Yanvar ayının 24-də Biləsuvar şəhərində Vətən müharibəsi şəhidi Əlizadə Şahmurad Hilal oğlunun doğum günü ilə əlaqədar ata ocağı ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, RİH Başcısı aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətlərindən və şücaətindən bəhs edərək yaxınlarına baş sağlığı vermişlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş Əlizadə Şahmurad Hilal oğlu 24 yanvar 1991-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbində təhsil almış və 2009-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Xidmətini başa vurduqdan sonra peşə məktəbində təhsil almış, daha sonra isə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində gizirlik kursunu bitirmişdir. 2012-ci ildən ordu sıralarında gizir hərbi rütbəsində xidmətə başlamışdır. 14 aprel 2015-ci ildə Ağdam istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində qəhrəmancasına şəhid olmuşdur. 15 aprel 2015-ci ildə Biləsuvar şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqləndiyinə görə” III dərəcəli medalı ilə təltif edilmişdir. Ölümündən sonra adı əbədiləşdirilərək yaşadığı küçəyə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!