KİV-lərə minlərlə məktub göndərildi.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü həm də xalqımızın milli ruhunun, vətənə bağlılığının və milli birliyinin rəmzidir. Hər il dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız bu günü qeyd etməklə öz mədəni kimliyinə, mənəvi dəyərlərinə və tarixi köklərinə sahib çıxır. 31 dekabr, eyni zamanda, Azərbaycan dövlətinin siyasi iradəsini və dünya azərbaycanlılarının bir araya gəlmək əzmini gücləndirən mühüm amildir.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi addımı ilə tarixi hadisə kimi qəbul edilən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının milli birliyinin simvolu, tarixə yazılmış şərəfli səhifədir. Bu tarix bir daha sübut edir ki, Azərbaycan xalqının milli iradəsi və birlik ruhu əbədidir və heç bir güc bu birliyi sarsıda bilməz.

Əli Həsənov,

YAP Göygöl rayon təşkilatı üzrə 5 nömrəli ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər