Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 il ərzində Azərbaycan bütün sahələrdə böyük uğurlar qazanmışdır. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, beynəlxalq arenada mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmişdir.
Dövlət başçısının iqtisadi sahədə həyata keçirdiyi islahatlar Azərbaycanın davamlı inkişafını təmin etmişdir. Neft strategiyası çərçivəsində ölkəmizin enerji resurslarının səmərəli idarə olunması və bu sahədə qlobal əməkdaşlıq əlaqələrinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi qlobal enerji layihələri Azərbaycanın iqtisadi potensialını artırmaqla yanaşı, onu Avrasiyanın enerji təhlükəsizliyində vacib tərəfdaşa çevirmişdir.
Bununla yanaşı, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilmişdir. Kənd təsərrüfatı, sənaye, turizm və innovasiya texnologiyaları sahəsində aparılan islahatlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə şərait yaratmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində ölkənin hər bir guşəsində abadlıq və inkişaf müşahidə olunur.
Ötən dövrdə Azərbaycanın hərbi qüdrəti əhəmiyyətli dərəcədə artırılmışdır. Ordu quruculuğuna ayrılan diqqət və müasir texnologiyalarla təchizat Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclü ordusuna çevrilməsini təmin etmişdir. 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında əldə olunan tarixi zəfərlər Prezident İlham Əliyevin müdrik siyasətinin və xalqımızın birliyinin ən mühüm göstəricisidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam təmin etmişdir.
Cənab İlham Əliyevin balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırmışdır. Azərbaycan BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda fəal iştirak edir. Xüsusilə, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın təşəbbüsləri qlobal problemlərin həllinə töhfə vermişdir.
Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29 tədbiri Prezident İlham Əliyevin beynəlxalq sahədəki liderliyinin daha bir göstəricisidir. İqlim dəyişikliyi mövzusunda qlobal səviyyədə keçirilən bu əhəmiyyətli konfrans Azərbaycanın qlobal problemlərin həllində fəal iştirak etdiyini nümayiş etdirmişdir. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə COP29-da davamlı inkişaf və enerji təhlükəsizliyi məsələləri üzrə müzakirələr genişləndirilmiş, Azərbaycanın yaşıl enerji potensialı dünya ictimaiyyətinə təqdim olunmuşdur. Dövlətimizin yaşıl enerji layihələrinə olan marağı və bu sahədəki strateji hədəfləri tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur bölgələrində “yaşıl enerji” zonalarının yaradılması təşəbbüsləri COP29-un əsas müzakirə mövzularından biri olmuşdur. Bu möhtəşəm tədbir Azərbaycanın qlobal iqlim məsələlərində lider dövlətlərdən birinə çevrilməsinə mühüm töhfə vermişdir.
Azərbaycan Prezidenti uğurlu fəaliyyəti dövründə beynəlxalq müstəvidə Qarabağ həqiqətlərinin tanıdılması, dövlətimizin mövqeyinin dəstəklənməsi üçün ardıcıl və qətiyyətli addımlar atmışdır. Onun rəhbərliyi ilə Azərbaycanın haqlı mövqeyi bir çox dövlət və təşkilat tərəfindən tanınmış və dəstəklənmişdir.
Ölkəmizdə həyata keçirilən sosial siyasət Azərbaycan xalqının rifahını artırmağa yönəlmişdir. Həmçinin, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində reallaşdırılan layihələr əhalinin həyat səviyyəsinin yüksəlməsinə töhfə vermişdir. Xüsusilə, şəhid ailələri və müharibə veteranlarına göstərilən diqqət və qayğı xalqa xidmətin bariz nümunəsidir.
Cənab İlham Əliyev həm də Yeni Azərbaycan Partiyasının (YAP) Sədri kimi böyük uğurlara imza atmışdır. Onun rəhbərliyi ilə bu partiya regionun ən güclü siyasi qüvvəsinə çevrilmişdir. YAP-ın əsas prinsiplərinə uyğun olaraq dövlətçilik, milli maraqların qorunması və xalqın rifahı prioritet məsələlər kimi ön plana çıxarılmışdır. YAP-ın təşəbbüsü ilə həyata keçirilən layihələr cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyini qazanmışdır. Partiya, həmçinin beynəlxalq səviyyədə də fəallığını artıraraq digər ölkələrin siyasi təşkilatları ilə əməkdaşlıq əlaqələrini genişləndirmişdir.
Azərbaycan dövləti həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük nailiyyətlər əldə etmişdir. Tarixi zəfərlər və iqtisadi uğurlar Azərbaycanın gələcək nəsilləri üçün möhkəm təməl yaradır.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri