"Ərazilərin minalardan və partlamamış silah sursatlarından təmizlənməsi həm əhalinin geri köçürülməsi, həm də yenidənqurma və bərpa işlərinin sürətlənməsi baxımından olduqca vacibdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Kənan Novruzov deyib.Onun sözlərinə görə, əsas çətinliklər isə relyeflə və eyni zamanda ermənilərin geniş şəkildə tələ minalardan istifadə etməsi ilə bağlıdır: "Təəssüf ki, mütəmadi olaraq mülki şəxslərin minaya düşməsi halları baş verir.Mina mütəxəssislərinin də qeyd etdiyi kimi, bəzən qapının tutacağına, ağaclara və ya uşaq oyuncaqlarına belə mina yerləşdirilir. Bu da təhlükəni daha da artırır. Hazırda ərazilər xüsusi nişanlarla işarələnib və əhalidən də xahiş olunur ki, təhlükəsizlik qaydalarına əməl etsinlər. Çünki istənilən məsuliyyətsiz davranış və ya göstərişlərə əməl etməmək ağır nəticələrə səbəb ola bilər. Ən vacib məsələlərdən biri isə Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməsidir.Mənim fikrimcə, bu xəritələr bəlkə də Ermənistanın özündə belə yoxdur. Əgər varsa, mütləq şəkildə Azərbaycana verilməlidir. Bu xəritələr ya Ermənistanın, ya da Rusiyanın əlində ola bilər. Bu xəritələrin Azərbaycana təqdim olunması həm mina təmizləmə prosesini sürətləndirər, həm də insan itkisini azaldar. Eyni zamanda bu, Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşması üçün də mühüm bir addım olar".
Müəllif: Günel Fərzəliyeva